AZ

Bəs siz nəyə qıcıqlanırsınız? – Sosial şəbəkə istifadəçiləri onları əsəbləşdirən paylaşımlardan danışdı

a6f37da17d0e681b12ee8359c221d8f0.jpg
17.07.2019 10:37

Sosial şəbəkələrdə hər gün yeni profillər açılır, müxətlif paylaşımlar və rəylər yazılır. 3 milyarddan çox istifadəçisi olan Feysbuk sosial şəbəkəsində bir dəqiqə ərzində milyonlarla postlar və şəkillər paylaşılır. Psixoloqların fikrincə, həmin paylaşımlar şəbəkə istifadəçilərinin xarakterini açıqlayır.  

 

Maraqlıdır, bəs görəsən, əsrimizin fenomeni olan sosial şəbəkə istifadəçilərini daha çox hansı postlar qıcıqlandırır?

 

TED.az bununla bağlı sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib.

 

Aytən Namazova: “Sosial şəbəkələrdə, əlbəttə ki, qıcıq olduğum paylaşımlar var. Məsələn, yazırlar “Allahın salamı olsun hər kəsin üzərinə”, “gecəniz xeyrə qalsın” və s. bu nədir? Bunun bir məntiqli açıqlaması var? Bu kimi postları paylaşmaqda məqsəd nədir? Bir sosial şəbəkə istifadəçisi nə qədər bekar ola ki, səhifəsində bu tərzdə paylaşımlar etsin. Bu kimi postlar məni dəhşətli dərəcədə qıcıqlandırır . Bir də ki, bəzi paylaşımlar var “filan müğənni açıq-saçıq şəkillər çəkdirdi”, “filankəs filankəslə filan yerdə yaxalandı”, “filan məşhur sərxoş oldu”, “şok..şok..şok filankəs bahalı maşın aldı” və s. – bu iradım sosial şəbəkə üzərindən paylaşım edən media nümayəndələrinədir. Mən Şəbnəm Tovuzlunu tanımırdım. Amma sosial şəbəkələrdə o qədər onun haqqında yazdılar ki, tanımağa məcbur qaldım. “Şəbnəm belə yaxalandı”, “bahalı maşın aldı” yazıb əlavə də fikirlərinizi bildirin deyə qeyd edirlər. Mən buna niyə fikir bildirim ki? Bunun nə kimi əhəmiyyəti var ki? Mentalitet mövzularından istifadə edib bəyənmə, şərh yığan istənilən istifadəçiyə qıcıq oluram”.

 

 

Cavid Abbasov: “Feysbukda əsasən kiminsə, başqa birinə sətiraltı söz deməsini heç xoşlamıram. Məncə, sözü olan virtual yox, real şəkildə deməlidir. İnstaqramda isə həyatlarının ən xırda detallarına qədər çəkib paylaşılanlar məndə qıcıq yaradır. Əlbəttə, sosial şəbəkələr azad bir platformadır. Hər kəs istədiyi şəkildə paylaşımlar edə bilər. Amma bir də kənardan baxsınlar və bizi də anlamağa cəhd etsinlər”.

 

 

Kafiyə Oruc: “Sosial şəbəkələrin təhdid obyektinə çevrilməsi məndə qıcıq yaradır. İnsanların özəlini açıq şəkildə paylaşaraq “klaviatur qəhrəmanı” kimi görünmək istəyi heç də etik deyil. Təəssüf ki, son zamanlarda bu kimi hallar sosial şəbəkələrdə dəb halını alıb və bir çox istifadəçi buna haqq qazandırır”.

 

 

Şamil Şərifov: “Sosial şəbəkələrdə bəzi səhifələrin paylaşımlarına və onlara yazılan şərhlərə qıcıq oluram. Bunlar əsasən yumor səhifələridir. Feysbukda xəbər səhifələrində yazılan aidiyatsız başlıqlara da dəhşətli dərəcədə qıcıq oluram”.

 

 

Əfsanə Salehova: “Sosial şəbəkələrdə qıcıq olduğum məqamlardan biri istifadəçinin gün ərzində 20 və daha çox hekayə paylaşmasıdır. Səsli mesajlara və ard-arda yazılan sms-lərə qıcıq oluram”.

 

 

Samir Əliyev: “İlk başda dini paylaşımlar və təbii ki, onlara yazılan şərhlər gəlir. Postlar adətən tamamən savadsız və heç biri dini mənbəyə əsaslanmır. Şərhlərdə isə digər dini inanclara və ateizmə qarşı çox sərt fikirlər olur. Digər qıcıq olduğum məqam isə sosial şəbəkələrdə “yaralı” yerimiz olan yerlibazlıqdır.  Bölgələr haqqında bir post yazılır, sosial şəbəkə istifadəçiləri şərh bölməsində dalaşır, biri-birini təhqir edirlər. Və təbii ki, “qadın ovçuları”. Bir qızın sosial şəbəkələrdə post yazması kifayətdir ki, işi-gücü olmayan, internetə qız tutmaq üçün daxil olan oğlanlar şərh yazsın. Sonra fenomenlərdən danışa bilərik. Hal-hazırda elə vəziyyətdədir ki, onlar olmasa bəzi səhifələr postsuz qalar”.

 

 

Ayşə Müseyibli: Sosial şəbəkələrdə məni ən çox qıcıqlandıran “motivasiya” adı ilə paylaşılan yazılardır. Bir də görürsən ki, imkanlı bir adam uşaqlıqdan (maddi imkanın) qazandığı “nailiyyətlər”dən danışır. 5 dil bilirəm, musiqi alətlərində ifa edirəm, kompüter biliklərim və s. Sonra da çəkilən “əziyyətin bəhrəsindən” danışır ki, bu da gülünc görünür  və məni əsəbləşdirir. Eyni zamanda, yaxınlarının məzar daşları ilə şəkil çəkdirib paylaşan insanlar mənə  səmimi gəlmir. Bunu niyə edir, nə ehtiyac görür anlamıram”.

 

 

Sadiq Yakovenko: “Sosial şəbəkələrdə çox şeylərə qıcıq oluram. Amma ən çox hamamda, “WS”də, yataq otağında hətta yatağında şəkil paylaşan istifadəçilərə qıcıqlanıram. Bu, kimin nəyinə lazımdır? Yaxud da bal ayı keçirib hər bir xırda detalları paylaşan insanlara. Qısası, desəm özəl həyatlarını tamamilə virtual aləmə daşıyan insanlara qıcıq oluram. Mesajları söz-söz yazan (hətta dostum olsa belə) şəxsləri isə birbaşa bloka atıram”.

 

 

Nur Seyidova: “Gözdən ürək çıxan smayliklər və sevgi etirafları sosial şəbəkədə ana səhifəmi zəbt edəndə qıcıq oluram. Feysbukda qrup yaradıb məni ora soruşmadan əlavə edəndə isə sanki əsəbdən şoka düşürəm. Bəzi istifadəçilərin pafoslu postları və özlərinin realda olduqlarından qat-qat fərqli aparmaqları da məni qıcıq edir. Əzizlərim, sizi zatən real həyatda tanıyırıq, ehtiyac yoxdur belə şeylərə”.

 

 

Sənan Quliyev: İdmançıların idman yarışlarında bəzən məğlub olması (xüsusilə də, arzuolunmaz ölkəyə) məni qıcıqlandırır. Bu zaman ona qarşı yazılan postlara və rəylərə qıcıq oluram. Çox dəxlisiz, qeyri-ciddi bəziləri üçün zarafat kimi görünən, amma əslində “düşük” olan statuslara əsəbləşirəm. Sənin imkanın var sosial şəbəkələrdən azad şəkildə istifadə edirsən. Heç olmasa dəyərləndir bu imkanı. Sosial şəbəkələrdə insanların həyatını müzakirə edən, öz eqosunu aşırı dərəcədə təmin edəcək paylaşımlar da qıcıq yaradır”.

 

 

Rəvan Cavid: “Məsələ burasındadır ki, sosial şəbəkə platformaları virtual ünsiyyət və süni hərəkətverici xarakterlə təhlükəli fərdiçiliyi qurtarmaq istəyirdisə, bu gün bunun əksi yaşanır. İnsanlar daha çox özünə qapanır və daxili eqonun xaotik böyüməsi onları asosiallaşdırır. İnsanlığın mahiyyətindən getdikcə, uzaqlaşması məni narahat edir. Bütün bu hadisələr baş verə-verə biz hələ də sosial şəbəkə profillərimizə xüsusi diqqət ayırmağı üstün seçir, bu və ya digər yolla əsəbləşir, xoşbəxt olur, kədərlənirik və s. Düşünürəm ki, metamodern  düşüncənin hakim kəsildiyi bir cəmiyyətə  daha çox ehtiyacımız var, nəinki brendlər erasına”.

 

 

 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox