AZ

Alimlər Nikola Teslanın ixtira etdiyi klapanın iş prinsipini aydınlaşdırıblar

 

d5da6f9b3d54f399b020d83853ee908e.jpg
18.05.2021 15:57

ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, Nikola Teslanın 1916-cı ildə ixtira etdiyi əks klapan maye daxilindəki axına turbulentliyin xüsusi təsiri səbəbindən suyu yalnız bir istiqamətdə məhdudiyyətsiz uzun müddət buraxmağa qadirdir. Bu klapanın iş prinsiplərinın müəyyən olunması onun əsasında pompa hazırlanmasına kömək edəcək.

 

TED.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Nyu-York Universitetinin mətbuat xidməti məlumat yayıb. Universitetin dosenti Leyf Ristofun sözlərinə görə, yüz ili tamam olmuş bu ixtiranın necə işlədiyini tədqiqatçıların indiyədək tam şəkildə anlamadıqları və bu səbəbdən də onu elmin və texnikanın hansı sahələrində tətbiq etməyin mümkünlüyünü bilmədikləri son dərəcə təəccüblüdür. Teslanı çox vaxt elektrik aləminin sehrbazı hesab edirlər. Lakin onun maye axınlarının idarə edilməsi ilə bağlı elmi işləri də önəmlidir.

 

“Tesla klapanı” içərisində çoxsaylı “qolu” və yan keçidləri olan qeyri-adi formaya malik (içi yolkaya bənzəyir) borudur. Belə quruluş sayəsində su onun içində çoxsaylı “döngə” və “ada”lardan keçir. 1916-cı ildə Teslanın aşkar etdiyi kimi, bu cür struktur suyu yalnız bir istiqamətdə axmağa yönəldir. Digər əks klapan növlərindən fərqli olaraq, belə quruluş yaydan, porşendən və digər mexaniki komponentlərdən istifadə olunmasını tələb etmir. Bunun nəticəsində məhdudiyyətsiz uzun müddət işləyə bilər, onun konstruksiyası üçün isə böyük cəhd göstərmək lazım deyil. Bu səbəbdən də “Tesla klapanları” hazırda mikronasosların və maye axınları ilə idarə olunan digər miniatür qurğuların yaradılmasında istifadə olunur.

 

Leyf Ristof qeyd edir ki, bu qurğunun dəqiq prinsipləri son dövrlərə qədər fiziklər və riyaziyyatçılar üçün müəmmalı olaraq qalmışdı. Nyu-Yorkdan fiziklər və riyaziyyatçılar onun iş mexanizmini açıblar. Onlar laboratoriyada bənzər klapanın surətini yaradıblar və onun içindən suyun müxtəlif sürətlərdə, təzyiqlərdə və axının digər parametrlərində necə hərəkət etdiyini izləyiblər.

 

Bu təcrübələr, habelə sonrakı nəzəri hesablamalar göstərdi ki, “Tesla klapanı” özünü, vəziyyəti mayenin daxilində turbulentliyin səviyyəsinin nə dərəcədə yüksək olmasından asılı olan özünəməxsus dövrədəyişən kimi aparır. Maye kifayət qədər asta və nizamlı axanda Teslanın ixtirası onu hər iki tərəfə buraxaraq, mayenin hərəkətinə mane olmur. Leyf Ristof və onun həmkarları aşkar ediblər ki, əgər elə bu göstərici müəyyən kritik məqama yüksələrsə, klapan suyu əks tərəfə buraxmayacaq, yəni turbulentliyin yüksək səviyyəsi Tesla ixtirasının yan kanallarında suyun hərəkətinə mane olur.

 

Leyf Ristofun sözlərinə görə, müşahidələr göstərdi ki, klapanın daxilində turbulentlik istənilən formalı normal trubalardan əhəmiyyətli dərəcədə tez meydana gəlir. Bu fenomen maye axınlarının hərəkətini çox çevik idarə etməyə imkan yaradır.

 

Alimlər Tesla ixtirasının bu xüsusiyyətindən avtomobil mühərriklərinin və sənaye qurğularının doğurduğu vibrasiyalardan istifadə edə bilən müxtəlif pompaların yaradılmasında, yanacaq, soyuducu maye, digər qaz və mayeləri çəkən nasosların hazırlanmasında istifadə etməyi təklif edirlər. Bu, onların konstruksiyasını xeyli sadələşdirəcək, iş müddətini artıracaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox