Azərbaycanlı blogerlər pandemiyanın təsirlərindən danışdılar

Pandemiya bir çox sahəyə öz təsirini göstərib və göstərməyə davam edir. Turizmdən tutmuş qida sənayesinə kimi bütün sektorların yaxşı vəziyyətdə olduğunu demək olmaz. Buna baxmayaraq, bəzi sahələr yaxşı nəticələrə nail olub.
TED.az olaraq bu haqda fərqli sahələrdən olan və öz sahələrində bloqları və işləri ilə fərqlənən insanlardan soruşduq.
Cəfər Nəcəfov
Cəfər Nəcəfov öz bloqu (jafarnajafov.com) və (@jafarnajafov) instagram səhifəsində biznesə yeni başlayanlara internetdən pul qazanmağın mümkün yollarını izah edir.
İlk onlayn biznesini 17 yaşında qurub 2 il sonra qurduğu biznesini satan Cəfər Nəcəfov 50-dən çox mobil proqram və oyunların tərtibatçısıdır. O, Amazon Affiliate Profits kitabının müəllifidir və Google, Feysbuk və Microsoft kimi dünya səviyyəsində tanınan şirkətlərin sertifikatlarını əldə edib. Yaratdığı layihələrlə Netty, Millinet, Uk Alumni Awards by British Council mükafatlarını qazanıb.
Cəfər Nəcəfov hazırda bir neçə elektron ticarət şirkətlərinin təsisçisi və direktorudur. Şirkətləri bu günə kimi dünyanın 100-dən çox ölkəsinə 100000-dən çox sifariş çatdırıb.
Bundan əlavə, dünyanın ən böyük pre-seed akseleratoru olan “Founder Institute”un Azərbaycan üzrə direktorudur.
Pandemiya sizin sahəyə necə təsir edib?
- Özümü şanslı hiss edirəm ki, bizneslərim pandemiyanın ən az təsir etdiyi sahələrdən oldu.
Pandemiya başlayan kimi komanda olaraq gördük ki, populyar olan sıradan məhsullarımızın satışları çox azaldı və qərara gəldik ki, artıq satış strategiyamızı insanların istəklərinə görə yox, ehtiyacına görə quraq.
Beləliklə, yanvar ayından etibarən koronavirusdan qorunmaq üçün maska, xüsusi geyim və əlcəklərin satışına başladıq. Qısa zamanda bu cür məhsulların satışları pik həddə çatdı. Əsasən ABŞ və Avropadan olan insanlar “Google-da maskanı harada ala bilərik”, — deyə yazanda bizim sayt qarşılarına çıxırdı və sifarişi bizim saytdan edirdilər.
Ona görə hər kəsə məsləhət görərdim ki, bizneslərini onlayn qursunlar ki, pandemiya və krizis baş verdikdə onların bizneslərinə ciddi təsir göstərməsin.
Fəridə Əsgərzadə
Fəridə Əsgərzadənin öz İnstaqram səhifəsində (@farida.askerzade) gənc sahibkar qadının həyatını göstərir və bu sahədə informativ məlumatlarla bölüşərək onlayn biznes konsultasiyalarını keçirir.
Fəridə Əsgərzadə - sosial sahibkar, mentor, biznes üzrə müəllim, spiker və influenserdir.
20 yaşından dünyada dəyişiklik etməyə başlamaq istəyən gənc qız hazırda “PEACHY” mobil gözəllik və sağlamlıq xidmət startap layihəsinin qurucusu və idarəedicisi (@peachy.azerbaijan), “HUMAN Foundation” platformasının qurucusu (indiyə qədər 20-dən çox layihə və 100+ tədbir təşkil edilib) @human_foundation; “HUMANPRENEURSHIP” biznes təhsili-konsaltinq platformasının qurucusu və direktorudur.
Gənc Parlamentarilərin 5-ci Qlobal Konfransında məruzəçi və 2019-cı ildə Azərbaycan Prezidenti və 3500-dən çox gəncin qarşısında Gənclər Gününə həsr olunmuş görüşündə sosial sahibkarlıq və Human Foundation haqqında çıxış etmişdir. 2019-cu ildə Azərbaycanın İlin İnfluenseri adını qazanmışdır.
Pandemiya sizə necə təsir edib?
Bir ideya yarananda işin istiqaməti necə olacaq, nə qədər aktual olacaq deyə düşünürəm. Biz komanda olaraq hər zaman onlayn işləmişik və bu yaranmış vəziyyət bizim işimizi daha çox aktivləşdirdi. Xərclər və vaxt itkisi azaldı. Bu səbəbdən də fəaliyət göstərdiyimiz sahələr daha da intensiv işləməyə başladı: “Humanpreneurship” onlayn biznes məktəbini başladıq, “Peachy” Mobil Gözəllik və Sağlamlıq Servisində (@peachy.azerbaijan) usta sayını 10-dan 30-a qaldırdıq, Peachy Store - onlayn məhsul satışları fəaliyyətə başladı, “Peachy” artıq Meksikada açıldı və bir neçə digər ölkədə açılması üçün müzakirələr gedir, çox sayda onlayn veb-seminar təşkil etmişik. “Azgranata" mağazasından içkilər onlayn ünvanlara çatdırılmağa başladı. Hazırda İnstaqram, eyni zamanda Telegram səhifəsinin üzərində çalışıram, sahibkarlıq mövzusunda podkastlar hazırlayıram.
Tariyel Ağazadə
Tariyel Ağazadə (@tariyelaghazada) İnstaqram bloqu insanlara sıfırdan startap qurmağı, onlayn pul qazanmağı, biznesi inkişaf etdirməyə kömək edəcək. Tariyel bu vaxta kimi 50-dən çox startapa dəstək olub və sürətlə böyüməsinə təkan verib. Dünyanın 30 şəhərini gəzən Tariyel, Amerikanın və dünyanın ən məşhur texnologiya mərkəzlərini gəzib və orada yaşadığı təcrübəsini öz izləyiciləri ilə paylaşır. Bundan əlavə, səhifədə startaplar üçün pulsuz “böyümə vasitələri” də paylaşılır. Uğur qazanan gənc İnstaqramdan başqa, Techland.az platformasında startap və texnologiya mövzusunda müxtəlif videolar təqdim edir və yeni çıxan cihazları icmal edir.
Pandemiya sizə necə təsir edib?
Pandemiya mənə və olduğum sahəyə müxtəlif cür təsir edib. Mənə olan ilk müsbət təsiri o oldu ki, çoxdandır açmaq istədiyim Instaqram bloqumu yaratdım. İndi öyrəndiyim və bildiyim mövzuları izləyicilərlə paylaşıram və müzakirə edirəm.
Bildiyiniz kimi, bloqumdan əlavə SUP.VC şirkətində proqramlar üzrə menecer kimi çalışıram. SUP.VC Azərbaycanın ilk açılmış akselerasiya mərkəzidir ki, beynəlxalq fokuslu yerli startaplara bizneslərini böyütmək və xarici bazara çıxmağa dəstək olur. Pandemiya zamanı şirkətimizin portfoliosunda olan startapların təqribi yarısı təyziqlərə dayanmayaraq şirkətlərini bağlamalı oldular. Buna səbəb fəaliyyət göstərdikləri sahənin pandemiyaya görə çökməsi, yaxud zəifləməsi oldu. Ancaq bəzi startaplarımız əksinə fürsətdən istifadə edərək bu dövrdə yaxşı pul qazandılar və hətta şirkətlərini böyütdülər.
Sara Rəcəbli
23 yaşlı sosial sahibkar Sara Rəcəbli (@sara.rajabli) insanlara sıfırdan sosial biznesi qurmağa, sosial sahibkarlığın yerli və xarici keyslərini öyrənməyə, beynəlxalq proqramlara müraciət və iştirak təcrübələri haqqında məlumatlar əldə etməyə yardım edir. Sara “BUTA Art & Sweets”, “Sosial Biznes Gənclər Mərkəzi“ və “Bir Fincan Kitab” sosial bizneslərin təsisçisidir. Həyata keçirdiyi layihələrlə indiyənə kimi 15.000-dən çox insana təsir göstərə bilib. Dünyanın 24 ölkəsinə müxtəlif layihələrlə səyahət edib; ABŞ, Rusiya, Şimali Makedoniya və Azərbaycanda sosial sahibkarlığa aid təlimlər həyata keçirdib. Müxtəlif layihələrdə yaşadığı təcrübəsini öz izləyiciləri ilə paylaşır. Bundan əlavə, "Azerbaijan" adlı layihəsi ilə hekayələrdə həm Azərbaycan, həm İngilis dilində ölkəmizə aid maraqlı faktları paylaşır.
Pandemiya sizə necə təsir edib?
İstənilən böhran bizə yeni imkanlar yaradır. Daha çox şəxsi inkişafım və sağlamlığıma fokuslanmağa başladım. “BUTA Art & Sweets” sosial biznesində çalışan xüsusi qayğıya ehtiyacı olan qadınların hazırladığı şirniyyatları veqan etdik və yeni müştəri seqmentinə çıxdıq. Pandemiyadan əvvəl daha çox tədbirlər üçün həmin şirniyyatları təşkil edirdik, tədbirlər ləğv olunandan sonra fərdi müştərilərə fokuslandıq və hazırda veqan mağazası ilə əməkdaşlıq edirik. Eyni zamanda inklüzivlik, əlillik və sağlamlıq mövzularına aid UAFA təşkilatı ilə birgə vebinarlar həyata keçirtdik.
Gənclərimizin xeyriyyəçilik fəaliyyətini izləyəndən sonra, sosial problemlərin həllində yeni yanaşmalar gətirmək üçün Sosial Biznes Gənclər Mərkəzi sosial sahibkarlıq mövzusu üzrə ölkədə ən böyük onlayn mentorluq proqramını keçirtdi. Proqramda 10 ölkədən 40-dan çox mentor bizim gənclərə və sosial sahibkarlara 3 ay ərzində təmənnasız mentorluq dəstəyi göstəriblər. Sosial Biznes Gənclər Mərkəzi Humanpreneurship layihəsi ilə əməkdaşlıq çərçivəsində ölkədə ilk dəfə sosial sahibkarlıq üzrə kurslara start verib. Artıq MDB və qlobal bazarlara da genişlənirik. İnsanlarımızın tənqidi düşüncə tərzini inkişaf etdirmək məqsədi ilə Bir Fincan Kitab platformasına start verdik. Müxtəlif kitab müzakirələri aparırıq və kitabları teleqram kanalımıza paylaşırıq.
Könül Quliyeva
Könül Quliyeva (@knlguliyeva) Natiqlik sənəti, Ünsiyyət texnikaları, Bədən dili və Liderlik üzrə təlimçidir.
Pandemiya sizə necə təsir edib?
Pandemiya dövründə sərt karantin başlayan kimi işimi necə virtuala daşıya biləcəyim barədə həmən düşündüm və çeviklik göstərərək təlim paketlərini onlayn formata uyğunlaşdıraraq, tələbələri onlayn təlimlərə, vebinarlara cəlb etməyə başladım. Nəticə olduqca uğurlu idi. Çünki vebinar anlayışı hələ tam formalaşmamış bir ölkədə insanlara bunu təbliğ etmək, onlayn təhsilin üstünlüklərini aşılamaq olduqca çətin idi. Lakin zamanla insanlar buna alışdı və təlimlər uğurla reallaşdı. Sosial şəbəkələrdə isə özümü və fəaliyyətimi daha çox auditoriyaya çatdırmaq imkanı əldə etdim. Silsilə şəklində tədbirlərdə iştirak etdim, vebinarlar keçirtdim. Bu baxımdan pandemiya sanki daha uğurlu oldu mənim üçün. Eyni zamanda, Instaqramdan canlı yayımlar açaraq bir çox izləyicinin maraq göstərdiyi mövzular üzrə tanınmış qonaqları dəvət edib söhbətlər apardıq.
Orxan Rzayev
Orxan Rzayev orkhanrza.com bloqunda və @orkhanrza Instaqram səhifəsində startap, rəqəmsal marketinq, müasir bizneslər mövzusunda təcrübələrini bölüşür. 2014-cü ildən fəaliyyət göstərən bloqda azərbaycan, ingilis və rus dillərində 500-dən çox məqalə yayımlanıb.
Startap və rəqəmsal marketinq sferalarında 10 illik təcrübəyə malik olan Orxan "Mediamark" Rəqəmsal Agentliyinin təsisçisidir. Həmçinin Orxan 2017-ci ildə "Eleven Kings" mobil futbol oyunu biznesinin əsasını qoyub. Şirkət İsveçrədə təsis olunub, qısa zamanda 100 min istifadəçiyə çatıb. Dünyaca məşhur futbolçu Ronaldinyo "Eleven Kings" şirkətinin ortağı olmağa və oyunun əsas siması olmağa razılıq verib. İyun ayından "Eleven Kings" startapı İngiltərə Premyer Liqa klubu "Şeffild Yunayted"lə əməkdaşlığa start verib.
İndiyədək 30 fərqli ölkənin 100-ə yaxın şəhərində olan Orxan "Web Summit" (Portuqaliya), "Startup Grind" (ABŞ), "Slush" (Finlandiya), "Pirate Summit" (Almaniya), "Seedstars" (İsveçrə) kimi qlobal startap, texnologiya tədbirlərinin iştirakçısı olub, müxtəlif ölkələrdə investorlar qarşısında təqdimatlar edib. Orxan Rzayev inanır ki, hər bir azərbaycanlı dünyanı dəyişən texnologiyalar yarada bilər.
Pandemiya sizin sahəyə necə təsir edib?
Pandemiya dövründə sürətlə böyüyən bizneslərdən biri oyun biznesi oldu. Biz də oyun startapı ilə məşğul olduğumuzdan ötən yarım il bizə müsbət təsir etdi. Baş verənləri təhlil edib, daha sürətlə inkişaf etməyi hədəfləmişik.
Ümumiyyətlə, rəqəmsal texnologiyalarla məşğul olan insanlar üçün bu kimi forsmajorlar, bir baxımdan yaxşıdır. Normal şəraitə düşünmədiyin situasiyaya uyğun yeni həllər, yeni təkliflər yarada bilirsən. Və bu yeniliklər bəzən inqilabi dəyişikliklərə səbəb olur, hansıların ki, dünya tarixində dəfələrlə şahidi olmuşuq.
Fatimə ZÜLFİQAR