AZ

Rusiya-Ukrayna müharibəsində İranın “qatil” PUA-ları

 

d0db2e0826f9f86bfa38a868934f2eea.jpg
25.11.2022 12:20

İran Ordusunun hava qüvvələrinin tükənməsi və SEPAH Aerokosmik Qüvvələrinin hava əməliyyatlarında və kəşfiyyatında müasir silahların olmaması bu iki qüvvəni son illərdə Pilotsuz Uçuş Aparatlarından (PUA) daha çox istifadə etməyə sövq edib. İran beynəlxalq bazarda oyunçu olmaq istədiyi üçün Yaxın Şərqdən kənar ölkələrə PUA texnologiyalarının satışını artırıb. İran indi qlobal təsirini artırmağa çalışır və son zamanlarda Venesuela və Sudan kimi illərlə müxtəlif sanksiyalara məruz qalan ölkələr də daxil olmaqla, digər ölkələrə silah imkanlarına malik PUA-lar satır. Bu, ABŞ-ın maliyyə sanksiyaları ilə mane olmağa çalışdığı İran üçün mühüm kapital və siyasi təsir mənbəyidir.

 

Keçən yanvar ayında BƏƏ İranın dəstəklədiyi “Husi” qiyamçıları tərəfindən PUA hücumuna məruz qalıb. Bu, İranın bölgədəki neftlə zəngin dövlətlərə göz dikdiyinə dair xəbərdarlıq kimi qəbul edilə bilər. Əgər yeni nüvə sazişi əldə olunarsa, İran regional təcavüz siyasətini artırmaqda daha sərbəst olacaq. İranın hərəkətlərindən narahat olan dövlətlər onun Suriyadakı təsirini araşdırmaqla təhlil apara bilər. İsrail və ABŞ dünyanın ən böyük PUA istehsalçılarıdır, Türkiyə, Çin və İran da bazarda böyük addımlar atır. Yeni bir PUA müharibəsi dövrü bizi gözləyir və bu cür silahların istifadəsi ilə münaqişələrlə mübarizə üsulları dəyişir.

 

Rusiya İranın kamikadze PUA-larından istifadə edir

 

Londonda yerləşən Kral Birləşmiş Xidmətlər İnstitutu bu yaxınlarda qeyd edib ki, Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya daha çox elektron hərbi təchizat lazımdır. Ukrayna Rusiyanın fəaliyyətlərini izləmək üçün dronlardan istifadə edə bilsə də, onlar tez-tez rus qüvvələri tərəfindən qısa müddətdə məhv edilir. Son bir neçə ay ərzində Rusiya nümayəndə heyətləri İrana çoxsaylı səfərlər edib. Bu nümayəndə heyətləri hərbi məqsədlər üçün istifadə oluna biləcək PUA-ları qiymətləndirmək üçün aerodromlara baş çəkiblər. “New York Times”da yayımlanan məqalədə deyilir ki, Rusiya tərəfləri “Şahed-191” və “Şahed-129”a xüsusi maraq göstəriblər. Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutu İranın PUA imkanlarını diqqətəlayiq və inkişaf etmiş adlandırıb və Tehranın Moskva ilə əməkdaşlığı kontekstində iddia edib ki, Ukrayna müharibəsində İranın Rusiyaya hərbi dəstəyi və PUA təhvil verilməsi Moskva üçün zəncirvari problemlərin həllində bir seçimdir. İranın inkişaf etmiş dron sənayesi geniş çeşiddə kəşfiyyat, hücum və kamikadze modelləri istehsal edib, bəziləri artıq başqa ölkələrə ixrac edilib. 2013-cü ilin oktyabrında İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri Qərb modellərindən kopyalanmış kiçik bir kəşfiyyat PUA-sı təqdim etdi. Rusiya da böyük bir PUA gücünə çevrilməyi planlaşdırır, lakin PUA-ların inkişafının başlanğıcında onları prioritet hesab etmirdi.

 

Qərb nəşrlərindən bəziləri yazır ki, İran PUA-ları ruslar üçün potensial oyun dəyişdiricidir. Onlar nisbətən kiçikdirlər, aşağı hündürlükdə uçurlar və Ukrayna radarlarından yayına bilirlər. Əraziyə nəzarət etmək və PUA-ları vurmaq çox çətindir. Ukrayna ordusu Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larından və Qərb ölkələri tərəfindən tədarük edilən bir sıra modellərdən isifadə edir.

 

Türkiyə istehsalı olan PUA-larla İran istehsalı sistemləri müqayisə etdikdə ikincinin zəif olduğu görünür. Məsələn, oxşar funksiyaları yerinə yetirən “Mohajer” və “Bayraktar” PUA-larını müqayisə edək. “Mohajer-6”nın maksimum uçuş məsafəsi təxminən 200 kilometr olduğu halda, “Bayraktar TB2”nin tam uçuş məsafəsi təxminən 300 kilometrdir və havada uzun müddət qala bilir. “Şahed” seriyası isə kamikadze tipli PUA-dır. “Şahed-136” PUA-ları Rusiya tərəfindən Ukraynanın infrasturukturuna zərbələr üçün istifadə edib. Hələlik İran və Türkiyə pilotsuz uçuş aparatları Rusiya-Ukrayna müharibəsinin əks tərəfindədir.

 

May ayında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Tacikistana səfər edib. O, Tacikistanda İranın ən məşhur PUA-larından biri olan “Əbabil-2”nin istehsal xəttinin açılışında iştirak edib. Sanksiya altında olmayan və buna görə də bütün növ xarici PUA-lara çıxışı olan bir ölkə kimi Tacikistan yüngül PUA kimi İranın “Əbabil-2” sistemlərini seçib. İranın Düşənbədə PUA obyekti qurması özü ilə sual işarələri gətirsə də, atılan addım “əks mühəndislik” kimi şərh edilib.

 

Türkiyənin isə PUA imkanları İrandan həddən artıq çox sürətlə inkişaf edir. “Akıncı”, “KızılElma” kimi pilotsuz sistemlərlə Türkiyə PUA bazarında önəmli yer tutub. PUA-lar 20-dən çox ölkəyə satılıb. Türkiyənin PUA-ları Qarabağ müharibəsində, Liviyada və Ukrayna müharibəsində Çində regional təhlükəsizlik və sabitliyə xidmət edib. Türkiyə PUA gücünü daha da genişləndirə və hətta önümüzdəki illərdə onların ixracını artıra bilər. Türkiyə, İran, İsrail, Səudiyyə Ərəbistanı başda olmaqla, regionun ərəb ölkələri arasında PUA sənayesində artım olacaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox