AZ

“Ağıllı şəhər” və “ağıllı kənd” layihələrində “yaşıl” texnologiyaların tətbiqi müasir dövrün tələbidir

dd50a4ace77a9e6224eaf285e8681403.jpg
18.06.2021 17:34

Vətən müharibəsindəki Zəfərdən sonra ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpası istiqamətində dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad edilmiş ərazilərə böyük qayıdış məsələsi reallaşdırılmalı olan beş mühüm məsələdən biri kimi qarşıya qoyulub.

 

Bunu TED.az-a açıqlamasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev söyləyib.

 

Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparıldığını deyən Əlövsət Əliyev Prezident İlham Əliyevin 2021-ci il aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzaladığını xatırladıb, eyni zamanda, işğaldan azad edilmiş Zəngilan rayonunda “ağıllı kənd”lərin salınması işlərinə başlanıldığını diqqətə çatdırıb.

 

Müsahibimiz qeyd edib ki, “ağıllı şəhər” və “ağıllı kənd”in bünövrəsini IV Sənaye İnqilabının əşyaların interneti, bulud texnologiyaları, süni intellekt, robot, böyük verilənlər və s. elementləri olan müasir texnologiyalar təşkil edir. Dövlətimizin başçısının “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncamının icrası müvafiq sahədə görülən işlərə geniş imkanlar yaradır.

 

Hazırda dünyanın əksər ölkələrində iqtisadi artım ətraf mühitin deqradasiyası, çirklənmə səviyyəsinin artması, təbii resursların tükənməsi, biosferin pozulması və iqlim dəyişikliyi kimi mənfi təzahürlərlə müşahidə olunur. Sənaye, məişət və elektron tullantıların idarə edilməsi sisteminin işlənməsi və həyata keçirilməsi istənilən ölkə qarşısında duran ən mühüm və aktual məsələlərdən hesab edilir.

 

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri deyib: “Ağıllı şəhər” və “ağıllı kənd”lərdə “yaşıl” əmək fəaliyyəti, “yaşıl” iqtisadiyyat, “yaşıl” istehsal, “yaşıl” təfəkkür və “yaşıl” həyat tərzi gələcək həyatımızın əsas komponentlərindən birinə çevrilməlidir. Müşahidələr göstərir ki, “yaşıl” iqtisadiyyatın səmərəli formalaşma və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi müasir informasiya texnologiyalarının tətbiqi əsasında həyata keçirilə bilər.

 

“Ağıllı şəhər” və “ağıllı kənd”lərdə “yaşıl” iqtisadiyyat və “yaşıl” istehsal dedikdə, ilk növbədə, təbiətin qanunlarını nəzərə alan, ətraf mühitə heç bir mənfi təsir göstərməyən və təbii ehtiyatlardan səmərəli və yüksək qənaətlə istifadə edən insanın sənaye və kənd təsərrüfatındakı fəaliyyəti nəzərdə tutulur. Hazırda dünyanın inkişaf tendensiyalarına müvafiq olaraq sənaye iqtisadiyyatı daha çox “yaşıl” texnologiyalar əsasında inkişaf etdirilir.

 

İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi, “yaşıl” texnologiyaların tətbiqi insanların rifahının daha da yüksəldilməsinə hesablanıb. Bu, ölkə iqtisadiyyatının inkişafına da böyük töhfələr verəcək”.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox