AZ

Ali təhsil müəssisələrinə subbakalavrların qeydiyyatı davam edir

 

aa1c7ec0e2de1258b5c9b3b72719fbc1.jpg
13.05.2022 14:20

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

 

Dövlət İmtahan Mərkəzindən TED.az-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 1-dək internet vasitəsilə aparılır. Mayın 13-ü saat 10:00-a olan məlumata görə, 3229 nəfər ərizəsini təsdiq edib.

 

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Təhsil məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

 

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavr elektron ərizəsini təsdiq etməlidir. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

 

Xatırladaq ki, subbakalavrın “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

 

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox