AZ

DOST İş Mərkəzində işə qəbul necə aparılır? – Nazirlik Ucar sakinlərinin şikayətinə münasibət bildirdi

2f53e00af9255cb3424092717f7d9b0e.jpg
23.08.2019 14:41

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İşsizin DOST-u proqramının Ucarda icrasında neqativ hallara yol verildiyi barədə bir qrup sakinin mətbuatda dərc olunan şikayətinə münasibət bildirib.

 

TED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov qeyd edib ki, həmin fikirlər subyektiv xarakterli olmaqla heç bir fakta əsaslanmır: “Ucar rayonunda 307 nəfər şəxs proqram əsasında ödənişli ictimai işlərə cəlb edilib. Yəni həmin şikayətdə qeyd edildiyi kimi, ictimai işçilərin sayı 540 nəfər deyil”.

 

F.Talıbov işə qəbul mexanimzi barədə məlumat verib: “İşsizin DOST-u proqramı əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə DOST İş Mərkəzində əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartını bank yalnız vətəndaşın özünə verir. Kartı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini təqdim edir, müvafiq sənədə imza atır”.

 

 

“İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edir. Həmin işçi qüvvəsinin işə davamiyyətinə, tapşırılan işləri yerinə yetirmələrinə nəzarəti də məhz həmin qurumlar icraçı qismində həyata keçirirlər. Yəni DOST İş Mərkəzi ilə sözügedən qurumlar arasında bağlanan sazişə əsasən işçi qüvvəsi DOST İŞ Mərkəzinin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların nizam-intizamına və gündəlik fəaliyyətinə yerli icraçı qurumlar birbaşa cavabdehlik daşıyır”, - deyə F.Talıbov qeyd edib.

 

Nazirliyinin şöbə müdiri əlavə edib ki, bütün işçilər icraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərirlər: “Hər ayın sonunda icraçının təqdim etdiyi davamiyyət cədvəllərinə (tabellərə) əsasən ictimai işçilərin əmək haqları birbaşa kartlarına köçürülür. Davamiyyət cədvəlləri olmadan əmək haqqı köçürülmür. Əgər hansısa işçi üzrsüz səbəbdən işə çıxmırsa, məhz icraçının müraciəti ilə həmin işçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilir”.

 

F.Talıbov əlavə edib ki, DOST İş Mərkəzi də daxili icraat qaydasında işçilərə mütəmadi nəzarət edir, monitorinqlər keçirir, çatışmazlıqlar barədə icraçı təşkilatlara məlumat verir.

 

Qeyd edək ki, bu günlərdə mətbuatda İşsizin DOST-u proqramı ilə bağlı bir qrup Ucar sakininin narazılığını əks etdirən şikayət xarakterli məlumatlar dərc olunub. Şikayətçilər DOST İş Mərkəzində işə qəbul prosesində neqativ hallara yol verildiyini iddia ediblər. Sakinlər bu mərkəzdə ictimai işlə təmin edilənlərdən yalnız bir hissəsinin real əmək fəaliyyəti ilə məşğul olduğunu, digərlərinin isə formal ictimai işçi statusunu əldə etdiyini bildiriblər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox