AZ

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının yığıncağında Zəngəzur dəhlizinin əhəmiyyətindən danışılıb

 

04088b0131bc0e794bbd09a7f0e4e6d6.jpg
13.05.2022 11:20

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) ötən ilin yekunlarına dair Ümumi yığıncağı baş tutub. Tədbirdə çıxış edən İRU-nun prezidenti Radu Dinescu və qurumun baş katibi Umberto de Pretto pandemiya və onun uzunmüddətli təsirləri nəticəsində beynəlxalq avtomobil daşımalarında yaranan çətinliklərin həllində təşkilatın həyata keçirilən tədbirlərdən danışıblar.

 

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) TED.az-a bildirilib ki, yığıncaqda təchizat zəncirlərinin qırılması nəticəsində yükdaşımalarda ciddi problemlər müşahidə edildiyi bildirilib və bu məqsədlə tranzit keçidlərin və daşımaların daha rahat təşkili üçün “e-BYD”, “e-TİR”, “e-CMR” və sair intermodal daşımalar zəncirinin tətbiqi üzrə işlərin sürətləndirilməsinin vacibliyi qeyd olunub.

 

Vurğulanıb ki, regionda və dünyada cari reallıqlar baxımından yeni dəhlizlərin işlənməsi vacibdir. Bu baxımdan Hind okeanı hövzəsi ölkələrinin, eləcə də “Şərq-Qərb” marşrutu üzrə Azərbaycan üzərindən Avropaya çıxış daha rentabelli hesab edilib. Hazırda BYD kitabçasının tətbiqi ilə bu istiqamətdə daşımalarda artım müşahidə olunur.

 

Təşkilatın “avtomobil nəqliyyatının elektrikləşdirilməsi barədə”, “yaşıl nəqliyyat” qətnamələrinin qəbulu da müzakirə edilib. 2050-ci ilədək karbon dioksid (CO2) emissiyasının neytrallaşdırılması əsas hədəf kimi müəyyənləşdirilib.

 

Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) İdarə Heyətinin sədri Həbib Həsənov deyib ki, hazırda ölkəmiz region üçün nəqliyyat mübadilə mərkəzi rolunu oynayır. Zəngəzur dəhlizinin işə düşməsi ilə Azərbaycan Naxçıvan vasitəsilə Türkiyə ilə Orta Asiya isə Avropa ilə birləşəcək. Onun sözlərinə görə, bütövlükdə Zəngəzur dəhlizi Avrasiyanın mühüm hissəsinin yeni logistik və iqtisadi əsaslarda birləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Həbib Həsənov Zəngəzur dəhlizinin “Şərq-Qərb” nəqliyyat marşrutunun 3 əsas istiqamətindən birinin, orta xəttin ən vacib hissəsini təşkil etdiyini söyləyib.

 

ABADA-nın rəhbəri deyib ki, ölkə üzrə yük avtonəqliyyat vasitələrinin vahid bazası formalaşdırılıb. Daşıyıcıların assosiasiya ilə əlaqələrini genişləndirmək və çevikliyini təmin etmək məqsədilə ABADA-nın sosial media hesabları, qaynar xətt və SMS xidmətlərindən istifadə yenilənib, genişləndirilib.

 

ABADA rəhbəri yerli daşıyıcıların ekoloji təmiz nəqliyyat vasitələrinə marağını artırmaq üçün bir neçə sosial layihələrin icra edildiyini də bildirib. H.Həsənov ötən illərlə müqayisədə son bir ildə Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artımın müşahidə edildiyini, bu istiqamətdə assosiasiya olaraq daşıyıcı şirkət rəhbərləri ilə davamlı olaraq maarifləndirmə işinin aparıldığını deyib. Peşəkar sürücü kontingentinin formalaşdırılması üçün ABADA-nın il ərzində 300-ə yaxın sürücünü tədrisə cəlb etdiyi bildirilib.

 

Yığıncaqda Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) 2021-ci ilin yekunlarına dair hesabatı dinlənilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox