AZ

Türkiyə-Azərbaycan Universiteti növbəti tədris ilində tələbə qəbuluna başlayacaq

 

172655b8c9db0d9837c41186006befef.jpeg
03.05.2024 16:57

Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ilində Türkiyənin Orta Doğu Texniki, İstanbul Texniki və Hacettepe universitetlərinə tələbə qəbuluna başlayacaq.

 

TED.az xəbər verir ki, bu barədə Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri professor Erol Özvar bildirib. İki ölkənin ortaq universitetinin yaradılmasının Azərbaycan və Türkiyə prezidentlərinin rəhbərliyi ilə reallaşdığını vurğulayan E.Özvar deyib: “Hər iki prezidentin ortaq iradəsinə uyğun olaraq, Türkiyənin Ali Təhsil Şurası ilə Azərbaycanın Elm və Təhsil Nazirliyi arasında aparılan danışıqlar müsbət nəticə verdi və Bakıda universitetin yaradılması ilə bağlı razılıq əldə olundu. Türkiyə-Azərbaycan Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq".

 

Bunun dünyada yeni ali təhsil modeli çərçivəsində həyata keçiriləcəyinə diqqət çəkən E.Özvar Bakıda qurulan universitet daxilində Türkiyənin Orta Doğu Texniki, İstanbul Texniki və Hacettepe kimi qabaqcıl ali təhsil müəssisələrinin proqramlarını açacaqlarını bildirib. O deyib: “Bu üç universitetin kompüter, sənaye və qida mühəndisliyi proqramları Türkiyə-Azərbaycan Universitetinin çətiri altında tələbə qəbuluna başlayacaq. Bu universitetlər “Baku Campus” adı altında öz diplomlarını verə biləcəklər. Türkiyə-Azərbaycan Universitetinin çətiri altında bu proqramları uğurla başa vuran tələbələr müvafiq universitetlərimizin diplomlarını alacaqlar. Tələbələrin qəbulu isə bu ali təhsil müəssisələrinin mövcud qaydaları əsasında həyata keçiriləcək”.

 

Bu modelin beynəlxalq müqavilələrlə qurulan digər universitet modellərindən bəzi hallarda fərqləndiyinə diqqət çəkən E.Özvar bildirib ki, Türkiyə bununla yeni ali təhsil müəssisəsi qurmaqdansa, artıq uzun illərdir elm-təhsil, elmi araşdırma fəaliyyətlərini davam etdirən və bu sahədə özünü doğrultmuş universitetlərinin proqramlarını ölkədən kənarda açacaq.

 

YÖK sədri Türkiyə-Azərbaycan Universitetinin bənzər modelinin digər ölkələrdə də qurulması istiqamətində danışıqların aparıldığını, böyük ehtimalla Azərbaycanda sonra Özbəkistanla da bu istiqamətdə birgə fəaliyyətə başlayacaqlarını deyib.

TED + bölməsindən digər xəbərlər

Daha çox