AZ

İKT yönümlü ixtisaslarla bağlı dərsiklər günün tələbinə cavab verirmi? – PROBLEM

3f9228a9363958a6a184806e10fd6710.jpg
13.02.2020 17:10

Texnologiyaların inkişafı ilə əmək bazarında yaranan kadr tələbatı həm dünyada, həm də Azərbaycanda yeni ixtisasların yaranmasına səbəb olur. Yeni ixtisasların yaranması həm də yeni dərs vəsaitlərin yaranmasıdır.

 

Maraqlıdır, Azərbaycanın ali təhsil müəssisələrində necə, yeni ixtisaslara cavab verəcək dərs vəsaitləri tələblərə cavab verirmi?

 

Mövzu ilə bağlı TED.az-a danışan Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, Azərbaycanda İKT yönümlü ixtisasların yaradılması olduqca zəruri məsələ idi: “Bu gün əmək bazarının İKT kadr təlabatı mütləq qarşılanmalıdır. Bu kadr təlabatını qarşılamaq üçün yeni ixtisasların yaradılması qarşıya qoyulan əsas məqsədlərdən biri olur. Təbii ki, yeni yaradılacaq ixtisaslarla bağlı dərs vəsaitlərində boşluqlar da mövcuddur. Təəssüflə qeyd edim ki, dərsliklərdə olan problem yalnız yeni yaradılan ixtisaslarda deyil, eyni zamanda ənənəvi ixtisasların dərsliklərində də müşahidə olunur. Düşünürəm ki, yeni ixtisaslar üzrə hazırlıq keçirən ali təhsil müəssisələri bu məsələ üzərində ciddi çalışmalıdırlar. Yeni ixtisaslara dair dərsliklərin hazırlanması olduqca ciddi və peşəkarlıq tələb edir. Məncə, yeni ixtisaslar beynəlxalq xarakter daşıdığına görə, xarici ölkələrdə tədris olunan vəsait və dərslik proqramlarından istifadə edə bilərik. Biz bu ixtisaslar əsasında hazırlayacağımız kadr yalnız yerli əmək bazarı üçün deyil, beynəlxlaq bazar üçün də hazırlayırıq”.

 

 

Yeni ixtisaslarla bağlı daha önəmli bir faktor müəllim hazırlığıdır

 

İlqar Orucov qeyd edib ki, İKT yönümlü ixtisaslar daha çox Azərbaycan Texniki Universitetində tədris olunur: “Biz AzTU-nun rektoru Vilayət Vəliyevlə də yeni ixtisasların vəsaitləri ilə bağlı problemləri müzakirə etmişik. Rektor da bildirib ki, İKT yönümlü ixtisaslarda dərs vəsaitlərinin çatışmazlığı müəssisəyə daxil olan tələbələrə günün tələbinə uyğun dərs verməkdə problem yaradır”.

 

“Yeni ixtisaslarla bağlı daha önəmli bir faktor müəllim hazırlığıdır. Əslində yeni ixtisasların yaradılması da İKT yönümlü kadrların hazırlanmasına yönəlib. Bununla bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə 44 nəfər gənc xarici ölkələrdə magistratura təhsili alır. Bu kimi addımlar gələcəkdə universitetləri daha da rəqabətə davamlı edəcək”, – deyə məsul katib əlavə edib.

 

İKT yönümlü ixtisaslar xüsusi təyinatlı ali təhsil müəssisələrini çıxmaqla demək olar ki, bütün universitetlərdə mövcuddur. Lakin bu ixtisasları ölkəmizdə ilk dəfə nomenklaturaya daxil etdirən universitetlər var ki, bu gün də genişləndirilməsində maraqlıdırlar. Bunlara İlqar Orucovun da dediyi kimi Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti və digərlərini göstərmək olar.

 

Dərs vəsaitləri bir nəfər tərəfindən deyil, qrup şəklində hazırlanmalıdır

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Cihazqayırma mühəndisliyi” kafedrasının müdiri Lalə Bəkirova isə yeni ixtisaslara dair dərs vəsaitləri azlığının ciddi problem olduğunu vurğulayıb: “Müəllim və mütəxəssislərin Azərbaycanda yeni tədris bazası tələb edən müasir İKT yönümlü fənlərə dair tərcümə etdikləri vəsaitlər çap edilib tələbələrə çatdırılanda artıq həmin texnologiya yenilənir. Buna görə də, tələbələrə çatdırılan informasiyalar gecikmiş olur. Texnologiya olduqca sürətlə inkişaf edir. Elə informasiya bazaları var ki, fundamental elm fənləri – riyaziyyat, fizika və s. orada olan dəyişikliklər çox ləng gedir. Olan dəyişikliklərdə demək olar ki, eyni bazaya söykənir. Amma İKT yönümlü fənlərdə yer alan informasiyalar sürətlə dəyişir. Əgər bu prosesin dinamikasını izləməsək, olduqca geri qalarıq”.

 

 

 

Lalə Bəkirovanın fikrincə, vəsaitlər əməkdaşlıq çərçivəsində hazırlanmalıdır: “Yeni texnologiyalarla bağlı tədris olunan və olunacaq ixtisaslara dair dərs vəsaitləri bir nəfər tərəfindən tərcümə edildikdə gecikmiş olur. Ona görə, də bu sahədə müəllim və mütəxəssislər qarşılıqlı çalışmalıdırlar. Bir vəsait qrup şəklində daha qısa zamanda hazırlanmalı və tələbələrə çatdırılmalıdır”.

 

 

Zeynəb ƏKBƏR

 

Elm bölməsindən digər xəbərlər

Daha çox