AZ

Məktəblilər Müdafiə Sənayesi Nazirliyində olublar

4cd58c7fc2bcae7c17deb9908a5e2c8c.jpg
18.01.2022 17:57

Prezident İlham Əliyevin yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda böyüdülməsi fikrini əsas tutaraq Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Təhsil Nazirliyinin birlikdə həyata keçirdiyi tədbir çərçivəsində Bakı şəhərinin Yasamal rayon ərazisindəki məktəblərdən şagird və müəllim heyəti yanvarın 18-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) binasını ziyarət ediblər.

 

MSN-dən TED.az-a bildiriblər ki, şagirdlərə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin salamları çatdırılıb.

 

əvvəlcə Müdafiə Sənayesi Nazirliyinin Vətən müharibəsində şəhid olmuş əməkdaşlarının xatirəsinin əbədiləşdirilməsinə həsr edilmiş Şəhidlər Memorial Abidə Kompleksi ilə tanış olublar. Nazirliyin Vətən müharibəsində 72 əməkdaşının böyük şücaət göstərdiyi, onlardan Ağaəmi Heybətov, Nurlan Zeynalov və Nicat Hüseynovun torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəldikləri, yeddi əməkdaşın isə yaralanaraq qazi olduğu şagirdlərin diqqətinə çatdırılıb.

 

Akt zalında davam etdirilən tədbirdə MSN-in əməkdaşı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev keçdiyi döyüş yolu barədə şagirdlərə məlumat verib, Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Nazirliyin əməkdaşı Nadir Əliyev də çıxış edərək Vətən müharibəsi zamanı MSN-in əməkdaşlarının fasiləsiz çalışaraq Ordumuzu döyüş texnikası və silah-sursatla təmin etdikləri barədə məlumat verib. Eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti, istehsal olunan silah-sursat və texnikalarla bağlı şagirdləri məlumatlandırıb və sualları cavablandırıb. Sonra Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunmuş “Salam silah” filmi izlənilib.

 

Sonda Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müharibə iştirakçılarının göstərdikləri qəhrəmanlıqları əbədiləşdirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış “Tarix yazan qəhrəmanlar” kitabı şagirdlərə hədiyyə edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox