Hansı avtomobil markası harada istehsal olunur? – ARAŞDIRMA

Uşaqdan böyüyə kimi demək olar ki, hamı avtomobil markaları ilə maraqlanır. Bu gün yüzlərlə avtomobil markası mövcuddur. Məşhur markaların adlarını hamımız bilirik. Bəs bu markaların hansı ölkələrə aid olduğunu bilirikmi? Hamımızın rahatlıqla istifadə etdiyi bu avtomobillər üçün hansı ölkələrə borcluyuq?
TED.az araşdırdı və avtomobil markalarını aid olduğu ölkələrə görə qruplaşdırdı. Nəticəni sizə təqdim edirik:
Amerika Birləşmiş Ştatları istehsalı olan avtomobillərdən başlayaq. Bu avtomobillər bütün dünyada kifayət qədər ad qazanıb. Hər bir markanın onlarla modeli, hər modelin özünəməxsus üstünlükləri var.
Amerika istehsalı olan markalar bunlardır: “Cadillac”, “Pontiac”, “Lincoln”, “Jeep”, “Hummer”, “GMC”, “Ford”, “Dodge”, “Chrysler” və “Chevrolet”.
Almaniya avtomobil istehsalı üzrə dünya bazarında ön sıralardan birində dayanır. Bir çox ölkələr də “Alman dəqiqliyi”nə güvəndikləri üçün məhz bu ölkınin istehsal etdiyi avtomobillərə üstünlük verir. Bu hansı markalardır? “Smart”, “Audi”, “BMW”, “Maybach”, “Mercedes-Benz”, “Mini cooper”, “Opel”, “Porsche” və “Volkswagen” kimi markalar məhz Almaniya istehsalıdır.
İngiltərə də avtomobil istehsalında yetəri qədər ad qazanmış ölkələrdən biridir. “Jaguar”, “Land Rover”, “Lotus”, “Morris”, “Rools Royce”, “Rover”, “Sunbeam” və “Aston Martin” kimi markalar İngiltərə istehsalı olan dünya brendləridir. Onu da qeyd edək ki, sadaladığımız markaların çoxu kifayət qədər nadir və bahalı avtomobilləri ilə seçilir.
Fransa istehsalı olan avtomobillərin də arasında çox bahalı modellərə rast gəlirik. “Bugatti”, “Citroen”, “Dacia”, “Peugeot” və “Renault” Fransa istehsalı olan markalardır. Onu da qeyd edək ki, “Bugatti La Voiture Noire” 18 milyon dollarlıq qiyməti ilə dünyanın ən bahalı avtomobili statusunu qazanıb.
İtaliya istehsalı olan avtomobil markalarına nəzər salaq. “Alfa Romeo”, “Ferrari”, “Fiat”, “Lamborghini” və “Maserati”. Bu avtomobil markaları arasında “Ferrari” və “Maserati” bahalı avtomobil həvəskarlarının vaz keçilməz seçimidir.
Yaponiya da avtomobil istehsalı üzrə qabaqcıl ölkələrdən biri hesab olunur. “Toyota”, “Suzuki”, “Subaru”, “Nissan”, “Mitsubishi”, “Mazda”, “Lexus”, “İnfinity”, “Honda” və “Daihatsu” kimi markaların istehsalçısı məhz bu ölkədir. Xatırladaq ki, “Toyota” şirkəti dünyada ən çox avtomobil istehsal edən şirkətdir.
“SsangYong”, “KİA”, “Hyundai” və “Daewoo” kimi markalar Koreyada istehsal olunur. Bu markalar “ən bahalı”lar sırasında olmasalar da mütəmadi olaraq ən çox istifadə etdiyimiz avtomobillərdir.
“Volvo” və “Saab” avtomobil markaları İsveçdə istehsal olunur. Nəzərinizə çatdırırıq ki, “Volvo” dünyanın ən təhlükəsiz avtomobili hesab edilir. Lakin bu başqa bir araşdırmanın mövzusu olduğu üçün bu barədə gələn yazılarımızın birində sizə məlumat verəcəyik.
“DFM” (Dong Feng Motor) və “Chery” kimi avtomobil modelləri Çində, “Skoda” Çexiyada, “Seat” İspaniyada, “Lada” və “Volqa” kimi markalar isə Rusiyada istehsal olunur.
Onu da qeyd edək ki, 2017-ci il sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkəti İranın “İran Khodro” şirkəti ilə birgə layihə həyata keçirib və avtomobil istehsalı zavodunun təməli qoyulub. Zavodda “Khazar”lə yanaşı, "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modeli də istehsal olunur.
Həmçinin ölkəmizdə 2010-cu ildən fəaliyyət göstərən Naxçıvan Avtomobil Zavodu və 1986-cı ildə əsası qoyulan Gəncə Avtomobil Zavodu mövcuddur. Naxçıvan Avtomobil Zavodu ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. Zavodda müxtəlif gücə malik sürət qutuları ilə təchiz olunmuş “Lifan” avtomobili istehsal olunur. Eyni zamanda zavodda yük-bortlu, yük-furqonlu avtomobillər və miroavtobus da istehsal olunur. Zavodun Naxçıvan və Bakı şəhərlərində satış və servis mərkəzləri fəaliyyət göstərir. Naxçıvan Avtomobil Zavodu Çinin “Chongqing Lifan Industry” şirkəti ilə birgə fəaliyyət göstərir.
Sovetlər Birliyinin dağılması nəticəsində Gəncə Avtomobil Zavodunun tikintisi yarımçıq qalsa da 2004-cü ilin dekabırında işə salınıb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2009-cu ildə isə zavodda 1000-ci traktor istehsal olunub.
Günay ƏLİYEVA