AZ

"Robot işimi əlimdən aldı" – Süni intellekt jurnalisti necə əvəz etdi?

53ccd73a3c84dbbdc41881ce933eb1c8.jpg
03.06.2020 12:52

Microsoft şirkəti MSN veb saytında işləyən bir neçə jurnalisti işdən azad etmək qərarına gəlib. İşdən azad olunan media nümayəndələri süni intellektlə əvəzlənəcək. Microsoft-un mətbuat xidmətindən verilən məlumata görə, jurnalistlərin işdən çıxarılması və süni intellektdən istifadə pandemiya xərclərini azaltmaq məqsədi daşımır.

 

Onlar qeyd ediblər ki, jurnalistlərin robotlarla əvəzlənməsi iş prosesinin optimallaşdırılması ilə bağlıdır. İxtisarlar zamanı ABŞ-dan ən azı 50, Böyük Britaniyadan isə 27 işçi vəzifəsindən azad ediləcək.

 

“Bütün şirkətlər kimi biz də daim işimizi qiymətləndiririk. Bu, bəzi sektorlara sərmayənin artmasına, digərlərində isə mənbələrin yenidən bölüşdürülməsinə səbəb ola bilər. Bu qərarların heç biri pandemiyanın nəticəsi deyil ", - deyə şirkətin açıqlamasında bildirilir.

 

 

 

Xarici mətbuatın yazdığına görə, şirkət rəhbərliyi işdən azad olunan işçilərə xidmətlərinə ehtiyac qalmadığını və robotların onların işlərini icra edə bildiklərini deyiblər. İşçilərlə bağlanmış müqavilələrə xitam verilməsi avtomatlaşdırılması proqram çərçivəsində qısa müddətdə qəbul edilib.

 

"Süni intellekt hamımızı necə əvəz edəcəyi haqqında çox məlumat oxudum. Əgər buradasınızsa, eşidin - robot mənim işimi əlimdən aldı", - deyə işdən çıxarılan jurnalistlərdən biri sosial şəbəkələrdə bildirib.

 

Jurnalistin sözlərinə görə, süni intellektin xəbər seçimi üçün istifadə edilməsi qərarı müəyyən təhlükə daşıyır.

 

Çünki komanda bir çox istifadəçi üçün travmatik ola biləcək qəddar və ya yersiz məzmunlu xəbərlərdən yayınaraq "ciddi redaksiya siyasətinə" riayət edir. Süni intellektin isə bu işin öhdəsindən necə gələcəyi hələ məlum deyil. İxtisar edilmiş işçilərin əsas işi agentliklər və portallar tərəfindən yayımlanan xəbərləri seçib, materialları sayta uyğun formada hazırlayıb, başlıqlara dəyişiklik etmək olub. Bu xəbərlər daha sonra reklam gəlirlərini orijinal mənbələrlə bölüşən Microsoft şirkətinin saytlarında yayımlanıb. Microsoft bu işlə 25 ildir – 1995-ci ildə MSN veb saytının istifadəyə verdikdən bəri məşğuldur. Təxminən iki il əvvəl Microsoft News aqreqatoru yaradılıb. Bundan sonra şirkət qürurla elan edib ki, "dünyanın 50 ölkəsindən 800-dən çox redaktor"la layihə üzərində işləyirlər. Lakin son zamanlar süni intellektin hər sahədə daha məhsuldar olacağına güvənən Microsoft şirkəti müxətlif iş sahələrində robotlardan istifadə etməyə başlayıb. Beləliklə də, artıq Microsoft süni intellektdən xəbərləri tez bir zamanda silmək və avtomatik olaraq yoxlamaq, eləcə də illüstrasiyalar seçmində istifadə edir.

 

 

 

 

 

Şirkət pandemiyanın onlarla işçinin robotlarla əvəz edilməsinə təsirini inkar etsə də, məlumdur ki, koronavirusun yayılması ilə bütün dünyada media biznesi həm TV-də, həm qəzet, həm də internet saytlarında reklam gəlirlərinin azalması ilə üzləşib. Bu isə özlüyündə media nümayəndələrinin əməkhaqqına təsir göstərib. Ümumiyyətlə, son illərdə robo jurnalistika qlobal şəkildə yayğınlaşır. Bu üsulla azalan tirajların, eləcə də internetdə reklam gəlirlərinin azalmasının qarşısını almağa çalışırlar.

 

Məşhur media eksperti Joshua Bento: "Jurnalistika yalnız materialın giriş və çıxışını fərqli yazmaq deyil, həm də dayanmayan və inkişaf edən bir bacarıqdadır.Demək istəmirəm ki, süni intellekt heç vaxt bizə çatmaz, amma mənə elə gəlir ki, bu proseslər hələ bizə çox uzaqdır".

 

Robojurnalistika ilə bağlı müzakirələr bir neçə sual da yaradır.

 

  • Jurnalist işinin hansı hissəsini avtomatlaşdırmaq olar?
  • Bu zaman iş təhlükə altında qala bilərmi?

 

Media ekspertləri hesab edirlər ki, hazırkı mərhələdə süni intellekt sistemi yalnız adi jurnalistlərin gördüyü işləri icra edir. Yəni, robotlar insanlar üçün daha çox vaxt aparan böyük həcmli statistik məlumatların birləşməsi üçün istifadə olunur. Robot jurnalistikasını şərh edən mütəxəssislər maraqlı bir fikir də səsləndiriblər. Robot müxbir ölən bir şəxsin qohumlarına zəng edərək onların nə hiss etdiklərini soruşa bilərmi? Məlum olduğu kimi, bəzən "ölüm çağırışları" jurnalistlərin müraciət etməli olduqları mübahisəli, lakin lazımlı təcrübədir. Gələcəkdə robotlar təhlükəli və həssas məzmunlu materiallara necə yanaşması sual altına qalır.

 

Səsləndirilən fikirlərdən belə qənaətə gəlmək olar ki, robot jurnalistin sadəcə üçüncü əli ola bilər. Süni intellekt köməkçi qismində xüsusi proqramlar vasitəsilə hansısa materialın axtarışında və ya toplanmasında rol oynayır.

 

 

 

 

Ancaq ortada olan əsas fakt odur ki, dünya ölkələrində xüsusilə də ABŞ-da süni intellektin mediada istifadəsi çoxalır. Məsələn, 2014-cü ildən bu günədək ABŞ-ın Geoloji Xidmətinin məlumatlarına əsaslanan LA Times-də yayılan zəlzələ xəbərdarlıqları avtomatlaşdırılıb. Bu media orqanları sırasına məşhur Washington Post da qoşulub.

 

Sözügedən media orqanı ötən il elan etdi ki, yuxarı siniflər arasında keçirilən futbol oyunlarına dair material süni intellekt tərəfindən hazırlanacaq.

 

Maraqlıdır, bu məqalənin robot jurnalist tərəfindən yazıldığını bilsəydiniz özünüzü necə hiss edərdiniz? Ümumiyyətlə, bu yazının robo jurnalist tərəfindən yazıldığını təxmin edə bilərdinizmi? O zaman fikirləşdiyinizdən də daha sürətli gələn "robocorr" dövründə sizi salamlayırıq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox