AZ

“Akademik mühitdə kibertəhlükəsizlik” adlı maarifləndirici tədbir keçirilib

f28951442ce975cbfcea092b9ffe38af.jpg
07.10.2025 14:00

Oktyabrın 3-də Azərbaycan Dillər Universitetində (ADU) Strateji inkişaf və planlama şöbəsi, PR Point Baku və TEXIO Academy-nin birgə təşkilatçılığı ilə “Akademik mühitdə kibertəhlükəsizlik” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirin məqsədi tələbə və akademik heyəti rəqəmsal təhlükələr barədə məlumatlandırmaq və informasiya təhlükəsizliyinin əhəmiyyətinə diqqət çəkmək olub.

 

Açılışda çıxış edən ADU-nun Strateji inkişaf və planlama şöbəsinin rəhbəri Röya Əliyeva kibertəhlükəsizliyin həm milli, həm də qlobal səviyyədə strateji prioritet olduğunu vurğulayıb.

 

PR Point Baku-nun təsisçisi və direktoru, ADU məzunu Aida Ramiz tələbələrin bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməsinin əmək bazarında xüsusi önəm daşıdığını qeyd edib.

 

TEXIO Academy-nin təsisçisi və direktoru Elgün Bəxtiyaroğlu kibertəhlükəsizlik, rəqəmsal savadlılıq və məlumatların qorunması mövzularında təqdimatlarla çıxış edərək bildirib ki, kibertəhlükəsizlik yalnız texnoloji bilik deyil, həm də insan amili və maarifləndirmə ilə sıx bağlı bir sahədir.

 

“Women in Cybersecurity Azerbaijan” icmasının üzvü Zəhra Şahbazova çıxışında qeyd edib ki, icma ölkədə ilk dəfə kibertəhlükəsizlik sahəsində çalışan qadınları bir araya gətirib və bu sahədə qadınların sayının getdikcə artacağına inanır.

 

Strateji inkişaf və planlama şöbəsinin mütəxəssisi Səxavət Nəciyev dünya miqyasında rəqəmsal mühitdə mövcud olan risklər və onlara qarşı təhlükəsizlik tədbirlərindən danışıb. O, həmçinin “Kibertəhlükəsizlik və kibermüharibə mövzusunda seçilmiş açar sözlər üzrə aparılmış tədqiqatların bibliometrik təhlili” adlı tədqiqat nümunəsi əsasında bu sahədəki akademik tendensiyalara diqqət çəkib.

 

Tədbir müzakirələr, sorğular və tələbələrin sualları ilə davam edib. Sonda ən yüksək nəticə göstərən tələbələr TEXIO Academy tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox