AZ

Tehsilim.edu.az sərbəst öyrənmə portalında istifadəyə verilmiş beş e-kurs başa çatıb

 

ac41cc6096d3590edb2bc4d4b8277bfd.png
28.09.2022 14:40

Tehsilim.edu.az sərbəst öyrənmə portalında yer alan tədqiqat, biznes və innovasiyalarla bağlı Təhsil İnstitutu tərəfindən istifadəyə verilmiş 5 e-kurs başa çatıb.

 

Bu e-kurslara Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş və Təhsil İnstitutu tərəfindən həyata keçirilmiş “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Elmi işlərin yazılması və nəşri”, “Tədqiqat metodologiyası, təcrübələr və layihələr”, “Verilənlərin toplanması, təhlili və idarə edilməsi”, “Əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma” və “Sahibkarlıq təhsili və startap” kursları daxildir.

 

Bu barədə TED.az-a institutdan bildirilib. Qeyd olunub ki, iyunun 16-dan 20-dək e-kurslara qeydiyyat aparılıb. Tələbələrin qeydiyyatı onlayn qaydada tehsilim.edu.az sərbəst öyrənmə portalı üzərindən həyata keçirilib. İyunun 21-dən isə e-kurslar istifadəyə verilib. E-kursların tədrisi tehsilim.edu.az sərbəst öyrənmə portalı vasitəsilə onlayn və asinxron formatda əvvəlcədən hazırlanmış modullar əsasında təşkil olunub. Qeydiyyatdan keçən şəxslərə elektron öyrənmə prosesində dəstək olmaq məqsədilə hər bir e-kurs üçün müvafiq olaraq tyutor təyin olunub. Ümumilikdə 5 e-kursdan 88 nəfər imtahanlardan uğurla keçərək məzun olub. Tələbələrin qiymətləndirilməsi hər bölməyə aid testlər, açıq suallar və onlayn müzakirələrdə iştiraka əsasən aparılıb.

 

E-kursların oktyabr ayında yenidən istifadəyə verilməsi nəzərdə tutulur. E-kursları növbəti mərhələsinin başlaması ilə bağlı institutun rəsmi səhifələri vasitəsilə ictimaiyyətə əlavə məlumat veriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox