AZ

Mobil telefon uşaqların diqqətini və yaddaşını zəiflədir – Mütəxəssislər təhlükəyə işarə edirlər

1da38babf18ce7f508976f2cbce06717.jpg
14.10.2019 18:05

“Mobil telefondan istifadə edən uşaqlarda eşitmə və vizual-motor reaksiyaları zəifliyir, yorğunluq artır və iş qabiliyyəti azalır”.

 

TED.az-ın məlumatına görə, bu, 14 ildir ki, məktəblilərdə cib telefonları və smartfonlardan gələn elektromaqnit radiasiyasının təsirini araşdıran bir qrup rusiyalı alimlərin gəldiyi nəticədir. Araşdırma nəticəsində məlum oldu ki, aktiv mobil istifadəçilərdə işıq və səs siqnallarına reaksiya zəifləyir və yazıda səhvlər nəzərəçarpacaq dərəcədə artır. Bu, həmçinin məktəblilərdə çalışqanlığın azalması, diqqət və yaddaşın zəifləməsi kimi özünü biruzə verir.

 

Tədqiqat Biokimyəvi Fizika İnstitutunun bir qrup alimi tərəfindən aparılıb. Alimlər bu vaxtadək qacetdən istifadə etməyən uşaqları da sınadıqlarını və mobil telefon istifadə edən uşaqlarla müqayisəli şəkildə öyrəndiklərini söyləyir. Odur ki, araşdırmalarının nəticələrinə etibar etmək olar.

 

 

Qacetdən istifadə edənlərin 39,7%-də yorğunluq dərəcəsinin artdığı (30,3%-də nəzərə çarpacaq dərəcədə),  50,7% çalışqanlığın azalması müşahidə edilib. Bununla yanaşı, alimlər müəyyən edib ki, 8,5% uşağın əl barmaqlarında kiçik matorikanın formalaşması, yaş həddini keçibdir. 

 

Tədqiqat müəlliflərinin fikrincə, uşaqlarda kəllə qabığının nazik və beyin kütləsinin böyüklərdən daha kiçik olduğunu nəzərə alsaq onlar risk qrupundadır. Yəni elektromaqnit şüalanması onlara daha çox təsir göstərir. Mobil telefon istifadə edən uşaqların psixofizioloji göstəricilərindəki dəyişikliklər bunu heç şübhəsiz sübut edir.

 

İsveç alimlərinin diqqətini isə gənclərin mobil telefonu adətən sağ qulaqlarına yaxınlaşdıraraq danışdığı çəkmişdi. 12-17 yaş arasındakı 700-ə yaxın yeniyetmənin üzərində aparılan araşdırmaya görə, yaddaş beyinin sağ yarımkürəsində yerləşdiyindən cib telefonundakı şüalanma yaddaşa mənfi təsir göstərir.

 

Psixoloq Ruhəngiz Mehmanqızının sözlərinə görə, yaddaşın zəifləməsinə təsir göstərən əsas amillərdən biri də kompüterdəki axtarış sistemi və mobil telefondakı yaddaş qeydləri imkanının olmasıdır: “Bu kimi funksiyalar yadda saxlamağa ehtiyac yaratmır. Beləliklə, yaddaşın inkişafının əsasını təşkil edən, mütamadi olaraq, yadda saxlama, və yada salma məşqləri azalır, bu isə yaddaş zəifləməsinə yol açır. Artıq əzizlərimizin doğum gününü belə yadımızda saxlamırıq, bu barədə bildiriş alırıq, heç kimin telefon nömrəsini yadda saxlamaq məcburiyyətində deyilik,  özümüzə aid olan xüsusi günləri, hətta toy günümüzü belə mobil telefonumuz xatırladacaq deyə, yadda saxlama ehtiyacımız yoxdur. Odur ki, nəinki məktəblilərin, hər kəsin yaddaşı zəifləyir”.

 

Psixoloqun sözlərinə görə, yaddaş zəifliyi problemi yaranmasın deyə, mütəmadi olaraq hafizəni məşq etdirmək lazımdı:  “Boş vaxtlarda 2, 4, 6, 8, 10 və yaxud əksinə 10, 8, 6, 4, 2 kimi rəqəmləri getdikcə daha da qəlizləşdiərək təkrar etmək lazımdır. Şeir əzbərləmək, vurma cədvəlini təkrar söyləmək və s. Bir sözlə, yaddasaxlama və yadasalma məşqləri etməklə hafizəmizi məşq etdirə bilərik. Əks halda, müəyyən yaşa çatdıqdan sonra yaddaş zəifliyi problemi yaranır və insanlar nəyi hara qoyduğunu, hansı işin dalınca getdiyini belə unudur. Həmçinin yaddaş zəifliyi insanın nitqinə də təsir göstərir və o maraqlı həmsöhbətə çevrilmir”.

 

SARA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox