AZ

Milli Kitabxanada Ömər Faiq Nemanzadə haqqında elektron məlumat bazası hazırlanıb

daa8b4e19695d4c880d3dafa42b196d2.png
24.11.2022 10:40

Bu il Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

 

Ömər Faiq Nemanzadənin 150 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “İctimai xadim, maarifçi Ömər Faiq Nemanzadə” adlı Elektron məlumat bazası hazırlanıb.

 

Kitabxanadan TED.az-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənəd”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin”, İtkin tarixi şəxsiyyətlərimiz”, “Əsərləri”, “Haqqında”, “Təxəllüsləri”, “Molla Nəsrəddin felyetonları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

 

Elektron məlumat bazası ilə  anl.az/el/emb O.F.Nemanzde linkindən tanış olmaq olar.

 

Qeyd edək ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyllərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir. Ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ö.F.Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox