AZ

Elektronlaşan imzalar – “Barmaq basmaq”dan “düymə sıxmağ”a gələn yol

ea496a996a6e6cb2b5cca400bbed58b7.jpg
12.05.2021 16:49

Yəqin “barmaq basmaq” nədir bilirsiniz. Bilməyənlər üçün qısa yaddaş yeniləməsi yetərli olacaq. Keçmişdə savadı az olanlara, “qol çəkmək”(y)i bacarmayanlara deyərdilər ki, gəl, bir barmaq bas. O adam da gedib barmağını mürəkkəbə bulayıb, sonra lazım olan sənədin altına basardı. Təxmin edirəm ki, “qol çəkmək” də belə yaranıb. Buna oxşar birləşmələr də var: “Mən bu işə qol qoyuram” və s.

 

Təəssüf ki, ilk imza nümunəsinin nə zaman, nə zərurətdən yarandığını bilmirəm. Lakin indi imzanın hansı zərurətin qarşılığı olduğunu Sizin kimi mən də anlayıram. İmzasız sənəd, imzasız söz, imzasız məktub... Deyərdim ki, imzasız hər şey etibarsızdır. Bəzən bizə yaxın olan birini xəttindən tanıyırıq, onun imzası bizim üçün xətti olur. Bəzən deyilən sözün kimə aid olduğunu bilirik, onun xarakteri, şəxsiyyəti bizim üçün imza olur, amma həyatımızda imzasız heç nə qoymuruq. Hətta sevdiyimiz, ömür boyu bir yerdə yaşamağa razı olduğumuz qadına da sonda imzası ilə inanırıq. İndi bildinizmi, imza nə deməkdir. Əminəm ki, bilirdiniz, sadəcə, Sizlərlə birgə öz yaddaşımı da yeniləmək istədim.

 

Gəlib çıxmışıq XXI əsrə, imzalarımız elektronlaşıb. Artıq barmaq basmırıq, düymə sıxırıq. Düymə sıxmağa kimi uzun inkişaf dövrü keçdik. I, II, III sənaye inqilablarını geridə qoyduq, IV sənaye inqilabının astanasına gəldik. Yun ayırmaq üçün cəhrə, buxar maşını, velosiped, avtomobil, təyyarə, kosmosa uçmaq üçün raket və bütün bu işləri idarə etmək üçün kompüter icad etdik. İşlərimiz çoxaldı, imzalamalı olduğumuz sənədlər də həmçinin... Təsəvvür edirsinizmi, cəmi 50 il bundan öncə Qəbələnin hansısa kəndində yaşayan Səlim dayının imzası yox idi, bəlkə də ömrü boyu imzalamalı heç bir sənədi olmamışdır, heç bəlkə də şəxsiyyət vəsiqəsi də yox idi. Lakin indi... Əgər həmin Səlim dayı indi yaşasaydı, onun ən azından hansısa banka külli miqdarda kredit borcu, həmin borcu almaq üçün də çoxlu sayda gözlə oxuna bilməyən xırda hərflərlə yazılan sənədlərin altında imzaları olardı. Özü öz imzası ilə təsdiqləyərdi ki, kreditim sığortalansa da, mən ölsəm, gedin arvadımın, uşağımın boğazından yapışın, borcunuzu alın. Belə yerdə deyiblər, yaxşı ki ölmüsən, ay Səlim dayı! Amma kaş, quruca bir imzan olardı.

 

Onu deyirəm axı, imza bəzən bizi çıxılmaz yola soxsa da, olsa yaxşıdır. Hələ elektronu daha yaxşıdır. Gedirsən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinə müraciət edirsən, şəxsiyyət vəsiqəni təqdim edib, 18-cə manat ödəyirsən, verirlər. Yox, əgər rəiyyət deyilsənsə, sahibkarsansa, o zaman bir az artıq xərc çəkməli olursan – 36 manat. Təqdim edəcəyin sənədlərin sayı da çox olur – VÖEN şəhadətnaməsinin forması, möhür varsa, möhürün təsdiqi və şəxsiyyət vəsiqəsinin sürəti. Bu şərtlər və sənədlər dövlət qurumları və hüquqi şəxslər üçün dəyişir. Amma mən onları da sadalamaqla baş ağrısı verməyim. Ən yaxşısı, Elektron İmza portalından özünüz, ətraflı şəkildə bu məlumatlarla tanış olun.

 

 

Əgər xoşunuza gəlsə, Elektron imza alsanız, Siz də elektronlaşdırılanlardan olacaqsınız. Necə ki, mən Qəbələdən telefonla danışan əmimin səsini olduğu kimi eşidirəm, Sizin elektron imzanız da şəxsiyyətinizi elə əks etdirəcək, yəni necə varsınız elə. Daha günlərlə qəşəng imza üçün məşq eləməli, mürəkkəbli qələm axtarmalı olmayacaqsınız.

Bu yazdıqlarımı oxuyanda bir anlıq elə bildim ki, robotlaşma haqqında çəkilən filmlər fantastik deyil, realistikdir. Bəlkə də, ola bilər, həyat sürprizlərlə doludur. Lakin ətrafda baş verənlərə nəzər salanda yanlış nöqtəyə yönəldiyimizi anlaya bilərik. Elektron imza, elektron hökumət, elektron sənəd dövriyyəsi, saysız-hesabsız elektron sistemlər elə robotlaşmanın Türkiyəli qardaşlarımız deməli, “ta kəndisidir”. Amma bu qorxulu deyil, elektronlaşmanı qəbul etmək insanların kütləvi qırğınına, Mason nağıllarına, “qızıl milyon” və s. bu kimi əsasız söz-söhbətə inanmaqla assosiasiya olunmamalıdır. Məsələn, indi məktubu elektron göndəririk, amma novruzəliləri öldürmürük. Onlar yavaş-yavaş başqa peşələrə yönəlir, məsələn, kompüter operatoru olurlar. Gələcəkdə də belə olacaq. Elektronlaşma yaxşı da olsa, pis də olsa, günün tələbatıdır. Operativlik üçün ən yaxın köməkçimizdir. Ötən il Bakutel sərgisində Azərbaycan və Belarus arasında elektron sənəd imzalandı. Bu, o deməkdir ki, yaxın gələcəkdə hansısa sənədi imzalamaq üçün Belarusa getməyə ehtiyac qalmayacaq, “düymə sıxmaq” yetərli olacaq.

 

Nicat ABDULLAYEV

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox