AZ

İllərin müqayisəsi: “Canon” - “Nikon” - FOTOQRAFLARIMIZ NƏ DEYİR?

1102f441c7cdfdab42cb3609f6a47929.jpg
23.05.2019 17:35

Fotoqraf və video dünyasının iki nəhəng markası şübhəsiz ki, Canon və Nikondur. Bəs bu ikisindən hansını seçməliyik və niyə? Bu sualı fotoqraf kimi fəaliyyət göstərən, bu işə yeni başlayan, ətrafdan eşidən hər kəs soruşa bilər. Əslində isə ikisinin də bir-birindən fərqli xüsusiyyətləri var.

 

İllərin müqayisəsinə bir az da olsa aydınlıq gətirmək üçün TED.az olaraq bir neçə fotoqrafın fikirlərini öyrənməyə çalışdıq.

 

 

 

Kənd Təsərüffatı Nazirliyinin fotoqrafı Elxan Qəniyev nə ilə çəkildiyi deyil, necə çəkildiyi önəmlidir fikirlərini qeyd edir: “Əslində bu bir qədər absurd sualdır. Çünki hər sahənin sözsüz ki, müqayisə  oluna bilməyəcək bir yanı var. Artıq 8 ildir bu sahə ilə məşğulam. “Nikon” markalı  fotoaparatdan  istifadə  edirəm. Nəyə görə “Nikon”? Çünki “Nikon” realistdir. Real nə görürsünüzsə onu sizə verir və onun üzərində düzəliş işləri aparmaq daha rahat olur. Amma bu fotoaparatların seqmentindən asılı olaraq da dəyişir. Həm Nikonun, həm də “Canon”-un üstün özəlliklərə sahib markaları  var. “Canon”-un  ən son modeli olan “1dx mark 2” və “Nikon”-un ən son modeli olan “D5” ilə  eyni parametrlərlə çəkiliş etdikdə görürəm ki, aralarında fərq var. Məsələn: Nikon 2 stop “Canon”-a nəzərən işıq alma bacarığına malikdir və daha qaranlıq məkanlarda daha keyfiyyətli işlər çıxarır. “Canon” isə bu işdə məni bir az daha geridə qoyur və onun rənglərində mənim sevmədiyim xüsusiyyətlər var. Çünki “Canon” çəkiliş zamanı rənglər üzərində işləmələr edir. Yəni məsələn hər hansı qırmızı rəng varsa fotoda onu ideal qırmızı rəngə çevirib sizə təqdim edir və bu da bəzi məqamlarda insanlar üçün o dərəcədə də uyğun deyil. Bunu bütün markalarına aid etməkdə düzgün deyil, amma 50-60 % “Canon” markalı fotoaparatlarda bu belədir. “Canon”-un və “Nikon”-un ən böyük problemlərindən biri, “Canon” sarıya, “Nikon” isə qırmızı rəngə daha çox “çalır”. Amma, bunlar da artıq son cıxan modellərdə o qədər də problem halına çevrilmir.

İnsan fotonu çəkəndə kamerası ilə deyil, ruhu ilə çəkir. Önəmli olan fotonun insanlara necə çatdırılmasıdır. Təbii ki, ahəng önəmli məsələdir. Bu fotoqrafın yaradıcılığından asılı olan məsələdir. Heç kim deyə bilməz ki, “Canon” pisdi və ya “Nikon” yaxşıdır, həmçinin əksinə. Hər bir markanın hər şeydə olduğu kimi həm mənfi, həm də müsbət xüsusiyyətləri var. Hətta ən bahalı fotoaparatın belə mənfi xüsusiyyətləri var. Bəzi  fotoaparatlar var ki, 100 meqapikseldir, lakin sürəti yavaşdı, elə kamerada var ki, 16 meqapikseldir amma onun sürəti digər fotoaparatdan qat-qat yüksəkdir. Yəni qısacası bu zövq məsələsidir”.

 

 


Bakı Media Mərkəzində fotojurnalist kimi fəaliyyət göstərən Vüqar İbadov: “ 2000-ci illərdən “Nikon” markalı aparat ilə işləyirəm. Hal-hazırda da Nikonla işləyirəm, amma bu o demək deyil ki, başqa brend fotoapatlardan istifadə etmirəm. O ki, qaldı “Nikon” və ya “Canon” məsələsi,  mən deyərdim ki, “Nikon” bir çox keyfiyyətlərinə görə “Canon”-dan üstündür.  Bu üstünlükləri peşəkarlar daha yaxşı bilir. Hər fotojurnalist bunun fərqinə varmır. Belə bir deyim ortaya atıblar ki, yaradıcı işlərdə (fashion, , portret, toy-bayramlarda) “Canon” daha  effektivdir. “Nikon”  isə  fotojurnalistikada (sport, ekstim tipli çəkilişlərdə) effektivdir. Normalda hər ikisi ilə istənilən mövzuda çəkmək olar. Yəni burada əsas rolu  fotoaparat  yox, insan oynayır. Peşəkara  “D40”,  anlayışı az olana isə “D5” və ya “1dx mark 2” markalı fotoaparat  verin.  Sizcə hansı daha yaxşı çəkər?”

 

 

 

Fotoqraflar.com saytının veb-redaktoru və xüsusi fotoqrafı  Elgün Əliyev bildirir ki: “Fotoaparat keyfiyyətdir. Hansı aparatdan istifadə etdiyinin heç bir önəmi yoxdur, önəmli olan mənanı lazım olduğu kimi insanlara çatdırmaqdır. Bunu adi smartfonla belə bacarmaq olar. Mən özüm “Sony” və “Canon” istifadə edirəm, amma “Nikon”-un da bir çox üstün keyfiyyətləri var ki, onları da bəyənirəm”.

 

 

 

Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri, fotojurnalist Mirnaib Həsənoğlu bildirir ki: "İdeal heç bir fotoaparat  yoxdur  sadəcə  seçim edilir: “ Bu günki günümüzdə tanınma sayına əsasən “Canon” “ Nikon”-dan daha irəlidədir.” Canon” ilk əvvəldən video formatı  Hd  format istehsal etdi və bununla demək olar ki, böyük bir kütləni özünə tərəf çəkə bildi.  Lakin” Nikon” markası da keyfiyyət baxımından  heç də ondan geri qalmır  və hətta demək olar ki, bəzi parametrlərinə görə “Canon”-u  qabağlaya bilir. “Nikon” markalı fotokameraya 50 il bundan qabaq buraxılmış obyektivi belə qoşub istifadə etmək  mümkündür. Lakin Canonda bu belə deyil”.

 

 

 

Modern.az saytının fotojurnalisti  İsmət Paşayev: “Mən uzun müddətdir ki, “Canon” istifadə edirəm. Mənim fikrimcə foto çəkmək üçün “Canon” daha əlverişlidir. “Nikon”-da  rənglər daha isti olur, amma “Canon”-da bu belə deyil. ” Canon”-dakı  rənglər  reallığa  daha  yaxın  olur.  Belə də deyə bilərik ki, “Samsung” “ İphone” müqayisəsində” Nikon””Samsung”-u əvəz edir. Ümumilikdə  Azərbaycanda “Canon” istifadəçiləri  “Nikon”-a nisbətən daha çoxdur.  Amma bu o demək deyil ki, “ Canon” “Nikon”-u  geridə qoyur, xeyir, bu  heç də  belə  deyil. Hər markanın özünə  məxsus  üstünlükləri  var”.

 

 

 

Bir çox yerli və xarıcı mediya ilə əməkdaşlıq edən, sənədli fotojurnalistika sahəsində öz imzasını atmış Famil Mahmudbəyli bildiri ki: “Əgər  fotoqraf  bir fotoda insanlara  mahiyyəti  göstərə  bilirsə  o zaman keyfiyyət önəm daşımır. Fərq etmir “Canon”, yaxud  “Nikon” və  ya digər  markalı  fotokamera. Sənədli fotoqrafiyada  fotonun  mahiyyəti  daha ön planda durur. Çünki  fotonun gözəl olması ilk növbədə  onun  kefiyyətində  deyil, mahiyyətindədir. Fotonu  çəkən gözdür,  texnika isə həmin anı,  gözün  görə  bildiyini sadəcə dondurur.

Yaxşı  fotoqraf  olmaq ilk növbədə hansı markalı  fotokameranın olması  deyil, əsas baxış  bucağı, hər kəsin görə bilmədiyini görmək və fərqliliyi ön planda göstərmək  tələb edir. Belə olan halda telefonla da yaxşı foto çəkmək mümkündür.”

 

Sona Nərimanqızı

TED + bölməsindən digər xəbərlər

Daha çox