AZ

Dubayda təşkil ediləcək “Airport Show 2022”də rəqəmsal aeroport texnologiyaları təqdim olunacaq

9405d79a290c47b9bce5004c297a90bb.jpg
19.01.2022 20:40

Mayın 17-19-da Dubayda təşkil ediləcək “Airport Show 2022” sərgisində innovativ rəqəmsal texnologiyalar nümayiş olunacaq.

 

TED.az rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, Dubaydakı Dünya Ticarət Mərkəzində keçiriləcək sərgidə 2040-cı ilədək aeroportların rəqəmsal texnologiyalara keçid üzrə B2B platforması çərçivəsində yeni avadanlıqlar təqdim olunacaq. Bu platformanın əsas məqsədi sərnişinlərə xidmətin, o cümlədən biletlərin və biometrik pasportların yoxlanılması prosesinin hava limanı personalının iştirakı olmadan həyata keçirilməsidir. Sərnişinlərin sayının getdikcə artdığı bir şəraitdə onların baqajının idarə olunması əməliyyatlarını da xüsusi robotlar həyata keçirəcək.

 

Hava limanları rəqəmsal növbə və biometrik nəzarət probleminin həlli istiqamətində hər il gəlirlərinin altı faizini informasiya texnologiyalarına sərf etməyi planlaşdırır. Son statistik məlumatlara görə, 2037-ci ildə hava nəqliyyatından 8,2 milyard, 2040-cı ilə qədər isə 20,9 milyard sərnişin istifadə edəcək.

 

Belə olan halda, rəqəmsal aeroportlar proqramı daha aktual olacaq.

 

Bundan başqa, COVID-19 pandemiyası təmassız səyahət problemini də ortaya çıxarıb. Belə ki, 1953-dən çox hava limanında fəaliyyət göstərən Beynəlxalq Hava Limanları Şurasının (ACI World) innovasiya və texnologiya direktoru Billi Şallovun sözlərinə görə, texnologiya və innovativ həllər pandemiyaya qarşı tədbirləri xeyli dərəcədə effektiv edib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) apardığı qlobal sorğu göstərib ki, sərnişinlər rəqəmsal aeroport proqramına böyük əhəmiyyət verirlər. Proqrama əsasən, 2023-cü ilə qədər təkcə hava limanlarının təhlükəsizlik sistemlərinə illik xərclərin həcmi 12,67 milyard ABŞ dollarından çox olacaq. Cari ildə isə qlobal hava limanı texnologiyaları bazarının artım tempi 5 faiz artacaq. “Frost & Sullivan” konsaltinq şirkətinin məlumatında bildirilir ki, 2023-cü ilə qədər hava limanlarında informasiya texnologiya xərcləri 4,63 milyard ABŞ dollarına çatacaq, həmçinin 2025-ci ilədək “ağıllı hava limanları” bazarına 6,4 milyard ABŞ dolları sərmayə qoyulacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox