AZ

Kral Şir (2019): yalnız başlanğıcdır, tezliklə bütün filmlər virtual reallıqda çəkiləcək

5750b766c9bfa22e4093647fea616eea.jpg
29.08.2019 11:09

Aktyorlara ehtiyac olmayacaq – gələcək animasiyanındır

 

İyulun ortalarında fotorealist kompüter animasiyasından istifadə edərək çəkilən "Kral Şir" filmi ekranlara çıxdı. Qrafika o qədər inandırıcı görünürdü və filmdən gələn gəlir o qədər böyükdür ki, kinonun gələcəyinin texnologiyada olduğuna şübhə yaratmır.

 

Döyüşdən əvvəl məşq

 

Son illərdə Disney klassik cizgi filmlərinin canlı remeyklərini yaratmağa böyük maraq göstərir. Studiya üçün bu, yeni nəsil tamaşaçıları klassik cizgi filmlərinin yeni modernləşdirilmiş versiyaları ilə tanış etmək üçün bir yoldur.

 

Məşhur cizgi filmindən əvvəl rejissor Con Favro öz gücünü əfsanəvi "Cəngəllik kitabı"nın (1967 cizgi filmi) yenidən çəkilişində sınadı. Düzdür, orada tək qrafiklə iş bitmədi: yaradıcı Mauqli roluna canlı aktyor dəvət etdi - on yaşlı Nil Sethi.

 

 

Filmdə iştirak edən digər aktyorlar yalnız başları ilə oynayırdılar: kameralar yalnız üz əzələlərinin hərəkətlərini çəkirdi (Motion Capture texnologiyası ilə). Sonra animatorlar nəticəni heyvanların üzlərinə köçürürdülər. Bu layihə üzərində 800 rəssam çalışırdı və onlar iki komandaya bölünmüşdü. Birici komanda heyvanlara, ikinci isə floranın yaradılması üzrə ixtisaslaşmışdı. Kompüter qrafiklərindən istifadə edərək fotorealistik mənzərəni yenidən yaratmaq üçün əvvəlcədən Hindistanın təbiətindən 100 min kadr çəkilmişdi. İş yüksək qiymətləndirildi: təsvir ən yaxşı vizual effektlər üçün Oskar mükafatını aldı.

 

Maraqlısı odur ki, qrafika hazır olduqdan sonra Mouqlinin özü çəkildi. Boş mavi otaqda aktyoru yönləndirmək üçün əllərində kuklalar olan aktyorlar kömək edirdi.

 

Texnologiya sənəti necə “uddu”

 

İki Oskar qazanan 1994-cü ildə ekranlara çıxan “Kral Şir” cizgi filmi bu günə qədər kino tarixində ən yüksək kassa gəlirli əl ilə çəkilmiş cizgi film olaraq qalır.

 

Yeni "Kral Şir" dünyada tamamilə VR-də çəkilmiş ilk animasiya filmidir. Yaradıcılara xromakey (iki və daha artıq kadrın, təsvirin bir kompozisiyada birləşdirilməsi texnologiyası) və Motion Capture texnologiyasından istifadə etməyə ehtiyac qalmadı: bütün təsvirlər virtual reallıqda müasir kompüter animasiyasından istifadə edərək yaradıldı. Anlaşılan tərzdə desək, Favro cizgi filmin remeykini film studiyasının funksionallığı ilə kompüter oyununda çəkdi.

 

Çəkiliş zamanı rejissor və operatorlar VR-eynəkləri taxır və virtual Afrikanı gəzirdilər

 

"Siz hərəkətin harada baş verdiyini görmək üçün qarniturdan istifadə edirsiniz. Bütün bunlar əsl canlı filmin çəkilişinə bənzəyirdi", - filmin quruluşçu-operatoru Kaleb Deşanel bildirir.

 

Filmin yaradıcıları virtual kamera üçün düzgün rakurslar seçir, əşyalar və personajların yerini dəyişir, işığı təyin edirdilər və s. - hər şey əsl film meydançasında olduğu kimi. Yalnız burada tamamilə istənilən nöqtədən çəkiliş  aparmaq mümkün idi, bu da prosesi xeyli asanlaşdırırdı.

 

 

Gerçək dünyada isə kinematoqrafçılar arabalar və kranların quraşdırıldığı geniş bir açıq məkanda olurdular – hətta bunlar kameralar üçün deyil videoaxtarış üçün idi. Onlar üzərindən infraqırmızı siqnalları ötürən şayba və kiçik plastik toplar asılırdı. Burada isə bütün bunlara ehtiyac yox idi.

 

Aktyorların səhnələri və səsləri yazıldıqdan sonra animatorlar işə daxil olurdu. Çəkiliş "Cəngəllik kitabı"nın artıq bilinən bir sxemi ilə gedirdi: əvvəllər çəkilən şəkillərdən fotorealistik mənzərələr yaradılırdı. Məsələn, "Kral Şir"də olan bir səhnəni almaq üçün - fil qəbiristanlığını görüntüləmək üçün kinematoqrafçılar Kaliforniyanın Mono gölünün əhəng tuf qüllələri və Vayominqdəki Yellouston Milli Parkının termal bulaqlarının şəkillərini birləşdirdilər.

 

Aktyorlara ehtiyac olmayacaq – gələcək animasiyanındır

 

Əfsanəvi cizgi filminin Disney remeyki ilk gündə təxminən 22 milyon dollar qazandı. Həftə sonu dünya kassalarında yığım 531 milyon dolları keçdi. Əminliklə demək olar ki, icarə zamanı film ən azı bir milyard dollar qazanacaq (250 milyon dollar büdcə ilə). Böyük xərclərə baxmayaraq, tənqidçilər gördüklərindən razı qalmayıblar. Məşhur Rotten Tomatoes saytında film 55% reytinq aldı. Bəzi rəylərin müəllifləri müəyyən nöqtələrdə texniki məsələlərin icrasından – danışan heyvanların o qədər də inandırıcı görünmədiklərindən, personajların duyğularının qarşı tərəfə yansıta bilmədiyindən şikayətçidir.

 

 

Bütün bu rəylərə baxmayaraq, adi bir izləyicinin reaksiyası Favronun kinoda növbəti addımı atdığını göstərir. Və belə bir filmin uğur qazanmaq üçün hər cür şansı var. İnsanlar danışan heyvanların qəribə animasiyalarına əhəmiyyət vermirlər - hekayənin özü və bütövlükdə gözəl təsvir daha vacibdir. Çox güman ki, gələcəkdə kompüterlə simulyasiya edilmiş təsvir daha da real olacaq. Bundan əlavə, rejissorlar, prodüserlər və operatorlar üçün virtual reallıqda işləmək daha asandır: bütöv pavilyonların yenidən qurulmasına, dekorativ işçilərin işə cəlb edilməsinə ehtiyac yoxdur. VR-eynək taxıb hərəkətə keçmək kifayətdir, qalan işi animatorlar bitirəcək. Buna görə də çox güman ki, tezliklə virtual reallıqda çəkilən onlarla yeni filmləri görəcəyik.

 

Texniki möcüzə

 

Film ilk və son kadradək bütünlüklə kompüterdə virtual gerçəklik içərisində çəkilib. Bir sözlə, təsviri “oyun” və ya “canlı” adlandırmaq olmaz – bu, daha çox real bir cizgi filmidir.

 

Favro öz "Kral Şir" versiyasını açıq dünyada çox istifadəçisi olan üçölçülü oyunla müqayisə edir – hansı ki, oyunçular ... bir film çəkir. Virtual Afrikanın içərisində, film qrupu hər şey edə - rakursu və işıqlandırmanı dəyişdirə, xüsusi hər hansı bir heyvana yaxınlaşa bilərdi. Bütün bunlar çox inandırıcı görünür. Təsvirin sanki National Geographic sənədli filmindən (yeri gəlmişkən, bu kanal da Disneyə aiddir) savanna sakinlərinin həyatı haqqında çəkildiyi görünür. Heyvanlar canlılar kimi davranırlar, oynayırlar, şənlənir, səs-küy salırlar və təhlükə anında qulaqlarına tuturlar.

 

 

"Kral Şir" filmi sübut etdi ki, etibarlı bir film adi dünyada tək bir çəkiliş etmədən tamamilə virtual reallıqda çəkilə bilər. Bu, bir texnologiya zəfəridir. Texnoloji tərəqqinin nümayişi, bəlkə də, yeni bir filmin varlığını əsaslandıran yeganə şeydir. Yaradıcılıq baxımdan "Kral Şir" heç bir müstəqil dəyəri ifadə etmir - orijinaldan götürülmüş dəqiq səhnələrdir.

 

Yeni "Kral Şir", ehtimal ki, milyardlarını toplayacaq və ümumiyyətlə, özünü kassada doğruldacaq. Lakin bunu artıq əminliklə demək olar ki, texniki baxımdan, kinoda növbəti böyük inqilabın təşəbbüskarı olan əsl şedevr var.

 

Şəfiqə RƏŞİD

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox