Azərbaycanda fintech startaplar niyə inkişaf edə bilmir? – Araşdırma
Qlobal startap bazarında tez-tez “fintech” layihələr eşidirik. Son dövrlər bu sahədə olan startap sayının artdığını və böyük gəlirlər əldə etdiyini müşahidə edirik.
“Fintech” nədir?
İngilis dilində iqtisadi texnologiyaların qısaldılması olan “fintech”, bank və maliyyə xidmətləri təklif etmək üçün hazırlanan texnologiyadır. Bu texnologiya fərdi və hüquqi şəxslərə həm kompüter, həm də smartfonlarda istifadə olunan xüsusi proqram və alqoritmlərdən yararlanaraq həyatlarını daha yaxşı idarə etməyə kömək edir.
Bundan əlavə, “fintech” kriptovalyuta ilə olan pul vahidlərini də dəstəkləyir.
Xatırladaq ki, bu texnologiya əvvəllər yalnız mühasibat uçotunda istifadə olunurdu. İndi isə “fintech” pul transferi, smartfonla depozit qoymaq, bir işə başlamaq üçün pul yığmaq və müxtəlif maliyyə fəaliyyətlərini təmin edir.
Maliyyə dünyasını daha rəqəmsal və sürətli etmək məqsədi ilə yaradılan “fintech”lərin həm istifadəçilər, həm də maliyyə xidməti təqdim edənlər üçün bir çox üstünlükləri var.
Bu texnologiya ilə rəqəmsal platformalardan etibarlı və sürətli xidmət göstərilməsi, xidmət təminatçılarının əmək ehtiyaclarını və səhvlərinin riskini azaldır.
2018-ci ildə qlobal “fintech” bazarının həcmi 127,66 milyard dollar dəyərində qiymətləndirilib və 2022-ci ilə qədər bu rəqəmin 309,98 milyard dollara çatacağı gözlənilir.
Hazırda bu sahədə uğurlu startaplara Bita, Cleo, Combine, Curve, Trussle kimi platformalar daxildir.
Azərbaycanda da bu sahədə müxtəlif təşəbbüslər həyata keçirilir və sahəyə maraq artır.
Millət vəkili Tahir Mirkişili TED.az-a bildirib ki, bu texnologiyanın fəaliyyəti banklar vasitəsilə tənzimlənir. Yəni, bankların iştirakı olmadan” fintech” startapları fəaliyyət göstərə bilməz.
Millət vəkili hesab edir ki, Azərbaycanda “fintech” fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbuluna ehtiyac var: “Onların məsuliyyəti də dəqiq müəyyənləşməlidir. Banklardan asılı olan “fintech”lərin inkişaf perspektivləri o qədər də cəlbedici olmaya bilər”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnnovasiyalar Agentliyi bu sahədə olan startaplara maraq göstərir. Hazırda Agentliyin Biznes İnkubasiya və Akselerasiya Mərkəzində “Onepoint +”, “BeepTech +”, "SBL Solution”, “fintech” startapları fəaliyyət göstərir.
Agentlikdən məsələ ilə bağlı saytımıza bildirilib ki, “fintech” mühiti bu gün tam formalaşmasa da, ölkədə fəaliyyət göstərən bankların rəqəmsallaşma cəhdləri və bu sahəyə diqqətin artması özəl sektordakı bazarın həcmini artırır: “Çünki ölkəmizdə bankların fəaliyyəti vətəndaşlarla çok sıx olduğu, kredit növləri geniş yayıldığı üçün maliyyə texnologiyalarının da tətbiqi hamı üçün maraqlıdır. Mühitin ikinci təkanverici qüvvəsi də bankların müxtəlif inkubasiya və akselerasiya mərkəzləri ilə birgə əməkdaşlığı çərçivəsində müəyyən “Hakaton”ların və startap müsabiqələrinin keçirilməsinə maraq göstərməsidir. Bununla da, müxtəlif startaplar meydana gəlir və eyni zamanda artıq bu sektora gənclərin marağı getdikcə artır. Bu sadəcə bir sektor olsa da ümumilikdə ekosistemin inkişafına birbaşa təsir göstərir”.
Məlumatda qeyd edilib ki, İnnovasiya Agentliyinin əsas missiyası, sektorun kiçik detallarını deyil, ümumilikdə sektorların daxil olduğu ekosistemin düzgün təməllər üzərində qurulmasını və inkişafını təmin etməkdir: “Bu səbəblə də fəaliyyətimizin ilkin hissəsi - bazarın əsas detallarının, müsbət və mənfi cəhətlərinin araşdırılaraq müəyyən edilməsidir. Bu proses hazırda davam etməkdədir. Ekosistemin ən azı 5 illik inkişafını hədəflədiyimiz zaman qarşımıza çıxacaq problemlər, gələcək qlobal teknoloji həllərin nəzərdə tutulması, onlar üçün spesifik strateji plan və gedişat nəzərdə tutulur. Buna səbəb kimi, hazırda ölkəmizdə, xüsusilə limitli sektorlarla layihələr olduğu üçün bu ekosistemin sadəcə bir hissəsinin inkişafına gətirib çıxarır ki, bu da digər tərəfin hər zaman zəif qalmasına təsir göstərir. Buna misal kimi kriptovaluta, investisiyaların idarə edilməsi, rəqəmsal sığortalar sənayesi kimi sahələr hələ də formalaşmayıb. Bu gün üçün sadəcə bankların müəyyən xidmətləri, "cashback", rəqəmsal ödəmə sistemləri və s. kimi sahələrdə layihələr mövcuddur”.
Bildirilib ki, hazırda agentliyin, xüsusilə “fintech” üzrə konkret dəstək proqramı mövcud olmasa da, bu sahədə müraciət olunan startaplara dəstək göstərilir: “Ümumilikdə, startaplara mentor, maliyyə, qrant və investisiya imkanlarına çıxış, rezidentlik almaq, bunun da müqabilində vergi güzəştləri imkanı, biznesin inkişafı və kommersiyalaşma strategiyasının qurulması kimi müxtəlif növ dəstəklər verilir”.
“Fintech” texnologiyası üzrə hazırlanan Onepoint startap layihəsinin rəhbəri Aqşin Məmmədəliyev hesab edir ki, Azərbaycanda bu sahədə müəyyən ləngimələr var: “Bizim hüquqi bazamız nəinki startaplar üçün, həm də klassik sahibkarlıq üçün kifayət qədər inkişaf etməyib. Bir ildən çoxdur ki, maliyyə və innovasiyalar sahəsini əhatə edən “Yol Xəritəsi” qəbul olunub. Orada əks olunan prinsiplər və müddəalar çox vacibdir. Amma icrası əvəzinə daha çox kütləvi tədbirlər və PR yönümlü işlər aparılır. Startaplara, əlbəttə ki mənəvi və maddi dəstək vacibdir, amma onlara qrant vermək və fəaliyyətlərini yalnız sərgilərlə məhdudlaşdırmaqdansa, münbit qanunvericilik bazası yaratmaq lazımdır. Məsələn, qərar qəbul olunub ki, startap anlayışı dəqiq müəyyən olunsun və onlar müvəqqəti vergilərdən azad olunsun. Beləliklə, startap lisenziyalı bir quruma çevrilərək hansısa bir dövlət qurumuna startap olduğunu sübut etməli olacaq. Bir ildən çoxdur qurumlar bu səlahiyyət uğrunda rəqabət aparır, amma heç bir addım atmayıb”.
Startapçı bank sistemində də bu sahədə probemlərin olduğuna görə fəaliyyətlərinə başlaya bilmədiklərini vurğulayıb: “Biz kreditləşmə sahəsində avtomatlaşdırma ilə məşğuluq. Kreditlərin tam onlayn verilməsi istiqamətində yeni sistem qurmuşuq. Biz müraciəti qəbul edirik, ölçmə sistemi ilə qiymətləndiririk, müştəriyə bank seçimi veririk və həmin bank əvəzinə bütün işi görüb müştərini yola salırıq. Yəni, banka getmədən müştəri onlayn kreditə sahib olur. Bank sadəcə pulu köçürür. Bu həm riskləri, həm də xərcləri dəfələrcə azaldır. Müştəri isə maliyyəyə rahat və seçimli çıxış əldə edir. Amma işə hələ də başlaya bilmirik. Çünki qanunlarda həll edilməmiş məsələlər var. Fərdi məlumatlarla bağlı qanunlar və mərkəzi bankın tələbləri vətəndaşın hansısa bir məlumatının yoxlanılmasına yalnız yazılı razılıq əsasında icazə verir. Yəni, rəqəmsallaşan dünyada hələ də kağız daşıyıcılarından istifadə edən ölkələr var və bu da çox böyük bir əngəldir. “ASAN imza” və digər elektron imza formaları bu məsələni həll etməli idi. Amma bunlar da adi vətəndaş üçün sərfəli deyil, çünki müəyyən prosedurdan keçərək daimi ödənişlər tələb edir. Digər problem, kredit prosesi tam həcmdə yalnız Bank və BOKT-lar üçün keçərlidir. Məsələn Mərkəzi Kredit Reyesterinə “fintech” lərin çıxışı yoxdur. Bu barədə Maliyyə Bazarının Nəzarət Palatasına müraciət etsək də, cavab bu oldu ki, onun üçün ən azı BOKT olmaq lazımdır. Bu isə minimum 300000 AZN nizamnamə kapitalı və BOKT strukturu deməkdir. Yəni, startap bu addımı atsa artıq startap olmaqdan çıxır. Başqa bir problem isə bank kredit verdikdə müştəri ilə mütləq bankda görüş təyin etməlidir, yəni müştəri bank ərazisindən kənar kredit ala bilməz. Bu Mərkəzi Bankın tələbidir. Azərbaycanda hələ də PayPal işləmir".
Aqşin Məmmədəliyev bu sahədə görülən müsbət işlərdən də danışıb.
Onun sözlərinə görə, hazırda “fintech” layihələrə Asan Xidmətin İnnovasiyalar Mərkəzi, İnnoland və İnnovasiya Agentliyi müəyyən dəstəklər göstərir: “Biz INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentiyik. Mərkəz real olaraq startaplara dəstək göstərir, investorlar, xarici mütəxəssislər cəlb edir. Hətta yaxın vaxtlarda Almaniya və Silikon Vadisində açılaçaq startap mərkəzlərinə bizim akselerasiya kimi səfərimiz gözlənilir. INNOLAND rəsmi qurumların qaydaları ilə fəaliyyət göstərmir, elə əsas fərqi də ondan ibarətdir ki, mərkəzə 2 özəl vençur fondu (SUP, NEXT Step ) dəstək verir”.
Startapçı hesab edir ki, bütün bu görülən işlər kifayət etmir. İlk növbədə startaplar üçün əlverişli mühit formalaşdırmaq lazımdır: “Hazırda Azərbaycanda real iş görən startap çox azdır. Onlar içərsindən cəmi 4-5 “fintech” layihəsi tapmaq olar. Halbuki bu say daha çox oa bilərdi. Bunun üçün öncə təhsil və qanunvericilkdə müəyyən dəyişiklər olmalıdır. Startaplar üçün düzgün qaydalar müəyyən olunsa, onlar münbit şəraitdə daha yaxşı inkişaf edəcək və investorlar özləri bu sahələrə dəstək göstərmək istəyəcək. Hazırda bizdə startapların gələcəyi aydın görünmür. Yerli startaplar Azərbaycanda yaradılır, amma xaricdə qeydiyyatdan keçir. Bu da onları Azərbaycanda yaradılan, amma beynəlxalq startaplara çevirir”.
Məltəm TALIBZADƏ



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD





























