AZ

DİM cavab kartlarınızı bu cihazla yoxlayır - VİDEO

b865d2d4b0882a4ae76e301b68ca1152.jpg
20.07.2020 11:20

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün imtahan verən, nəticələrin açıqlanmasını gözləyən abituriyentləri maraqlandıran məsələlərdən biri də sual kitabçalarının hansı texnoloji cihazlarla, necə emal olunması, insan amilinin rol oynayıb-oynamamağıdır. 


TED.az çoxlarının səbirsizliklə gözlədiyi nəticələrin emal olunma prosesi barədə əhatəli məlumat üçün Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.


Müəssisədən bildirilib ki, DİM elektron hökumətin inkişafı sahəsində ən aktiv fəaliyyət göstərən qurumlardan biridir: "Mərkəz öz işində informasiya texnologiyaları imkanlarından yetərincə istifadə edir. DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda hər il yarım milyondan çox insan iştirak edir. İnformasiya və kommunikasiya texnologiyalarını kütləvi proseslərin idarə olunmasına tətbiq edən ilk dövlət qurumu da məhz DİM olub. Elektron xidmətlərin bu proseslərə tətbiqi  işin öhdəsindən layiqincə gəlməyə imkan verir.

 

Qapalı tipli və kodlaşdırıla bilən açıq tipli tapşırıqların cavablarının yoxlanılması iki mərhələdə həyata keçirilir:


1.Məlumatların  kağız daşıyıcıdan elektron formata keçirilməsi;


2.Cavabların doğru-səhv olmasının yoxlanılması.


Birinci mərhələ 2 tip avadanlıq vasitəsi ilə həyata keçirilir. 


- OMR optik skaynerlər (10000 kağız/saat) 


- Canon skaynerlər (3000 kağız/saat)


Hər iki skayner ikiüzlü, rəngli və öz sinfinə görə sürətlidir. İkinci mərhələ isə mütəxəssislərin tərtib etdiyi proqram təminatları vasitəsi ilə həyata keçirilir".


Qeyd olunub ki, burada hansısa avadanlıq cavabı yoxlamır: "Avadanlıq sadəcə kağızdakı məlumatı tələb olunan elektron formata çevirir. Yoxlama isə xüsusi tərtib olunmuş proqram vasitəsilə aparılır. Bu prosesdə müxtəlif mütəxəssislər iştirak edir, hər birinin öz proqramı, öz alqoritmi olur. Təbii ki, yanaşmalar müxtəlif olsa da, nəticə eyni olmalıdır. Əgər suala cavab qeyd olunubsa, etalon cavabla eyni olduğu halda doğru, əks halda səhv hesab olunur. Əgər cavab qeyd olunmayıbsa, boş hesab olunur".


Maraqlıdır, cihazların səhvetmə ehtimalı neçə faizdir? 

 

Mərkəzdən bildirilib ki, imtahan verən tərəfindən cavab kartı doldurulan zaman qaydalara tam əməl olunmalıdır: "Bu halda aparat səhvə yol verə bilməz. Cavab kartlarının üzərində doldurulma qaydaları əks olunub. Əslində burada qeyri-adi nəsə yoxdur. Dairələr tam qaralanmalı və qara və ya tünd rəngli qələmdən istifadə olunmalıdır. Açıq tipli, yəni yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması üçün isə proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.


Hər bir yazı işi əvvəlcə “scan” olunur və iki marker tərəfindən qiymətləndirilir. Markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir. Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.


Bundan əlavə, imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanır və markerlər hansısa tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmır".


Bununla yanaşı, bu il yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib: "Hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub".


Mərkəzdən sual kitabçalarının çap olunması prosesi barədə də məlumat verilib: "DİM hələ 2012-ci ildən çap edilən imtahan materiallarının keyfiyyətini yüksəltmək, sual kitabçalarını fərdiləşdirmək, yəni sual kitabçasını hər bir iştirakçının adına çap etmək, insan müdaxiləsi tələb etməyən, tam avtomatlaşdırılmış çap həlli vasitəsilə imtahan materiallarının təhlükəsizliyini təmin etmək məqsədilə imtahanlar üçün “Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” layihəsinin tətbiqinə başlayıb. 

Bu layihə DİM-in keçirdiyi bütün növ imtahanlarda hər bir imtahan iştirakçısı üçün tam avtomatlaşdırılmış şəkildə, imtahan zalları üzrə paketlənmiş fərdi sual kitabçalarının hazırlanmasına imkan verir. Fərdi olaraq çap olunmuş sual kitabçalarının üzərində abituriyentə aid həm açıq, həm də kodlaşdırılmış bütün zəruri şəxsi məlumatlar öz əksini tapır. Bu da məhdud sayda əvvəlcədən hazırlanmış sual kitabçalarının imtahan prosesinə gətirdiyi məhdudiyyətləri aradan qaldırdığı üçün səmərəlidir. Kitabçaların fərdi məlumatları ehtiva etməsi imtahanlarda yazılı tapşırıqlardan da istifadə olunmasına şərait yaradır. Belə ki, bu tapşırıqlar sonradan yoxlanarkən kodlaşdırılmış fərdi məlumatlar sayəsində yazı işinin kimə məxsus olduğunu təyin etmək mümkün olmur və bu da şəffaflıq baxımından daha əhəmiyyətlidir. Qeyd olunan üstünlüklər göstərir ki, bu layihə imtahan prosesinin təhlükəsizliyini daha da artırır.
 

“İmtahan üçün Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi” hər bir imtahan iştirakçısının sual kitabçasının heç bir texniki səhv olmadan çap olunmasına və kitabçanın həmin şəxsin imtahan verəcəyi zalın zərfinə qoyulmasına təminat verir. Bu proses sual kitabçalarının hazırlandığı bütün mərhələlərdə müşahidə kameralarının nəzarəti altında həyata keçirilir".

 

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox