AZ

Həyat yoldaşım mən sürdüyüm maşına minmir – AVTOLEDİ

8ad260eec82dd0ce743a1ab96311dd65.jpg
17.02.2020 17:15

“Maşın sürəndə kişi kimi əl uzadıb, söyüş də söyürəm”

 

TED.az-ın “Avtoledi” rubrikasının növbəti qonağı həmkarımız Ülviyyə İsmayılovadır. O, artıq 20 ildən artıqdır ki, juranilst kimi çalışır. Müsahibim son illər PR sahəsində xidmət göstərir. Bu sahə jurnalistikanın bir qolu olaraq tanınsa da, bəzi məqamlarda özünəməxsusluğu ilə seçilir. Yüksək peşəkarlıq, geniş və şaxəli əlaqələr, pozitivlik, bir o qədər də qətiyyət tələb edən bu sahə həm də fərqlidir. Elə bizim cəmiyyətdə avtomobil idarə edən xanımlar da fərqlidir, ya da ki, cəmiyyət onları fərqli görür. Hər halda ölkəmizdə avtomobil idarə edən qadınlar cəsarətli və stereotipləri aşmağı bacaran xarakterə sahibdirlər. Biz də söhbətimizdə bu məqamlara toxunmağa çalışmışıq.  

 

Ülviyyə xanım, heç qəza törətmisiniz?

 

Heç bir ay deyil, avtoqəzaya düşdüm. Mənim avtomobilimi taksi sol tərəfdən vurdu. Qəza taksinin diqqətsizliyi üzündən baş verdi.

 

Yəqin özünüz yola davam etdiniz, ümumiyyətlə avtomobilinizdə nasazlıq yarananda, vəziyyətdən çıxa bilirsinizmi?

 

-Qətiyyən! Ümumiyyətlə, mən avtomobili sadəcə idarə edə bilirəm. Maşında hansısa nasazlıq yaranarsa, mən SOS nömrəmə - həyat yoldaşıma zəng edirəm. Şəhərin hansı yerində, hansı situasiyada olmağımdan aslı olmayaraq yoldaşım köməyimə gəlir.

 

 

HƏMÇİNİN OXU: Cərimə ödədikdən sonra səbrim bərpa olunub – AVTOLEDİ

 

Anladığım qədərilə heç bir dəfə də olsun kapotu açıb baxmamısınız...

 

Heç vaxt! Hətta maşının şüşələrini yumaq üçün suyun bitib-bitmədiyinə belə yoldaşım nəzarət edir.

 

“Boynuma alıram, sürət həddini aşıram”

 

Zaman çox sürətlidir. Siz necə, zamanla ayaqlaşa bilirsiniz?

 

Sürəti hədsiz dərəcədə çox sevirəm (gülür). Əgər boş, tras yola çıxıramsa, boynuma alıram, sürət həddini aşıram. Amma şəhər daxilində qətiyyən maşını sürətli idarə etmirəm. Çünki mən cavabdeh sürücüyəm, maşında övladlarım olduğuna görə sürəti aşmaq ixtiyarım yoxdur. Həyatda tək olmadığım üçün çalışıram ki, təhlükəsizliyimi qoruyum.

 

 

“Məni yolda saxlaya biləcək yeganə insan DYP əməkdaşıdır”

 

Hərdən adamı lap söyüş söyməyə vadar edirlər. Yolları deyirəm, səliqəsiz sürürlər, sonra da necə deyərlər, adamı borclu çıxarırlar. Maraqlıdır, bir az davakar sürücüyə oxşayırsınız...

 

Bizdə artıq yetəri qədər qadın sürücü olmasına baxmayaraq, hələ də onlara “get bozbaşını, dovğanı bişir” gözüylə baxırlar. Amma hər halda mən belə sürücülərə məhəl qoymuram. Məni tanıyanlar bilir ki, mənim istiyə dözümüm yoxdu deyə, daim kondisioner açıq, pəncərələr isə bağlı olur. Yəni kim nə istəyir desin, mən öz yolumla gedirəm. Məni yolda saxlaya biləcək yeganə insan DYP əməkdaşlarıdır.

 

DYP əməkdaşlarından razısınız?

 

Yol polisi əməkdaşı öz funksiyasını yerinə yetirir. Bir dəfə yol hərəkəti qaydasını pozmuşdum, məni haqlı olaraq saxlayıb cərimələdilər. Mən bununla bağlı heç nə demədim, sadəcə protokolla razılaşdım və cəriməmi ödədim. Ancaq qaydaları pozmuramsa, polis niyə məni saxlayıb cərimələməlidir?!

 

“Polis fit çalsa da, sürüb getdim”

 

Sizə yazılan cərimələrdən hansı yadınızda qalıb və nəyə görə olmuşdu?

 

Bir dəfə DYP əməkdaşı fit çalıb, amma mən maşını saxlamamışam. Azneft dairəsində çox maşın var idi, polis fit çalsa da, mənə müraciət etdiyini bilmədim və sürüb getdim. Bir də gördüm telefona mesaj gəldi ki, əmrə tabe olmamışam. Cərimə 80 manat olmuşdu.

 

İlk avtomobiliniz nə olub?

 

İlk dəfə həyat yoldaşımın avtomobilindən istifadə etmişəm. Hətta bir neçə ildir ki, biz eyni avtomobildən istifadə edirdik. Bu, Nissan markalı maşındır. Mənim artıq 1 ilə yaxındır ki, şəxsi avtomobilim var. Şəxsi avtomobilimin markası Mercedes-dir.

 

Deyilənlərə görə, maşın sürməyi kimdən öyrənirsənsə, onun səhv və düz vərdişləri avtomatik olaraq sizə də keçir. Maşın sürməyi ilk dəfə necə öyrənmisiniz?

 

7-8 il əvvəl yoldaşımla yol gedirdik, qəfil mənə dedi ki, düş maşından. Biz onda Əhmədli tərəfdə Ukrayna dairəsi deyilən yerdə idik.  O dedi ki, keç sükan arxasına. Çox təəccübləndim. Mən dedim ki, bacarmıram, o israr etdi. Soruşsanız ki, necə sürdün, mən doğurdan da bilmirəm. Heç xatırlamıram da. Vərdişlər məsələsinə gəlincə isə bu, doğurdan da belədir. Yoldaşımın sükan arxasındakı aqressivliyi, söyüş söyməyi, hamısı mənə keçib. Bununla bağlı bir əhvalatı danışmaq istəyirəm. Mənim anam Sulutəpədə yaşayır, orda da yol dardır və çoxlu tır maşınları gedir. Həmin yolda iri bir avtomobil mənim maşınımı sıxırdı ki, önə keçsin. Mən də əsəbiləşdim və maşını yolda saxlayıb, düşüb marketə girdim. Bax, bu qədər tıxaca gərək var idi? Boynuma alıram, mən yoldaşımın etdiklərini edirəm.  

 

Sizcə, yol hərəkəti qaydalarını kişilər daha çox pozur, yoxsa qadınlar?

 

Kişilər! Bir sözlə kişilər! Onlar çox hövsələsizdirlər. Məni daha çox əsəbiləşdirən hallardan biri siqnal verib, önümüzə keçmələridir. Halbuki qarşıda işıqfor olur və biz eyni vaxtda gözləməli oluruq. Buna görə də, dediyim kimi, məhəl qoymuram, sadəcə mahnı dinləyirəm.

 

Deyirlər ki, qadınlar evlərində nə qədər səliqəlidirlərsə, maşınlarında bir o qədər səliqəsizdirlər. Bu, sizdə də belədir?

 

Həyat yoldaşımın işlərindən aslı olaraq maşın yuyulur. Düzdür, mən söylənirəm ki, maşını tez-tez yuduzdurmaq lazımdır. Ancaq kişilərin belə bir proqnozları var ki, yağış, qar yağacaq və maşın yenə çirklənəcək.

 

“Maşın sürəndə kişi kimi əl uzadıb, söyüş də söyürəm”

 

Çox vaxt deyirlər ki, qadınlar kişilərdən daha səliqəli avtomobil idarə edir. Amma qəza vəziyyəti yaranada onlar daha tez panikaya düşür və əksər halda qəza baş verir, kişilər isə vəziyyətdən çıxmağı bacarırlar. Bunu qadınların emosional olmaları ilə bağlayırlar. Siz necə düşünürsünüz?

 

Bu fikirlə razılaşmıram. Düşünürəm ki, kişilər yolda özlərini daha emosional aparırlar. Hətta deyərdim ki, mən də artıq avtomobil idarə edərkən əsəbiləşəndə kişi kimi əl də uzadıram, söyüş də söyürəm.

 

Siz sürücüləri “yaxşı və ya pis” kateqoriyasına ayrımadınız, amma qeyd etdiniz ki, kişilər avtomobili qadınlardan pis idarə edir. Sizcə, bizdə sürücünü cinsiyyətə ayrımaq nədən irəli gəlir?

 

Bu bir stereotipdir, bunu heç cür izah edə bilmirəm. Amma qeyd etdiyim kimi, mən də söyüş söyməkdə kişilərdən geri qalmıram. Amma niyəsə bizdə yollarda qadınlara qarşı qeyri-adi münasibət var. Eyni yol, qayda və avtomobillərdir, amma niyə qadınlara qarşı əks düşüncədədirlər, bilmirəm.

 

Qadınlı-kişili yollarımızda nələr var, avtomobil idarə etmək nə qədər asan və ya nə qədər çətinidir?

 

Avtomobil idarə edən adamın dəmir sinirləri olmalıdır. Çünki ən böyük problemlərin əsas səbəbi reaksiyalar olur. Əgər kiməsə vaxtında reaksiya verməsən, hansı ki, elə anlar olur ki, verməməlisən, onda sürücü ola bilməzsən. Mütləq sinirlərini toplamalısan. Maşından öncə insan birinci özünü idarə etməlidir.

 

“Yoldaşım mənə sürücülük vəsiqəsi verənləri söyür”

 

Bayaq dediniz ki, nəsə problem olanda yoldaşınıza zəng edirsiniz. Məhz buna görə yoldaşınız düşünə bilərmi ki, avtomobili kişilər idarə etməlidir?

 

Yoldaşım dəfələrlə mənə sürücülük vəsiqəsi verənləri söyür. Amma buna baxmayaraq, bizim iki övladımız var və mən maşınsız həyatı təsəvvür edə bilmirəm. Uşaqları məktəbə, idmana, əlavə dərslərə aparıram, buna görə də avtomobil artıq bizim ailəmizin bir üzvüdür. Yoldaşımın ən çox deyindiyi şey, maşının xərcləridir.

 

Bəzən kişilər yanacaq qurtaranda belə narazılıq edirlər ki, yanacaqdoldurma məntəqəsində insanları aldadırlar. Hərdən yolda qalanlar da olur?

 

Mənim maşın üçün ayırdığım bəlli büdcə var. Bir ayda maşının nə qədər benzinə ehtiyacı olduğunu bilirəm. Ona görə də o büdcədən kənara çıxmıram. Məncə, kişilərdən bir fərqimiz də məhz elə budur.

 

Kişilərlə qadınların avtomobilləri indi markasından daha çox içindəki aksesuarlara görə fərqlənir. Sizin avtomobilinizdə hansı aksesuar var?

 

Mənim maşınımda futbol topu var. Çünki futbolu çox sevirəm. Mənim maşınıma kənardan baxan bilməz ki, bu qadın avtomobilidir.

 

Maşınınızın yük yerində nələr var?

 

Maşınım miniven olduğuna görə yük yerində bir "adeyal" var, uşağın yuxusu gələndə gedir orda yatır. Uşağın ordan çox xoşu gəlir. Orda öz yeri, oyuncaqları var.

 

Ailəvi şəkildə yola çıxanda maşını kim idarə edir?

 

Yoldaşım mən sürdüyüm maşına minmir. Mən özüm də onunla yol getməyi istəmirəm. Çünki o, oturan kimi mənə göstərişlər verir. Hətta bir dəfə maşınım təmirdəydi və biz Sumqayıtdan gəlirdik. Yoldaşım maşını saatda 60 km-lə sürürdü, mən israrla deyirdim ki, sürətli sür, bura ki, magistral yoldur.

 

 

“Əyləci sıxıb maşını saxlayıram...”

 

Bakıda sürücülərin bir-birlərinə aqressiyası, sürücü mədəniyyətinin aşağı olması sizdə basqı yaratmır?

 

Mən yolda öz xəttimi tuturam və onunla irəliləyirəm. İstəyir mənim üstümə Kamaz da gəlsə, yolumdan çəkilmirəm. Təbii ki, bacardığım qədərilə başqalarına mane olmuram. Amma ən vacibi budur ki, mənə mane olmasınlar. Əgər yolda 3 xətt varsa, heç vaxt ortancılın üstünə çıxmıram. Eybi yox, söysünlər, amma mən qəza şəraiti yaratmıram. Hətta yolda biri məni manipulyasiya edəndə, əyləci sıxıb maşını saxlayıram. Beləcə, mən onların əsəbi ilə oynayıram, onlar mənim deyil... Əgər sükan arxasına oturursansa, tək özünü düşünə bilməzsən. Mən hər gün evdən çıxanda sanki müharibəyə gedirəm. Çünki Bakı yolları müharibədir.

 

Yuxulu halda avtomobil idarə etmisiniz?

 

Bəli, belə hallar olur. Çünki mən demək olar ki, günün 17-20 saatını telefon və kompüter arxasında oluram. Axşamlar da uzağı görmək olmur, buna baxmayaraq, harasa getmək lazımdırsa, gedirəm.

 

Fiziki məhdudiyyətli şəxslərin maşında xüsusi işarə olur. Sizcə, maşında qadınlar üçün xüsusi “bu maşını qadın (və ya əksinə-kişi) sürür” işarəsi olmalıdır?

 

Yollarda gender bərabərliyinin tərəfdarıyam. Dediyim kimi, mən özüm də kişilərdən geri qalmıram. Aqressiv sürücü deyiləm, amma mənə dəyməyənə kimi.

 

Xəyalınızdakı avtomobil hansıdır?

 

Xəyalımda heç bir avtomoil yoxdur. Mən, hətta “Zaparoji” də sürərəm.

 

Salondakı güzgüdən daha çox bəzənmək üçün istifadə edirsiniz, yoxsa arxanı görmək üçün?

 

Mən ümumiyyətlə, bəzənən deyiləm. Buna görə də belə hal heç vaxt olmayıb, güzgüdən sadəcə arxanı görmək üçün istifadə edirəm.

 

Qadınlar bir araya gələndə söhbətləri bitmir. Olubmu ki, rəfiqələrinizlə söhbətə başınız qarışıb və anlıq qəza şəraiti yaranıb?

 

Heç vaxt olmayıb. Maşın idarə edərkən diqqətim yolda olur.

 

Ən uzaq yol sizin üçün hara olub?

 

Ən uzaq mənim üçün Sumqayıt olub. Rayonlara gedəndə maşını yoldaşım idarə edir. Mən demək olar ki, uşaqların sürücüsüyəm. Amma yoldaşım mənim maşınımı idarə edəndə bəzi replikalar deyirəm. Çünki eynisini o da edir. Ən əsası isə maşınımda siqaret çəkməyinə icazə vermirəm.

 

Kişilik və ya qadınlıq həm də ruhla bağlı məsələdir. Sizcə, maşını kişilər və kişi ruhunda olan qadınlar idarə etməlidir ya bunun fərqi yoxdur?

 

Düşünürəm ki, kişi və ya qadının heç bir fərqi yoxdur. Avtomobili birinci növbədə özünü idarə edə bilən biri sürməlidir.

 

 

Nuranə DAXİLQIZI

 

TED + bölməsindən digər xəbərlər

Daha çox