AZ

Azərbaycanda elektrik enerjisi istehsalı artıb

d746a3683dc88381ff57769bd3a01337.png
13.05.2022 21:40

Operativ məlumatlara əsasən, cari ilin aprel ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2 milyard 46 milyon kVt/saat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,1 milyon kVt/saat, yaxud 1,2 faiz artması deməkdir.

 

Energetika Nazirliyindən TED.az-a bildirilib ki, aprel ayında elektrik enerjisinin idxalı 10 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 milyon kVt/saat, ixrac isə 11 milyon kVt/saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36 milyon kVt/saat azalıb.

 

Ümumilikdə 2022-ci ilin yanvar-aprel aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 292,2 milyon kVt/saat, yəni 3,3 faiz artaraq 9 milyard 240,1 milyon kVt/saat olub.

 

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 232,6 milyon kVt/saat artaraq 8 milyard 621,3 milyon kVt/saat, SES-lərdə 52,2 milyon kVt/saat artaraq 492,6 milyon kVt/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 milyon kVt/saat artaraq 126,2 milyon kVt/saat olub. Külək elektrik stansiyalarında 32,2 milyon kVt/saat, günəş elektrik stansiyalarında 18 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

 

Dörd ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8 milyard 350,5 milyon kVt/saat (İES-lərdə 7 milyard 887,5 milyon kVt/saat, SES-lərdə 463 milyon kVt/saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 milyon kVt/saat (İES-lərdə 73,9 milyon kVt/saat, SES-lərdə 25,7 milyon kVt/saat, GES-də 16,64 milyon kVt/saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 milyon kVt/saat, müstəqil elektrik stansiyaları üzrə 753,2 milyon kVt/saat təşkil edib.

 

Bu ilin yanvar-aprel ayları üzrə elektrik enerjisinin ixracı 518,6 milyon kVt/saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,4 milyon kVt/saat azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 40,7 milyon kVt/saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,6 milyon kVt/saat artıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox