AZ

İş elan saytları insanları aldadır? – ARAŞDIRMA

02e21516852a3ae56c8e6998645e4a99.jpg
10.02.2020 16:40

Məlumdur ki, axtardığımız məlumatları tapmağın ən asan yolu internetdir. Buna görə də gündəlik istifadə etdiyimiz bir çox xidmətlər və sahələr artıq öz fəaliyyətlərini onlayn həyata keçirir. Əgər əvvəllər iş axtaranda qəzet almaq məcburiyyətində qalırdıqsa, hazırda bu xidməti göstərən çox sayda elan saytları mövcuddur. Bizə qalan isə yalnız səhifəyə daxil olub, özümüzə uyğun vakansiya üzrə müraciət etməkdir. Bəs görəsən, bu saytlar iş tapmaqda həqiqətən də insanlara kömək edib, faydalı ola bilirmi?

 

TED.az  olaraq bununla bağlı ətraflı araşdırma etdik.

 

Araşdırmaya əsasən, vətəndaşlar iş tapmaq  üçün “tap.az”, “rabota.az”, “boss.az”, “ejob.az”, “is-elanlari.net”, “axtarırıq.biz”, “unvan.az”, “lalafo.az”, “hellojob.az”, “disput.az” kimi elan saytlarına müraciət edirlər.

Sorğumuza görə, bir çox insan bu saytların effektiv ola biləcəyinə inanmır, lakin buna baxmayaraq, qeyd edilən resurslar hələ də populyar saytlar sırasında yer alır.

 

Freelance dizayner (sərbəst) kimi çalışan İlkin Məmmədov elan saytlarının əlavə iş tapmaq istəyən şəxslər üçün yaxşı seçim ola biləcəyini bildirib:

 

"Əvvəllər bütöv ştat üçün bir neçə dəfə öz CV-mi “boss.az” saytına yükləmişdim. Açığı, ilk vaxtlar mən də  belə saytda rahat iş tapa biləcəyimi ciddiyə almırdım. Düzdür, demək olar ki, hər gün müxtəlif şirkətlərdən müsahibəyə dəvət edilirdim, amma heç biri ilə razılaşa bilmədik. Daha sonra “freelance”  olaraq öz CV-mi təqdim etdim. Hazırda bir neçə şirkətlə əməkdaşlıq edirəm. Bunlardan yalnız  birini  “boss.az” saytına yerləşdirdiyim elanlardan tapmışam".

 

Aysel Bağırova elan saytları vasitəsilə iş tapmaq istəyib, amma buna nail ola bilməyənlərdəndir.

 

O, bir neçə dəfə onlayn olaraq işə düzəlməyə çalışıb, lakin indiyə qədər bunun peşmanlığını yaşayır:

 

“Tələbə olduğum müddətdən müxtəlif saytlarda iş axtarmışam. Bacarıqlarıma uyğun işlər tapıb, bir neçə dəfə müsahibəyə dəvət edilsəm də  bunun nəticəsini görə bilmədim. Onu  da deyim ki, saytlar vasitəsilə  qurumlar yalnız yaxşı niyyətlə işçi axtarmır. Öz təcrübəmə əsaslanaraq əminliklə deyə bilərəm ki, bu növ saytlar dələduzların məkanıdır. Bir dəfə elan saytlarının birində yüksək maaşlı vakansiya gördüm. CV-mi müzakirə etmək üçün qurumun ofisinə  dəvət edildim və qəribə mənzərə ilə qarşılaşdım. Yaxşı mühit, hamı bir-biri ilə həddindən artıq səmimi olan insanlar. Nə qədər cəhd göstərsəm də, qeydiyyat şöbəsindən şirkətin adını dəqiq öyrənə bilmədim. Qısaca, nə vakansiya, nə də şirkət barədə məlumat əldə edə bilmirdim. Yanımda şəxsiyyət vəsiqəmi də  götürməmişdim.  Əslində, vəsiqəmi şirkət nümayəndələrinə  təqdim etsə idim,  bəlkə də vəziyyət daha da gərginləşə bilərdi. İki gün həmin ofisə getdim, oranın gülərüz kollektivi  və yüksək maaş vədlərinə aldandım. Vəzifəni o qədər qəliz  formada təqdim edirdilər ki, adam ciddi iş arzularının həyata keçirilməsindən başqa nəsə fikirləşə bilmirdi. Əslində, həmin şirkət adı bilinməyən dərmanların satışı ilə məşğul idi və məhsullarını daha çox insana təqdim etmək üçün əməkdaş axtarırdı. Burada işə başlamaq istəyənlər  əvvəlcə  şirkət tərəfindən təşkil olunan ödənişli kursu keçməli və bir neçə bahalı kitab almalı idilər. Bütün bu səmimilik də məhz buna görə imiş.  Yaxşı ki, vaxtında hisslərimə  güvəndim və oradan birdəfəlik uzaqlaşdım. Təəssüf ki, bu ofisə yalnız mən yox, onlarla mənim kimi insan eyni vakansiyanı bir neçə saytda görüb gəlmişdi. Ümüd edirəm ki, mənim hekayəmi oxuduqdan sonra saytlarda yüksək maaşlı vakansiyanı görüb aldanan insanlar bir daha  fikirləşərlər”.

 

 

Gülayə Ələkbərova həmin saytlarla əməkdaşlıq edir. O, məhz saytların vasitəsilə istənilən şirkət üçün vakansiyaya uyğun kadrları tapır:

 

“Ötən ilin yay ərəfəsində işə qəbul fəaliyyəti ilə məşğul olmağa başladım. Vəzifəm bir çox şirkətin tələblərinə uyğun kadr tapmaqdan ibarət idi. İşə düzələn insanların ilk əmək haqqının 50%-ini alırdım. Öncə  kadrları Feysbuk sosial şəbəkəsi üzərindən axtarırdım. Şəbəkənin özəl elan lövhələri köməyimə çatırdı. Orada elan verən şəxslərlə əlaqə saxlayıb onları işə götürən şirkətlərə yönləndirirdim. Beləliklə, həm iş axtaran insanlara kömək edirdim, həm də şirkət rəhbərliyi ilə yaxşı münasibətlərim yaranırdı. İkinci kadr mənbəyi olaraq müxtəlif saytlarda yerləşdirilən elanlardan istifadə edirdim. Orada həm işə götürən qurumların, həm də hansısa vakansiya üzrə işə düzəlmək istəyən insanların ünvanlarını tapırdım. Əlaqə saxladığım insanlardan ibarət məlumat bazası yaratmışdım, orada müəyyən vakansiya üzrə tanıdığım uyğun namizədləri tapa bilirdim. Ümumi deyə bilərəm ki, araşdırdığım insanların cəmi 40-50%-i onlayn saytlar üzərindən iş tapa biliblər”.

 

Fatimə ZÜLFİQAR

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox