AZ

Təhsil Nazirliyi: Lisey və gimnaziyalara şagird qəbuluna start verilib

 

1bc6a9160688babb3f87c6264e0a1a20.jpg
14.05.2022 16:20

Mayın 13-dən ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb.

 

Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak üçün ərizə qəbulu sy.edu.az portalı üzərindən iyunun 9-dək aparılacaq. Valideynlər qeyd edilən portal üzərindən övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər. Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar. İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədi ilə tapşırıqlar təqdim ediləcək.

 

Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:

 

• 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);

 

• 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);

 

• 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);

 

• 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).

TED + bölməsindən digər xəbərlər

Daha çox