AZ

Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib

f89d2ce204a5defde7739fca095eb0c5.jpeg
26.11.2022 00:10

QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üzrə elan olunmuş kiçik qrant müsabiqəsinin qaliblərindən biri kimi “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsinin icrası həyata keçirilir.

 

Bugünlərdə həmin layihə çərçivəsində Abşeron rayonunun Xırdalan şəhərində “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların inkişafında valideynlərin rolu” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Xanım İmanova, Birliyin nəzdində fəaliyyət göstərən Kompas Uşaq İnkişaf və Tədris Mərkəzinə layihə çərçivəsində reabilitasiya dəstəyinin  göstərilməsi üçün cəlb olunmuş uşaqların valideynləri həmin tədbirdə iştirak ediblər.

 

Birliyin sədri, layihə rəhbəri Ramilə Mahmudova giriş nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, belə bir sosial əhəmiyyətli layihənin icrasına maliyyə yardımı ayırdığına görə QHT Agentliyinə, göstərdikləri mənəvi dəstəyə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə təşəkkürünü bildirib.

 

Layihənin məqsədinin erkən vaxtlardan etibarən müdaxilə etməklə əlilliyin qarşısının alınması üçün sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına və onların sosial inklüziyasına, eyni zamanda maarifləndirici tədbirlər təşkil etməklə bu sahədə çalışan mütəxəssislərin peşəkarlığının, valideynlərin isə uşaqlarla davranış üzrə məlumatlılığının artırılmasına dəstək göstərməkdən ibarət olduğu diqqətə çatırılıb. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlarına əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial-hüquqi müdafiəsi, psixoloji-pedaqoji və sosial reabilitasiyası məsələlərinin daim diqqət mərkəzində saxlanıldığı böyük minnətdarlıq hissi ilə qeyd olunub.

 

Tədbirə təlimçi kimi dəvət olunmuş ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmə komissiyasının müəllimi, peşəkar psixoloq-loqoped Ləman Rəfiyeva və ailələrlə iş üzrə tanınmış mütəxəssis Zəhra Xələfova tərəfindən valideynlərin sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların inkişafındakı rolu barədə iştirakçılara ətraflı məlumat verilib. Uşaqlarda psixoloji problemlərin həlli, stress vəziyyətlərin nəticələrinin aradan qaldırılması, onların şəxsiyyət kimi formalaşması, sosial adaptasiyası prosesində, eyni zamanda nitq pozulmalarının korreksiyasında mütəxəssislərlə bərabər valideynlərin də mühüm rola malik olduğu vurğulanıb.

 

Tədbir iştirakçıları Abşeron rayonunda yüksək səviyyədə icra edilən layihəyə əsasən təşkil olunmuş maarifləndirmə tədbirindən, eyni zamanda Birliyin nəzdində fəaliyyət göstərən Kompas Uşaq İnkişaf və Tədris Mərkəzinə cəlb olunmuş uşaqlara göstərilən xidmət səviyyəsindən razı qaldıqlarını və əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər.

 

Sonda iştirakçılara tədbirdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox