Universitetlərə ixtisas seçimi ilə bağlı ən çox verilən suallara cavab

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün ixtisas seçiminin vaxtını açıqlayıb. Ali təhsil müəssisələrinin I, II, III, IV və V qrupları üzrə ixtisas seçimi sentyabrın 10-dan 20-dək aparılacaq. 20 sentyabr saat 23:59-da proses yekunlaşacaq.
İxtisas seçimi ilə bağlı TED.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, abituriyentlər son 2-3 ilin keçid balları, ümumi plan yerləri və statistik təhlilə diqqət etməlidirlər: "Bundan əlavə ailə büdcəsini nəzərə almalıdırlar. Təhsil haqqını ödəyə bilməyəcəkləri ixtisasları yazmasınlar. 150 ballıq ixtisaslar üzrə müsabiqədə ümumi nəticəsi 150, blok nəticəsi 50 baldan artıq olan abituriyentlər iştirak edə bilərlər. Digərləri üzrə ümümi balı 200 olan, blok mərhələsindən isə 100 və daha çox nəticə göstərənlər iştirak edə bilərlər. 5-ci qrupdakı bəzi ixtisaslar üzrə qabiliyyət imtahanı ləğv edilib. Bunlar Məşqçilik, Musiqi müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Təsviri incəsənət müəllimliyi ixtisaslarıdır. Abituriyentlər seçim zamanı plan yerlərinin çoxluğunu nə qədər nəzərə alsalar, o qədər xeyirlərinədir".
O, həmçinin ixtisas seçimi ilə bağlı valideynlərin ən çox verdiyi sualları və onların cavabını açıqlayıb: "Soruşurlar ki, V qrup üzrə müsabiqə balı neçədir?
-Fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı müəllimliyi, məşqçilik ixtisasları üzrə Bakıda 75, bölgələrdə isə 60 bal. Digər ixtisaslarda isə 60 bal. Yalnız xoreoqrafiya üzrə 30 baldır.
-150 ballıq ixtisasların müsabiqəsində kimlər iştirak edə bilər?
Buraxılış və qəbul imtahanlarında ümumi nəticəsi 150 və daha artıq, eyni zamanda blok imtahanında 50 baldan çox nəticə göstərən hər abituriyent.
-Blok imtahanında 50 baldan aşağı nəticəsi olan, amma buraxılış və blok üzrə ümumi nəticəsi 150-dən çox olanlar ixtisas seçimlərinə buraxılır?
Abituriyent blok imtahanlarında 50 baldan aşağı nəticə əldə edibsə, o zaman I, II, III və IV ixtisas qruplarının müsabiqəsində iştirak edə bilməz. Bu isə o deməkdir ki, qeyd olunan ixtisas qrupları üzrə ixtisas seçim mərhələsinə buraxılmır. O, ərizə qəbulu zamanı V qrup və 11 illikdən kolleclərin müsabiqəsində iştirak edəcəyini qeyd edibsə, o zaman buraxılış imtahanında əldə etdiyi nəticə ilə müsabiqədə iştirak edə bilər.
-Buraxılışda 70, blokda isə 83 bal toplamışam. Ümumi 153 balım var. Bu balla həm II qrupun, həm də V qrupun müsabiqəsində iştirak edə bilərəm?
Əldə olunan ümumi nəticə ilə II qrupun, buraxılış nəticəsi ilə isə (70 bal) yalnız V qrupun müsabiqəsində iştirak etmək olar. Təsdiq zamanı həm II, həm də V qrupa aid ixtisasları seçib təsdiqləmək olar".
Qeyd edək ki, I ixtisas qrupu üzrə 14149, II ixtisas qrupu üzrə 12883, III ixtisas qrupu üzrə 11184, IV ixtisas qrupu üzrə 3705, V ixtisas qrupu üzrə 3594 olmaqla, ümumilikdə 45515 plan yeri ayrılıb.
Lamiyə SÜLEYMANLI