AZ

Bakı metrosunda təbii havalandırmanın modernləşdirilməsi davamlı aparılır

 

ac6d806290c4de7464302e90abf83238.jpg
29.07.2021 14:57

Bakı Metropolitenində təbii havalandırmanın modernləşdirilməsi davamlı aparılır.

 

TED.az xəbər verir ki, metropolitendə xidmətin keyfiyyət səviyyəsinin göstəricisi olan amillər arasında mikroiqlim şəraitinin vəziyyəti əhəmiyyətli yer tutur. Onun dövrün tələbinə uyğun qurulması isə vacibdir. Çünki metropolitendən istifadə edən sərnişinlərin sayı son onilliklərdə əsaslı şəkildə artıb. Həmçinin müasir texnologiyaların tətbiqi ilə hərəkətin intensivləşdirilməsi xətlərdə qatarların, eləcə də tunel və stansiya avadanlıqlarının artmasına səbəb olub. Nəticədə, bütün bunlardan ayrılan istiliyin miqdarı xeyli artıb və bununla metroda havalandırma sisteminin yeni tələblərə uyğunlaşdırılması zərurəti yaranıb.

 

Son illərdə Bakı Metropolitenində ventilyasiya sahəsində yeniliklərin tətbiqi sürətləndirilərək yeni keyfiyyət səviyyəsinə çatdırılıb. Bu istiqamətdə mühüm addımlardan biri köhnə avadanlıqların yenilənməsidirsə, digəri ventilyasiya şaxtalarında təbii havalandırma sistemlərinin müasir analoqları ilə əvəzlənməsi və tamamilə yeni əsaslarla qurulmasıdır.

 

2019-cu ildə tunel və stansiyaların təbii havalandırılmasında daha bir yeni layihəyə başlanılıb. Əvvəlcə dünyanın aparıcı şirkətlərinin məhsullarının Bakı Metropolitenində tətbiqi imkanları, onların keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Axtarışların yekunu olaraq, stansiya və tunellərdə təbii havalandırmanın keyfiyyətinin artırılması məqsədilə bu sahədə dünyanın aparıcı istehsalçılarından olan Avstriyanın “Sirocco” şirkətinin avtomatik idarəedilmə sistemləri ilə proqramlaşdırılan dampferlərinin quraşdırılması qərara alınıb. Bakı Metropoliteni üçün yeni dampferlərin həm iqtisadi, həm də keyfiyyət baxımından ən münasib olanları seçilib.

 

Hazırda 84-ü “Bənövşəyi xətdə” olmaqla ventilyasiya şaxtalarında quraşdırılmış 93 belə dampfer həm məcburi, həm də təbii hava axınının istiqamətini optimallaşdırır. Ən vacib məsələ bu sistemlərin Qırmızı və Yaşıl xətlərdə tətbiqidir. Şaxtalarda ilk dampferlərin quraşdırılmasına 2020-ci ildən başlanılıb. Artıq “Memar Əcəmi”, “20 Yanvar”, “Nizami”, “Ulduz”, “Qara Qarayev”, “Həzi Aslanov” stansiyaları və “Nərimanov- Koroğlu” sahəsində cəmi 9 dampfer quraşdırılıb.

 

Qeyd edək ki, təbii və süni havalandırmanın məqsədində və funksional mahiyyətində heç bir fərq yoxdur. Hər iki halda təbii hava kütləsi yer üzərindən tunellərə daxil olur. Adından göründüyü kimi, təbii havalandırma havanın öz axarı ilə tunellərə istiqamətləndirilməsidir. Daha sonra həm təbii axın, həm də qatarların hərəkəti sayəsində hava kütləsinin yayılaraq effektli təsiri təmin edilir.

 

Metropoliten üçün elektrik enerjisinə qənaət, müəyyən edilmiş qrafikə uyğun olaraq, güclü ventilyatorların daha səmərəli iş rejiminin təmin edilməsi baxımından təbii havalandırmanın böyük rolu var.

TED + bölməsindən digər xəbərlər

Daha çox