AZ

Səndən proqramçı olmaz, get işinlə məşqul ol!

77a25b39f44f9588721693a56f62966d.jpeg
19.06.2019 14:40

Müasir dövrün ən papulyar peşələrindən biri, bəlkə də birincisi proqramçı kimi adlandırdığımız kompyuter mühəndisliyidir. Həkimlikdən və hüquqşünaslıqdan sonra valideyinlərin böyük əksəriyyəti övladını proqramçı görmək istəyir və fikirlərini belə əsaslandırır: Bu peşəyə təlabat çoxdur, iş tapmaq asandır, məvacib yüksəkdir, ofis şəraitində, kompyuter arxasında, konkret iş saatı olan rahat işdir və s.

 

Bu peşə haqqında demək olar ki, aksioma çevrilmiş fikirlər də də var.

Qızlardan yaxşı proqramçı olmur;

Proqramçı riyaziyyatı çox güclü bilməlidir;

Hiperaktiv insandan proqramçı olmaz, proqramçı olmaq üçün saatlarla oturmağı bacarmaq lazımdı. Ona görə də intravert adamlar bu peşədə daha uğurlu olur və s.

 

Gəlin baxaq, həqiqətənmi bu fikirlər aksiomdur, yoxsa?

 

İlk olaraq müəyyən edək ki, proqramçı peşəsi insanlardan hansı bilik və bacarıqları tələb edir. Təbii ki, bununla da bağlı fikirlər müxtəlif ola bilər.

 

Psixoloq Aygün Ağabalayeva TED.az-a açıqlamasında bildirib ki, proqramçılıq kənardan çox rahat görünsədə müəyyən şəxsi keyfiyyətlər tələb edən peşədir: “İlk növbədə proqramçı stresə davamlı olmalıdır. Psixoloji problem olan “emosional yanma”ya proqramçılar daha çox məruz qalırlar. Ona görə də vaxtlarını düzgün bölməyi bacarmalı, işə və istirahətə düzgün vaxt ayırmalıdırlar. Diqqətlərini konsentrasiya etmə, axtarışda olmaq, liderlik qabiliyyəti  kimi şəxsi keyfiyyətləri olmalıdır. Analitik təfəkkürləri və yaradıcılıq xüsusiyyətləri yaxşı inkşaf etməlidir. Həmçinin, münasibət qurma bacarığı olmalıdır. Bəzən insana  elə gəlir ki, proqramçıya münasibət qurma bacarığı lazım deyil, tək oturub komputer arxasında işləyə biləcək, amma digər sahələrdə olduğu kimi burda da insanlarla birgə işləmək, bölüşmək bacarığının olması vacibdir”.

 

 

Bəs proqramçılar necə düşünür? Onlar özlərini digərlərindən hansı xüsusiyyətləri ilə fərqləndirirlər?

 


 

Hamı elə düşünür ki, o, iş yoldaşlarına kömək edir. O isə...

 

Proqramçı Ruslan Mürsəlov öz peşəsini çətin peşələrdən hesab edir: “Hazırda ən gəlirli sahələrdən biri İT sahəsidir. Gənclərin böyük əksəriyyəti bu sahəyə maraq göstərsələr də, problemlərlə qarşılaşan kimi geri çəkilirlər. Zənnimcə  proqramçıya lazım olan xüsusiyyətlərdən ən başlıcası səbr və həvəsdir. Proqramçıda daim yeni texnologiyaları öyrənmək, biliklərini artırmaq istəyi, problemi həll etmək bacarığı olmalıdır. Böyük proqramçılar (Freelancer) çox vaxt tək işləyirlər. Ona görə də qarşıya çıxan problemlərin öhdəsindən tək başına və innovativ metodlarla gəlməlidirlər. Günümüzün proqramçıları ən azı rus və ingilis dilini bilməli, bu dillərdə olan materialları və sənədləri başa düşməlidirlər. Həmçinin,  proqramçı görməli olduğu işlərdən sonra işdə qalib öz üzərində işləməyi və digərlərinə köməklik göstərməyi bacarmalıdır. Beləki, başqalarına kömək etməklə, həm də öz biliklərini artırmış olur”. 

 

Proqramçı olmaq üçün  riyazi və xarici dil bilikləri kifayət qədər yaxşı olmalıdır deyən,Təhmin Babayev bu fikrini məşğul olduğu sahənin daim yenilənməsi ilə əlaqələndirir: “Çünki riyazı biliklər analitik düşünmə qabiliyyətini inkişaf etdirir. Proqramlaşdırma sahəsi çox sürətlə yenilənən bir sahədir. Azərbaycan dilində isə resurs tapmaq çox çətindir. Bu baxımdan proqramlaşdırma dili haqqında nəsə öyrənmək, müəyyən bir məsələni həll etmək üçün xarici dil bilgisinin olması mütləqdir.  Xarakterə gəldikdə,  proqramçı xaraktercə sakit təbiətli olmalıdır. Bəzən  tələblər  qarşısında sakitliyi qorumaq çox çətin olur. Buna görə də, proqramçı yaranmış problemlərə, absurd tələblərə deyil,  məsələnin həllinə konsentrasiya olmağı bacarmalıdır”.

 

 

Proqramçı olmaq üçün hər şeydən öncə PROQRAMÇI OLMAQ İSTƏMƏLİSƏN

 

Proqramçı Mübariz Feyziyevin fikrincə proqramlaşdırma sahəsində karyera qurmaq və inkişaf etmək üçün vacib məqamlar var: “Ən başlıca şərtlərdən biri texnologiya olan həvəs və maraqdır. Digər vacib məqam isə fərdin özündə yaradıcılıq, araşdırma bacarığı, məntiqi təfəkkür kimi keyfiyyətlərin olmasıdır. Belə bir fikir var ki, proqramçı olmaq üçün riyazi biliklər vacibdir. Ölkəmizdə bəzən bu fikir ilə razılaşmayanlar olur. Buna səbəb də ölkə bazarında mövcud olan bir çox veb və mobil layihələrdə güclü alqoritmik biliyə ehtiyacın olmamasıdır. Lakin qeyd etmək lazımdır ki, riyazi biliklər məntiqi təfəkkürün inkişafına, alqoritmik düşünmə qabiliyyətinin artmasına kömək etdiyi üçün bu biliklərin ən azı təməl səviyyədə olması lazımdır. Peşəkar bir proqramçı texnologiyaya bağlı olmur, onun üçün qarşıya qoyulan tapşırıq və yaxud hər hansı bir layihə sadəcə “problem”-dir. O,  problemin həll  yollarını araşdırır və lazım olan texnologiyalardan istifadə edərək həlli tapır”.

 

Əvvəldə qeyd etdiyimiz kimi, fikirlər müxtəlidir. Müxtəlif fikirlər arasından PROQRAMÇILAR üçün “olmazsa olmaz” 10 keyfiyyət müəyyən etdik. Baxın görün Sizdən proqramçı olarmı?

 

  1. Problemi həll etmək qabiliyyəti
  2. Analitik təfəkkür
  3. Əzmkarlıq
  4. Komandada işləmə bacarığı
  5. Konsentrasiya bacarığı
  6. Diqqətin davamlılığı
  7. Alqoritmik yanaşma
  8. Məsuliyyət
  9. Kommunikasiya qabiliyyəti
  10. Təşəbbüskarlıq

 

Qeyd edək ki, bu keyfiyyətlər arzuolunandır, lakin məcburi deyil. Bunlar işlədiyiniz  şirkətdən və işdəki  mövqeyinizdən asılı olaraq dəyişə də bilir. Lakin dəyişməyən bir şey var – İSTƏK. Siz proqramçı olmaq istəməsəniz bunu heç vaxt bacarmayacaqsınız!

TED + bölməsindən digər xəbərlər

Daha çox