AZ

Pandemiyanın dərmanı – XİDMƏTLƏRİN ELEKTRONLAŞMASIDIR

my-gov
23.06.2020 23:13

Vətəndaşlara xidmətlərin elektron şəkildə təqdim olunmasını elektron hökumətin görünən üzü, vizit kartı da hesab etmək olar.


Deyəcəksiz bu pandemiyanın özündən də, sözündən də bezmişik. Di gəl ki, başqa yolumuz yoxdur. Heç mən də istəmirdim yazımı pandemiya ilə əlaqələndirim. Amma bağışlayın ki alınmadı.

 

Dünyanın ən qabaqcıl elmi tədqiqat mərkəzlərində bu virusa qarşı peyvəndin hazırlanması üçün işlər gedir. Ümid edirik ki, yaxın zamanda dünyamızı bu bəladan xilas edəcək peyvənd tapılacaq. Bu zamana qədər isə özümüzü qorumalıyıq. Necə? Bütün şüarlarda deyildiyi kimi – #Məsafəsaxlamaqla.
 

Soruşsam ki, bizim nə zaman məsafəni qoruya bilmədiyimizlə bağlı misal deyə bilərsinizmi, əminəm ki, ilk ağlınızdan keçən hansısa xidmətlərdən istifadə etdiyimiz zaman bir-birimizə qarışdığımız növbələr olacaq.

 

Gün ərzində minlərlə insan müxtəlif dövlət xidmətlərindən istifadə üçün evini tərk etməli olur. Bunun bir hissəsini ASAN xidmətin statistik rəqəmlərinə baxsaq aydın şəkildə görə bilərik. Sevindiricidir ki, ASAN xidmət mərkəzlərində məsafənin saxlanılmaması ilə bağlı problemlər yaşanmır, buna nəzarət olunur, onlayn növbə xidməti təklif edilir. Lakin bu gün haqqında danışacağımız isə hələ ki elektronlaşdırılmayan dövlət xidmətləri, eləcə də digər kütləvi müraciət olunan xidmətlərdir.

 

Gəlin öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hər birimiz üçün böyük informasiya əhəmiyyətinə malik Dövlət Xidmətləri Portalına göz gəzdirək.

 

 

Saytda 138 dövlət orqanının 960 dövlət xidməti reyestrə alınıb. Bu xidmətlərin isə yalnız 443-ü (46 faiz) elektronlaşdırılıb. Vətəndaşların hazırda ASAN xidmət mərkəzlərinə müraciət edərək yararlana biləcəyi xidmətlərin sayı isə 66-dır. Bu xidmətlərdən yalnız 14-ü elektronlaşıb ki, vətəndaş ASAN xidmətə getmədən də elektron şəkildə xidmətdən istifadə edə bilər.

 

Dövlət xidmətlərinin elektronlaşdırılması və elektron hökumət portalına inteqrasiya olunması ilə bağlı  ilkin hüquqi baza və qərarlar var. Buna cənab Prezidentin müaviq fərmanı və ya Nazirlər Kabinetinin 191 nömrəli qərarını misal göstərə bilərik. Çox təəssüf ki, bu qərardan 9 il keçməsinə baxmayaraq, icra olunmasında problemlər var. Bəzi qurumlar tərəfindən qərar 100 faiz icra olunsa da bir başqaları tərəfindən 9 ilə cəmi 9 faiz icra olunub.

 

Soruşduq, dedilər ki...

 

Hazırda da yaşadığımız karantin günləri bir çox xidmətlərin elektronlaşdırılmasının sürətləndirilməsini zəruri etdi. Müxtəlif peşə sahiblərini əhatə edən 100 nəfər arasında keçirdiyimiz sorğunun nəticələrinə görə, daha çox onlayn ticarət və çatdırılma, təhsil sahələrində, eləcə də yerli icra sturukturlarının xidmətlərin elektronlaşdırılması arzulanır.

 

 

Kaş ki elektronlaşaydı

 

Sorğunun digər bəndində konkret olaraq qeyd olunan xidmətlər isə vətəndaşların kütləvi şəkildə istifadə etdikləri xidmətlərdir ki, bunların elektronlaşması hər kəsin arzusudur: SMS xəbərdarlıqlar, növbə götürmə, smart tipli sayğaclara ödənişlər, informasiya sistemləri arasında inteqrasiya, informasiya sistemlərindəki məlumatların doğruluğu, sınaq imtahanları, qəbul imtahanları, arxivləşmə, xidmətlərdən mobil telefon vasitəsilə yararlanmaq, deputatların seçiciləri üçün elektron xidmətlərini yaratması, yerli icra hakimiyyətlərinin xidmətləri, elektron xidmətlər barədə maarifləndirmə və s.

 

Ekspertlər də çıxış və təkliflərində bu tip xidmətlərin elektronlaşmasının zəruriliyini qeyd edirlər. Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz Feysbuk hesabında yerli icra strukturlarının xidmətlərinin elektronlaşması barədə şərh verib və təkliflərini qeyd edib: Bu icra qurumların əksəriyyəti yerli vətəndaşlara 39 sayda, bir qismi isə 15- 25 sayda dövlət xidməti təklif edir. Bu xidmətlərin 99%-i indiyədək elektronlaşmayıb. Vətəndaşlar məcburdur ki, bu xidmətləri oflayn olaraq, müxtəlif yerli qurumlardan alsınlar. Xatırlayıram ki ASAN-nın son monitorinqində Bakı şəhərinin yerli icra qurumlarının əksəriyyəti xidmətlərin keyfiyyətinə görə 5 ulduz şkalası üzrə cəmi 1 ulduz qazanmışdı.

 

Ekspert, həmçinin Regional eGov-la bağlı hansısa konseptual sənədin olmadığını qeyd edir və təklif edir ki, bütün yerli qurumların xidmətləri eyni olduğundan vahid yanaşmanın olması, vahid bir regional eGov mərkəzin formalaşdırılması daha doğru olar.

 

Biri deyir evlisən, biri deyir subay. MyGov-da dəqiqləşdir

 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov isə informasiya sistemlərində vətəndaşlar haqqında məlumatların müxtəlif olması ilə bağlı məqama toxunub: Məsələn, bir şəxs boşanır və ya evlənir. Amma şəxsiyyət vəsiqəsini dəyişmir. Bir dövlət orqanının informasiya resursunda subay gedir, digərində isə evli və ya əksin.

 

 

Qeyd edək ki, sosial müavinətlə bağlı gələn cavablarda problem təkcə Sahib müəllimin qeyd etdiyi evlilik məsələsi ilə bağlı deyildi. Əlbəttə ki, xidmətlərin tam elektronlaşması üçün müxtəlif qurumların informasiya sistemlərindəki bu fərqli məlumatların dəqiq olması vacibdir. Bəs vətəndaşlar informasiya sistemlərindəki bu fərqli və ya səhv məlumatlardan necə xəbərdar ola və düzəlişlərin aparılması üçün müraciət edə bilərlər? Bu məqamda Elektron Hökumətin İnkişafı Mərkəzinin təqdim etdiyi MyGov portalı vətəndaşların köməyinə çata bilər. Vətəndaş MyGov portalında qeydiyyatdan keçərək elektron resurslarda onun haqqında olan bir çox məlumatlarla tanış ola bilər. Əgər bu məlumatlarda hansısa səhv varsa, “Əks əlaqə” vasitəsilə məlumatların düzəldilməsi üçün müraciət ünvanlaya bilər.

 

Elektronlaşdırmıram, əl çəkin?

 

Vətəndaşları daha çox narahat edən məqamlardan biri isə təhsillə bağlı xidmətlərin elektronlaşmasıdır. Əgər onlayn sınaq imtahanlarını təşkil etmək, onlayn qəbul imtahanı keçirmək mümkün olsaydı, bu gün 100 minə qədər abituriyent və onların 200 minə yaxın valideyni narahat vəziyyətdə qalmazdı. Qəbul imtahanlarında uğur qazananların rayonlardan məcburi olaraq universitetlərə gələrək qeydiyyatdan keçmə tələbi isə uzun illərdir hamı tərəfindən davamlı olaraq səsləndirilən və bu günə qədər də elektronlaşması istiqamətində addım atılmayan problemdir.

 

SMS: “Şəxsiyyət vəsiqənizin etibarlıq müddəti bitir!

 

Sorğuda vətəndaşlar tərəfindən qeyd olunan SMS xəbərdarlıq xidməti də hər kəs tərəfindən arzuolunandır. Misal üçün əmək müqavilələri, cərimələr, hüquqi sənədlərin vaxtının bitməsi, tibbi qeydiyyatlar, dövlət borcları, hesabatlar və s. barədə vətəndaşların qabaqcadan SMS vasitəsilə məlumatlandırılması yaranacaq bir çox çətinliyin qarşısını almış olar.

 

Rəqəmsal əllər

 

Dövlət xidmətlərinin elektronlaşmasındakı bəzi pərakəndəliyi də (hər qurum özü bu işlə məşğuldur)  rəqəmsallaşma istiqamətində bürokratik əngəl hesab etmək olar. Bir çox ekspertlər belə hesab edir, eləcə də beynəlxalq təcrübə onu göstərir ki, bu işlə vahid mərkəzin məşğul olması daha məqsədəuyğundur. Loru dillə desək, dövlət xidmətlərinin rəqəmsal həllərinin hazırlanması bir əldən çıxmalıdır. Belə olduqda informasiya sistemlərinin inteqrasiyası, yeni xidmətlərin elektronlaşması istiqamətində sürətli irəliləyiş əldə edə bilərik.

 

 

E-hökumətdən e-vətəndaşa doğru

 

Xidmətlərin elektronlaşması ilə paralel olaraq bu xidmətlərdən effektiv istifadə üçün, vətəndaşların da rəqəmsal bacarıqlarının artırılması məqsədi ilə tədbirlər görülməlidir. Əks halda elektronlaşan xidmətlərdən istifadə göstəriciləri zəif olacaq. Sözsüz ki, bu istiqamətdə medianın dəstəyi vacibdir. Bu səbəbdən rəqəmsallaşma istiqamətində ixtisaslaşan peşəkar jurnalist komandasına ehtiyac var. Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı, “Paşa Holdinq”in sponsorlugu ilə həyata keçirilən “Rəqəmsal Jurnalistikaya Doğru” proqramı bu sahədə boşluğun qismən də olsa doldurulması istiqamətində uğurlu addımdır.

 

Rəşad CƏFƏROV

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox