AZ

“Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsinin açılış tədbiri keçirilib

 

6083a3274cb74da48c0e19ccef2e9a2e.png
11.06.2021 16:38

İyunun 11-də Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsinin açılış tədbiri keçirilib.

 

TED.az xəbər verir ki, layihənin məqsədi regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirmək əsas istiqamətlərdəndir.

 

Layihə, ilk növbədə, regionlarda texnoloji startaplar üçün əlverişli şəraitin yaradılması, texnoloji startapların inkişafına dəstək üçün real işlək və institusional mexanizmlərin hazırlanması və gücləndirilməsi, məlumatlandırma və maarifləndirmə işlərinin aparılması kimi 3 komponentdən ibarətdir.

 

Tədbirdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kendis Makdeyqan, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və Azərbaycan Texnologiya Universitetinin prorektoru Vüqar İsmayılov iştirak ediblər.

 

Ceyhun Salmanov Agentliyin fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Həmçinin adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

 

Asiya İnkişaf Bankının missiya rəhbəri Kendis Makdeyqan jurnalistlərə açıqlamasında bildirib ki, Gəncə şəhəri və gənclərlə görüş onda müsbət təəssüratlar yaradıb: “Burada universitetlərdə tələbələrlə görüşdük. Onların bu qədər enerjili və yeniliklərə həvəsli olmağı çox xoşuma gəldi. Bir çox ideyaları var və inanıram ki, bu ideyalar gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına töhfələr verəcək”.

 

Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti arasında “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Memorandumu imzalamış universitetlər, həmçinin bu istiqamətdə İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi ilə də əməkdaşlığa başlayıb. Bununla da müvafiq layihə ilə əməkdaşlıq memorandumu imzalamış və prosesə qoşulmuş universitetlərin sayı 7-yə çatıb.

 

Tədbir çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin innovasiya ekosistemi ilə tanışlıq da olub.

 

Xatırladaq ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox