AZ

Rəqəmsal transformasiya dövrünə necə gəlib çatdıq?

 

eae7ed12e53e6185ac12f41458c12302.jpg
05.12.2021 15:26

Bu gün həyatımızı rabitəsiz təsəvvür etmək mümkün deyil. Çünki günü-gündən müasirləşən dünyamızda hər sahədə rabitə aparıcı rol oynayır. Yaşadığımız rəqəmsal transformasiya dövrünün də rabitə tariximizdən başlandığını söyləyə bilərik. Sözsüz ki, ta qədimlərdən müxtəlif rabitə vasitələrindən istifadə etmişik. Ölkəmizdə qurulan ilk telefon rabitə xətti isə Azərbaycan rabitəsinin rəsmi yaşını tərənnüm edir. 

 

140 il əvvəl nə baş verdi?


Dünya elminə "Nobel mükafatı"nı bəxş edən Nobel qardaşları 1881-ci ilin yanvar ayında “Nobel qardaşları cəmiyyəti” adından telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoruna müraciət edib və icazə alıb. Noyabrın 23-ü, indiki təqvimlə dekabrın 6-sı Nobel qardaşlarının baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Düz 125 ildən sonra isə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 6 dekabr tarixi Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başlanıb. 


Addım-addım 70-ci illərə doğru 


Çar imperiyasının süqutuna qədər artıq 4-ü Abşeronda və 1-i Gəncədə olmaqla Azərbaycanda 5 telefon stansiyası inşa edilib.

 

Azərbaycan Demokratik Respublikası dövründə isə sahə üzrə ilk nazirlik yaradılıb, Xudadat bəy Məlikaslanov dəmiryol, poçt və teleqraf naziri təyin olunub.

 

Böyük Vətən Müharibəsinə qədər isə iri şəhərlərlə rayon mərkəzləri arasında telefon rabitəsi yaradılıb, əllə idarə olunan stansiyalar Avtomatlaşdırılmış Telefon Stansiyaları ilə əvəz edilib, bəzi kəndlərə telefon xətləri çəkilib. Rabitə işçilərinin müharibədə iştirakı, elə müharibənin bütövlükdə özü digər sahələr kimi rabitənin də sistemli inkişafına maneələr yaradıb. 


Ümummilli lider Heydər Əliyev və Azərbaycan rabitəsi


Azərbaycanın inkişaf tarixinin son 50 ilinə nəzər salsaq görərik ki, Azərbaycanda telekommunikasiya və informasiya texnologiyaları sektorunun inkişafının geniş vüsət alması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet İttifaqının tərkibində olarkən Azərbaycanın inkişaf perspektivlərinin elmtutumlu sahələrin genişləndirilməsi ilə birbaşa bağlı olduğunu görən Heydər Əliyev artıq ötən əsrin 70-ci illərində bu sahəyə diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoymuşdur.

 

Bu gün Azərbaycan Respublikasında İKT sahəsindəki fəaliyyət ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. Onun 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” bu istiqamətin ölkəmiz üçün vacibliyini və əhəmiyyətini vurğulayan ilk rəsmi sənəddir. Cənubi Qafqazda ilk olaraq qəbul olunan bu sənəd Azərbaycanın İKT sahəsinə diqqətini bütün dünyaya bəyan etdi.


Layiqli davamçı - uzaqgörən siyasət - rəqəmsal cəmiyyət


2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başladı. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə “Qara qızılı insan qızılına çevirək” tezisini səsləndirməklə cənab Prezident ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi. 

 

Bu islahatlar sırasında və sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yaradıldı. Bu qərar hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından ciddi addım oldu. 

 

Cənab Prezident daha sonra Milli Strategiyadan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nı (Elektron Azərbaycan)” təsdiq etdi. Dövlət Proqramında informasiya cəmiyyəti quruculuğunun birinci mərhələsində rabitə və informasiya texnologiyaları sahəsində islahatlar aparılması, sahə üzrə normativ-hüquqi bazanın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiqi ilə müasir tələblərə cavab verən informasiya-kommunikasiya infrastrukturunun formalaşdırılması və elektron xidmətlərin təqdim olunması, həmçinin təhsil, səhiyyə, elm, mədəniyyət və digər sahələrdə də İKT-nin geniş tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi geniş əks olundu.

 

İKT-nin inkişafı və hərtərəfli tətbiqi Azərbaycan Respublikasının iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

 

Bu istiqamətdə ilk növbədə sahə üzrə normativ-hüquqi bazanın yaradılmasına diqqət yetirildi. “Elektron imza və elektron sənəd haqqında”, “Elektron ticarət haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Telekommunikasiya haqqında”, “Poçt rabitəsi haqqında”qanunlar və “Azərbaycan Respublikasında telekommunikasiya sahəsinə dair siyasət planı” qəbul edildi.

 

Azərbaycanda İKT-nin inkişaf dinamikası, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri və ən əsası İKT sahəsinə göstərilən böyük diqqət və qayğı, ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verirdi. 


Uçur göylərdə bizim peykimiz


İllər öncə kosmik sənaye sahəsində mütəxəssislərimiz yox səviyyəsində idi. Bu gün isə qürurla deyə bilirik ki, Azərbaycan dünya kosmik klubunun üzvüdür. 2010-cu ildə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamıyla təsis olunan “Azərkosmos”un operatorluğu ilə “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri orbitdə həm kommersiya, həm də digər milli maraqlarımız üçün bizə xidmət edir. Demək ki, müstəqil Azərbaycan dövləti bu gün öz inkişafının məzmun və keyfiyyətcə daha yüksək mərhələsinə qədəm qoyub.


Müasir iqtisadiyyat rəqəmsal inkişafa söykənir


Müasir dünyanın innovasiyalar və rəqəmsallaşma kimi yeni çağırışlarına uzlaşmaq lazımdır. Hazırda ölkələrin gücü və qüdrəti onların məhz innovativlik səviyyəsi ilə ölçülür desək yanılmarıq. Artıq ölkələr təbii resurslardan asılı olan iqtisadiyyatlarını innovasiyalara əsaslanan iqtisadiyyatla əvəzləmək üçün yarışırlar. Mövcud tendensiyalar gələcəyin mənzərəsini təsvir edir.


Gələcəkdəki yerimiz bugünkü addımlarımızdan asılıdır


Ölkəmizdə innovativ cəmiyyətin qurulması ilə bağlı Cənab Prezidentin verdiyi qərar və tapşırıqlar bir vətəndaş olaraq xoş bir gələcəyə sahib olmağımız üçün hesablanıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qarşıdakı 10 ilin vizyonu aydın şəkildə ifadə olunur. Bu prioritetləri reallığa çevirmək üçün bizə fundamental baza əsasında quracağımız dayanıqlı və sistemli bir ekosistem lazımdır. Bir çox ekspertlər haqlı olaraq innovasiyaların inkişafını elmi tədqiqat və texniki konstruktor əsaslı işlərinin paralel inkişafı ilə düz mütənasibliyini söyləyirlər. Hələ ki, ölkəmizdə ürəkaçmayan bu göstəricinin yaxşılaşması üçün ciddi addımlara böyük ehtiyac var. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin "UNEC İqtisadi Forumu"nda səsləndirdiyi "elm-təhsil üçün vəsaitin bir neçə dəfə artırılması müzakirə olunur" fikri problemin həllinə ümidləri artırır. 


Rəqəmsal transformasiya olmadan rəqəmsal inkişaf olmaz


Rəqəmsal inkişafa nail olmaq üçün daha bir xüsusi amil rəqəmsal transformasiyadır. Vətəndaşların həyat şəraitini müasir standartlara uyğun şəkildə təmin etmək üçün rəqəmsal transformasiya vacib amildir. Rəqəmsal transformasiyanın əsasını rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət təşkil edir. Bunlara nail olmaq üçün bütün qurumlar birgə çalışmalı, bu proseslərin idarə edilməsi, əlaqələndirilməsi və tənzimlənməsi təmin edilməlidir. Cənab Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci tarixli fərmanları ilə NRYTN ləğv olunaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, o cümlədən tərkibində - biri İKT-nin tənzimlənməsi, digəri isə rəqəmsal transformasiya və innovasiyalar üzrə olmaqla iki agentlik yaradıldı. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkəmizdə İKT və rabitə sahəsində sertifikatlaşdırma, uçot, tənzimləmə və nəzarət (o cümlədən keyfiyyətə nəzarət), eləcə də telekommunikasiya operatorları arasında qarşılıqlı əlaqənin tənzimlənməsi və radio spektrinin idarə edilməsini həyata keçirəcək. Rəqəmsal İnkişaf və İnnovasiya Agentliyi isə rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkilini, əlaqələndirilməsini, həyata keçirilməsini, o cümlədən nəzarət və tənzimləməni, startap ekosisteminin daha da möhkəmlənməsini təmin edəcək. 
Belə bir tənzimləyici qurumların olması inanırıq ki, rəqəmsal transformasiyanı sürətləndirəcək, qeyd olunan sahələrdə keyfiyyətin artırılması, innovativlik, investisiya cəlbediciliyi və istehlakçıların maraqlarının qorunması təmin ediləcək. 


Rəqəmsal transformasiyanı nələr şərtləndirir?


Əgər söhbət rəqəmsal transformasiyadan gedirsə, bunu şərtləndirən addımların elə də sadə olmadığı məlumdur. Bu şərtlərdən biri tənzimləyici qurumlar idisə, onların fəaliyyətinin uğuru rəqəmsal transformasiya konsepsiyasının hazırlanması, müasir İT infrastrukturun təmin edilməsi, ixtisaslı insan resusları, kibertəhlükəsizlik, eləcə də ölkədə sabit rabitə və yüksəksürətli, əlçatan internet xidmətlərindən asılı olacaq. Konsepsiya cəmiyyətin rəqəmsallaşmasını bütünlüklə ehtiva etməlidir ki, transformasiya zənciri hardasa qırılmasın. Müasir İT infrastrukturun yaradılması isə transformasiyanın sürətli həyata keçirilməsi üçün vacibdir. 2024-cü ilin sonunadək ölkə ərazisindəki bütün ev təsərrüfatlarının internet ilə təmin edilməsi və internetin orta sürətinin minimum 25 Mbit/s çatdırılması hədəfi əlçatan internet xidmətlərini təmin etməlidir. Çox təəssüf ki, ölkədə rəqəmsal transformasiyanı şərtləndirən xüsusi amillərdən biri - ixtisaslı insan resursu üzrə də ciddi mütəxəssis çatışmazlığı var. Mütəxəssislərimiz olmasa ən müasir avadanlıqlar, böyük investisiyalar belə uğur qazanmağımızı təmin etməyəcək. 


"Kosmosdan regionlara da baxmalıyıq"


İnkişaf bütün cəmiyyəti əhatə etməlidir. Düzdür, internet kimi bir çox müasir alətlər bəzi məqamlarda sərhəd anlayışının üstündən xətt çəkir. Amma məhz internet xidmətlərinin regionlarda keyfiyyətli əlçatanlığı vacib amildir. Unutmaq olmaz ki, əhali yalnız müasir internet texnologiyalarından istifadə etməklə rəqəmsal bilik, bacarıq və vərdişlərə yiyələnə bilər. Bundan başqa, bir regionda və ya paytaxtda uğurla həyata keçirilən pilot layihələr digər regionlarda da tətbiq olunmaqla davamlılığı təmin edilməlidir. Misal üçün RİNN-nin Şamaxı İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi "Elektron müraciət sistemi", həmçinin "İctimai nəqliyyatda nağdsız ödəniş sistemi" buna misaldır. 


Bizi nə gözləyir?


Daha güclü və müzəffər bir dövlətimiz var. Ölkəmiz bütün regionun inkişafına xidmət edən layihələrin təşəbbüskarıdır. Azərbaycanın qələbəsi regiona yeni əməkdaşlıq formatları gətirib. Bütün bunlar Azərbaycan tarixində yeni bir səhifə açıb. Ölkəmiz dünyada texnoloji-innovativ yeniliklərə və reallıqlara uyğunlaşmaq, onlarla ayaqlaşmaq potensialını gücləndirmək istiqamətində inkişaf etməkdədir. Bu proseslərin hər biri rəqəmsal inkişafa istiqamət alıb və vətəndaşın rifah halının yaxşılaşdırılmasına yönəlib. 

 

Rəşad CƏFƏROV

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox