AZ

Ermənilərə bumeranq effekti yaşadan “Twitter” əməliyyatı

4a065b06c9cc29bf73ffde8b6f1fcb05.jpg
01.03.2021 13:40

Media Təhlil Mərkəzinin baş analitiki: “Vətən müharibəsi zamanı ermənilər çoxlu sayda “fake”lər yayırdı”

 

Maddi olaraq qidadan nə qədər asılıyıqsa, mənəvi olaraq bir o qədər də informasiyadan asılıyıq. Bilərək, ya da bilməyərək, bütün ömrümüzü informasiya aclığımızı doyurmaqla məşğul oluruq. Eşitmə əngəllilər gözü, görmə əngəllilər qulağı, həm eşitmə, həm də görmə əngəllilər əlləri, ayaqları, burnu və sairlə informasiya almağa, ətrafını öyrənməyə çalışır.

Dünyamız böyüdükcə informasiya ehtiyacımız da çoxaldı və bunun təmini üçün zaman keçdikcə müxtəlif formalarda media nümunələri yarandı. Əsrlərdir ki, bu nümunələr biri-birini əvəz  edərək uzun inkişaf yolu keçib və keçməkdədir. Bu sahədə mövcud inkişaf indi o həddə çatıb ki, artıq dövlətlər, ən müxtəlif mərkəzlər insanları, cəmiyyətləri həm də media ilə idarə edirlər. Bu mənada günümüzdə mediada təqdim edilən məlumatlar, yazılar, verilişlər, ümumiyyətlə, bütün KİV məhsulları çox vacibdir. Bu xüsusda daha ətraflı məlumat və bilgiləri sizlərə təqdim etmək üçün medianı izləyən, təhlil edən, hətta təhlilləri də təhlil edən, istiqamət müəyyənləşdirən Media Təhlil Mərkəzinin Baş analitiki Elvin Şirinovla söhbətləşdik.

 

- Elvin bəy, müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm. İşinizin mahiyyəti, medianın önəmi, media monitorinqinin nəyə lazım olması haqda fikirlərinizi eşitmək çox maraqlıdır. Ancaq öncə prosesin texnoloji tərəfi, Media Təhlil Mərkəzinin bu istiqamətdə hansı işlər görməsinə nəzər salaq... 

 

- Media Təhlil Mərkəzi 2020-ci ilin aprel ayından, yəni, artıq 10 aya yaxındır ki, fəaliyyət göstərir. Azərbaycanda medianın öyrənilməsi, trendlərin müəyyən olunması, medianın inkişafı üçün təkliflərin hazırlanması Mərkəzin yaradılması zərurətini ortaya qoydu və biz bu işə başladıq.

 

 

- Əlbəttə vacibdir və bu işin necə təşkil olunduğu maraqlıdır.

 

- Media Təhlil Mərkəzində Monitorinq və Təhlil departamentləri və onların nəzdində Monitorinq və Təhlil şöbələri fəaliyyət göstərir. Monitorinq şöbəsinin işi mediada gedən, xüsusilə xarici mediada Azərbaycanla bağlı məlumatların toplanılmasıdır. Müəyyən açar sözlərdən istifadə etməklə dünyanın müxtəlif ölkələrində bizim haqqımızda gedən məlumatlarıın monitorinqini apara bilirik. Təhlil şöbəsi bunların içində ölkəmizə qarşı təhdidlər kəsb edən məlumatları ayırır və xüsusi qeydlər aparır. Məsələn, Ermənistan mediasında bu gün nələr baş verir, trendlər nələrdir, kimlər nələrə can atır və s. Ölkə olaraq bu informasiyalar bizim üçün çox vacibdir.

 

“Videokontentlər”

Sosial Media Meneceri (SMM) və Vizualizasiya departamentlərimiz var. Bu departamentlər vacib olan informasiyalarla bağlı infoqrafik videokontentlər hazırlayırlar.

Bununla yanaşı, Mərkəz tərəfindən medianın inkişafı ilə bağlı müəyyən təkliflər hazırlanır. Biz bunu yerli və xarici medianı izləməklə, tələb və təklifi müəyyən etməklə həyata keçiririk. Bütün bunlar, həmçinin trendlərin izlənilməsi bizə müqayisə və təhlil imkanı verir. Proses əsnasında müəyyən alətlərin tətbiqi də müstəsna əhəmiyyət kəsb edir.  Xüsusi olaraq qeyd etmək istərdim ki, yekun nəticədə hazırlanan təkliflərin əhəmiyyəti olduqca yüksəkdir.

 

 

- Dedikləriniz çox maraqlıdır və əminəm ki, 10 aylıq fəaliyyətiniz dövründə əhəmiyyətli təklifləriniz olub.

 

“Xarici mənbələrlə ünsiyyətin qurulması”

“Xaricdəki məlumatların daxildə işıqlandırılması”

 

- Bəlli, belə təkliflərimiz olub. Misal üçün xarici mənbələrlə ünsiyyətin qurulması, həmçinin xaricdəki məlumatların daxildə işıqlandırılması ilə bağlı təklifləri qeyd etmək istərdim. Azərbaycan mediasında bir çox halda xarici xəbərlərin mənbəsi kimi Türkiyə və Rusiya saytlarından istifadə edilir.  Lakin Türkiyə və Rusiyadakı mənbələr birbaşa mənbə deyil, onlar da haradansa, deyək ki, bir  başqa ölkənin mediasından mənbə kimi istifadə edir.  Bizdə təəssüf ki, əksər  hallarda birbaşa mənbəyə müraciət olunmur. Bu da əsasən dil biliklərinin zəif olmasından irəli gəlir.

 

- Söhbətin  nədən getdiyini, diqqət çəkmək istədiyiniz nüansı yaxşı anladığımdan oxucular üçün daha geniş izahat verməyinizi xahiş edirəm!

 

- Əlbəttə, böyük məmnuniyyətlə! Təsəvvür edin ki, Böyük Britaniyada hansısa siyasi hadisə baş verib. Bu zaman biz həmin hadisə barədə məlumatı birbaşamənbədən yox, Rusiya, yaxud Türkiyə mediasından götürüb auditoriyaya təqdim edirik. Bu da o deməkdir ki, biz Böyük Britaniyada baş verən həmin siyasi prosesə Rusiyanın, yaxud da Türkiyənin prizmasından baxmış oluruq.

 

“Jurnalistlərin peşə bacarığının inkişaf etdirilməsi”

 

- Bizim digər təkliflərimiz də xüsusi əhəmiyyət kəsb edir. Məsələn, bir  təklifimiz də Azərbaycanda jurnalistlərin peşə bacarığının inkişaf etdirilməsi ilə bağlıdır. Cəmiyyətdə baş verən trendlərin müəyyən olunması, onların təsir - əks təsir gücünün ölçülməsi, ictimai rəy sorğuları da çox önəmlidir. Biz bu işlərdə də öz töhfəmizi veririk. Sorğu keçirərək müəyyən məsələlər haqqında əhalinin fikirini, gözləntilərini öyrənib buna müvafiq qurumların diqqətini cəlb edirik. Bütün bunlar vətəndaşın həm media ilə, həm də dövlətlə münasibətlərinin lazımı səviyyədə qurulmasında olduqca vacib əhəmiyyət kəsb edir.  

 

 

- Bu gün mediamız olduqca rəngarəngdir. Eyni zamanda bu sahədə qeyri-peşəkarların çoxluğu səbəbindən Azərbaycan mediasının yüksək inkişaf səviyyəsindən danışmaq da çətindir. Belə bir şəraitdə doğru, obyektiv təhlil aparmaq çətin olmur ki?

 

- Əslində, köhnə qaydalar əsasında müşahidələr aparsaq, müəyyən qədər çətinlik yaranardı, bəlkə də, dediyiniz kimi doğru nəticə əldə etmək mümkün olmazdı. Lakin biz müasir “soft”ların, yəni proqram təminatlarının sayəsində bilirik ki, insanlarımız “Google”dan nə axtarır?! “Twitter”də Azərbaycanın top trendləri hansılardır?! Yaxud da Vətən müharibəsi dövründə həştəqlər istifadə olunurdu. O həştəqlərin nəticəsini təhlil etmək lazım idi. Bu işdə bizə həmin proqram  təminatları kömək edirdi. Həmin proqramlarla rahat şəkildə təhlilləri aparır və doğru nəticələr də əldə edirdik.

 

“Twitter” həştəqləri – Hədəfə dəqiq zərbə endirən GÜLLƏ KİMİ TVİTLƏR

 

Rəngarənglik məsələsinə gəlincə isə mən bunu əsasən ölkəmizdəki söz azadlığı ilə əlaqələndirərdim. Azərbaycanda xeyli sayda kütləvi informasiya vasitələri mövcuddur. Ən müxtəlif səpkidə xəbərlər dərc olunur. Bu xəbərlərlə bağlı müəyyən təhlillər hazırlanır. Məsələn, görürük ki, hardasa “fake” məlumatlar yayılır. Təbii ki, həmin bu “fake”lər xaricdən də yayıla bilər. Əlbəttə, bu bizim üçün təhdid ola bilər. Bu tendensiya sezilən kimi mütəxəssislərimiz məlumatları təhlil edir. Yenə də Vətən müharibəsi zamanından misal gətirmək istəyirəm. Bildiyiniz kimi müharibə zamanı  ermənilər tərəfindən çoxlu sayda “fake”lər yayılırdı. Onların təkzib olunması, bununla bağlı təkliflərin hazırlanmasını da həyata keçirirdik.   

 

 

ÖZƏLLİKDİR, LAKİN GÖZƏLLİK DEYİL: “Azərbaycan mediasında istifadə olunan əsas dil Azərbaycan dilidir”

 

- Xaricdən cəlb olunan mütəxəssislərlə təlimlərin keçirilməsi, jurnalistlərimizin xarici dil biliyinin artırılması çox vacibdir. Azərbaycan mediasında istifadə olunan əsas dil Azərbaycan dilidir. Lakin dünyaya Azərbaycan həqiqətlərinin çatdırılması üçün xarici dillərdən istifadə əsas şərtlərdən biridir.

Digər tərəfdən bəzi məqamlar var ki, Azərbaycan auditoriyası onsuz da onlardan xəbərdardır. Məsələn, Azərbaycanın XX əsrdə başına gələn faciələrdən cəmiyyət məlumatlıdır, həqiqətləri də bilir. Bizə lazımdır ki, bu həqiqətləri xaricə, digər ölkələrin auditoriyalarına çatdıraq. Əlbəttə ki, bunun üçün xarici dil bilikləri lazımdır. Azərbaycan jurnalistləri ilə əməkdaşlıq etmək istəyən çoxlu sayda xarici KİV var. Yaxud da hansısa hadisə ilə bağlı bizim jurnalistlərin rəyini öyrənmək istəyə bilərlər. Bu səbəbdən  jurnalistlərin dil biliklərinin inkişaf etdirilməsi olduqca vacibdir.

 

 

- Söhbətdən belə aydın olur ki, işiniz kifayət qədər genişmiqyaslı və əziyyət tələb edən bir işdir. Texnoloji həllərdən bəhs etdiniz. Hansı belə həllərdən söhbət gedir?

 

“Talkwalker”, “Google trends”, “Buzzsumo”, “Trendscore”... – MEDİA MONİTORİNQ ALƏTLƏRİ

 

- Qeyd etdiyim kimi əsasən proqram təminatlarından istifadə edirik. Sosial şəbəkələr və “Youtube”da “Datsumo” sistemindən istifadə edərək ən çox hansı məlumatların yayıldığını öyrənib təhlil edə bilirik. “Twitter”də “Talkwalker” sistemi ilə top xatırlanma sayını qeyd edə bilərik. Bu sistemlə sosial şəbəkələrdə və onlayn mediada hansısa açar sözün nə qədər xatırlandığını izləyə bilirik. “Google trends” vasitəsilə müəyyən açar sözləri daxil edərək, həmin açar sözlərin necə dəyişdiyini, yəni onunla bağlı axtarışların necə aparıldığını görürük. Hansı dövrlərdə yüksək, hansı dövürlərdə aşağı səviyyədə olduğunu da izləmək mümkündür.

Digər tərəfdən “Youtube” trendləri və onlayn mediada ən çox dərc olunan məlumatlarla bağlı axtarışlar aparırıq. “Trendscore”lar vasitəsilə ən çox dərc olunan, ən çox oxunan, paylaşılan mövzuları müəyyən edə bilirik. Həmin mövzuların müəyyən olunması sonradan təkliflərin hazırlanmasına imkan verir. Proqram təminatlarının əsas üstünlüyü məlumat çoxluğuna rəğmən, təhlilin həyata keçirilməsidir. Məsələn, bir həştəqlə bağlı 15-20 min xatırlanma ola bilər. Əlbəttə, istək olsa, bəlkə də bunu əllə də saymaq olar. Lakin “Talkwalker” sistemi ilə bu , sürətli şəkildə avtomatik olaraq həyata keçirilir.

 

- Madam ki, “Twitter”dən danışdıq, Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin tvitlərini xatırlamamaq haqsızlıq olardı...

 

- Bəlli, müharibə zamanı “Twitter”in Azərbaycan seqmentində çox böyük canlanma baş verdi. Bunda bilavasitə cənab Prezidentin tvitləri mühüm rol oynayırdı. Hətta görürdük ki, insanlar Prezident İlham Əliyevdən yeni ərazilərin azad olunması ilə bağlı tvitlər gözlədiklərini yazırdılar. Onu da deyə bilərəm ki, Azərbaycan auditoriyası düşmən təhdidlərinə qarşı güclü mövqe sərgilədi. Bu baxımdan, döyüş meydanındakı kimi informasiya müharibəsində də qalib tərəf biz olduq. Yeri gəllmişkən, “Twitter” paylaşımları ilə də bağlı bizim təkliflərimiz oldu. İlk olaraq tvitlərin həştəqlərlə paylaşılması və düşmənin yaratdığı həştəqlərdən bizim də istifadə etməyimiz çox effektiv oldu. Məsələn, düşmən hansısa bir əməliyyat, yaxud da şəhərimizlə bağlı saxta məlumat yazaraq həştəqlə paylaşırdı. Biz isə doğru məlumatı öz həştəqlərimizlə yanaşı, qarşı tərəfin həştəqi ilə də paylaşırdıq. Bu zaman qarşı tərəfin həştəqi ilə məlumat axtaranlar həmçinin Azərbaycan tərəfinin mövqeyini də görmüş olurdular. Bu yolla doğru məlumatı digər auditoriyaya da çatdırırdıq. Bu, çox vacib nüans idi.

 

- Yəqin ki, qarşı tərəf də bu üsuldan istifadə edirdi...

 

- Onlar müəyyən qədər cəhd göstərirdilər. Lakin istəklərinə nail ola bilmirdilər. Bu məsələdə say çoxluğu bildiyiniz kimi bizdə idi və say həlledici məqamdır.

 

 

- Siz “Google”, “Twitter”, “Youtube” üzərindən aparılan monitorinqlərdən danışdınız. Məlumdur ki, bu resurslar bir əməliyyat sistemi üzərindən fəaliyyət göstərmir. “Android”, iOS və daha başqa əməliyyat sistemləri də var. Bu baxımdan nə qədər əhatəli monitorinq apara bilirsiniz?

 

- Bununla bağlı hazırda iş aparırıq. “Soft” bazasını təkmilləşdiririk. Bu təkmilləşdirmələrdən sonra digər platformalarda olan məlumatların monitorinqini də həyata keçirə biləcəyik.

 

- Bizdə “Facebook” daha çox populyardır. Ölkə olaraq bizə “Facebook”üzərindən hücumlar edilirmi?

 

- “Facebook” lokaldır. Belə deyək ki, bizim dostlarımız, gördüyümüz və bizi görənlər əsasən Azərbaycandan olur. Digər ölkələr üzrə də belədir. Düzdür, bu məsələ açıqlanmır, amma birmənalı olaraq belədir – “Facebook” lokaldır. Təbii ki, kiminsə dostları xarici ölkələrdəndirsə, o həmin ölkələrdən gələn təsiri görəcək. Lakin hələlik “Facebook” üzərindən elə bir hal müşahidə olunmayıb. “Twitter”də isə vəziyyət fərqlidir. Trendlər “Facebook”dan fərqli şəkildə formalaşır. Yəni əvvəl də qeyd etdiyim kimi həştəqlər burada əsas rol oynayır.

 

 

- Medianın monitorinqi, kənardan baxmaq və təhlil etmək.  Bu kontekstdə yəqin ki, Azərbaycan mediasının inkişafına töhfə verə biləcək tövsiyələriniz var!

 

- Bu barədə yəqin ki, səlahiyyətli şəxslər təkliflər hazırlayırlar. Fikir olaraq demək istərdim ki, xarici mənbələrə, ələxüsus anonim, mənbəyi məlum olmayan “Telegram” kanallarına istinad edərkən son dərcə ehtiyatlı olmaq lazımdır. Çünki  o məlumatlar məqsədli yerləşdirilə bilər. Bütün hallarda hesab edirəm ki, anonim, mənbəyi məlum olmayan informasiyanı tirajlamaqdan qaçmaq lazımdır.

 

Nicat ABDULLA

Foto: İntiqam ƏHMƏDOV

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox