AZ

Məktəblilər arasında keçirilən “3D Bacarıqlar” və “Labirint robot” müsabiqələri başa çatıb

 

a704484a4943511bbbac99eceff36fab.jpg
13.04.2022 16:57

Muxtar respublikada şagirdlərin 3D çap texnologiyasından istifadə bacarıqlarını təkmilləşdirmək, alqoritm vasitəsilə kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilən “3D Bacarıqlar” və “Labirint robot” müsabiqələrində şəhər və rayon məktəblərinin VI-XI sinifləri üzrə 102 komanda olmaqla, ümumilikdə, 200-dən çox şagird iştirak edib.

 

TED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamının icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulur, bu günədək 106 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb. Həmin kabinələrin imkanlarından istifadə olunaraq şagirdlərin müxtəlif STEAM layihələri əsasında iyun ayında keçiriləcək “STEAM təhsil festivalı”na hazırlıq işləri görülür.

 

Qeyd olunub ki, ötən tədris ilində yerli və beynəlxalq təlimçilər tərəfindən ümumtəhsil məktəblərinin 325-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə STEAM metodologiyasına aid təlimlər keçirilib, STEAM təhsil metodunun tətbiqi üçün STEAM tədris proqramı və tədris vəsaitləri hazırlanıb. Artıq məktəblilər yaradılan imkanlardan səmərəli istifadə edərək muxtar respublika və ölkə səviyyəli yarışlarda öz layihələri ilə iştirak edir və uğurlu nəticələr qazanırlar. Hazırda VII sinif şagirdlərindən ibarət komandalar may ayında Bakı şəhərində təşkil olunacaq “Teknofest-2022” festivalında iştirak üçün hazırladıqları layihələrlə qeydiyyatdan keçiblər.

 

2021-2022-ci tədris ilində muxtar respublikada STEAM təhsil metodu ilə bağlı 5 müsabiqə keçirilib. Təhsil naziri keçirilən müsabiqələrin əhəmiyyətini yüksək qiymətləndirib, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

 

“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva diqqətə çatdırıb ki, təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə ali təhsil ocağında 2021-ci ilin oktyabr ayında Robotexnika və STEAM kabinəsi yaradılıb. Bununla yanaşı, STEAM təlimləri çərçivəsində universitetin Riyaziyyat və informatika kafedrasının iki əməkdaşı Ankarada fəaliyyət göstərən Orta Doğu Texniki Universitetinə təşkil olunan işgüzar səfərdə iştirak edib, sertifikata layiq görülüb. Həmçinin STEAM təhsilinin tədrisi məqsədilə peşəkar müəllimlər tərəfindən keçirilən təlimlərdə tələbələrin iştirakı üçün də hər cür şərait yaradılıb.

 

Sonra “3D Bacarıqlar” müsabiqəsi üzrə şagirdlərin komanda şəklində hazırladıqları layihələrə baxış olub.

 

Qeyd edək ki, müsabiqədə muxtar respublikanın ümumtəhsil müəssisələrindən “3D Bacarıqlar” üzrə 50, “Labirint robot” üzrə isə 52 komanda iştirak edib. “3D Bacarıqlar” üzrə 100 şagirdin 80 layihəsi, “Labirint robot” üzrə isə 52 şagirdin 60 labirint robotu nümayiş olunub.

 

Təqdimatlardan sonra “Labirint robot” müsabiqəsinə start verilib.

 

Yarışın nəticələrinə əsasən “3D Bacarıqlar” müsabiqəsində 1-ci yerə Culfa rayon Texniki Yaradıcılıq Mərkəzi, 2-ci yerə Ordubad Rayon Nüsnüs kənd tam orta məktəbi və Naxçıvan Şəhər 17 nömrəli tam orta məktəbi, 3-cü yerə isə Naxçıvan şəhər 12, 14 və 16 nömrəli tam orta məktəbləri layiq görülüblər. “Labirint robot” müsabiqəsində isə Şahbuz şəhər 1 nömrəli tam orta məktəb 1-ci yeri, Naxçıvan şəhər 12 nömrəli, Heydər Əliyev Uşaq-Yaradıcılıq Mərkəzi 2-ci yeri, Culfa şəhər 2 nömrəli, Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbi və Naxçıvan Qarnizonu tam orta məktəbi isə 3-cü yeri tutublar.

 

Sonda qalib komandalara diplom və medallar təqdim olunub.

Elm bölməsindən digər xəbərlər

Daha çox