Nazirlik: Təhsil müəssisələrində Huawei şirkətinin tədris və təcrübə laboratoriyalarının yaradılması nəzərdə tutulub
“Elm və texnologiyanın inkişafı, qabaqcıl innovasiya sisteminin yaradılması və tətbiqi dövlət siyasətinin strateji məqsədlərindəndir. Ölkədə həyata keçirilən islahatların əsas istiqamətindən biri məhz rəqabətədavamlı milli innovasiya sisteminin yaradılmasıdır. Bu baxımdan, biliklərə əsaslanan iqtisadiyyata keçidin təmin edilməsində, milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsində universitetlər mühüm rol oynayır. Universitetin innovativ fəaliyyəti nəticəsində rəqabətqabiliyyətli, analitik düşüncə, qərarların müstəqil qəbulu, müasir texnologiyalardan istifadə kimi XXI əsr bacarıqları olan kadrlar hazırlamaq mümkün olur”, - bunu TED.az-a açıqlamasında Təhsil Nazirliyindən bildiriblər.
Məlumatda bildirilib ki, qeyd olunanları nəzərə alaraq, son illər Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə ölkənin ali təhsil müəssisələrində innovasiya ekosisteminin qurulması ilə əlaqədar tədbirlər həyata keçirilir. Tələbələrin İKT bacarıqlarının qiymətləndirilməsi mexanizmləri ilə bağlı ölkənin müxtəlif universitetlərində İKT akademiyaları yaradılır.
Nazirlikdən qeyd etdilər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ölkənin bütün təhsil müəssisələrinin tələbələri üçün vahid akademik test mərkəzi fəaliyyət göstərir: “Mərkəz tələbələrə “Microsoft” məzmununa giriş və müvafiq sertifikasiya imtahanına hazırlaşmaq üçün imkan yaradır və gənclərin peşəkarlıq səviyyəsinin artmasına, onların qlobal işçi bazarında rəqabətqabiliyyətliliklərinin yüksəlməsinə şərait yaradır. Sözügedən mərkəzin məqsədi İT-mütəxəssislər yetişdirmək və onların müvafiq peşəkar beynəlxalq sertifikatla təminatını daha rahat və əlçatan etməkdir. Test mərkəzində müxtəlif ali təhsil müəssisələrinin tələbələri “Microsoft”un avtorizə edilmiş kursları üzrə təhsil alıb, əlverişli şərtlərlə müvafiq imtahanlar verə bilirlər. Test mərkəzi çərçivəsində “Microsoft Imagine Academy” də fəaliyyət göstərir ki, burada müəllim və tələbə heyətinin tədrisi və sertifikasiyası üçün müəssisənin öz texnologiyaları və “Microsoft”un məhsulları əsasında müasir təhsil proqramları və resursları təqdim olunur. “Microsoft Imagine Academy”nin tədris proqramları elə təşkil olunub ki, tələbə və müəllimlər işəgötürənlər tərəfindən tanınan və gələcək karyera üçün lazım olan sertifikat və bacarıqları ardıcıl olaraq ala bilsinlər”.
Nazirlik əlavə etdi ki, bu ilin aprel ayının 19-da Təhsil Nazirliyi və “Huawei Technologies Azerbaijan” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb: “Memorandum çərçivəsində ali və peşə təhsili müəssisələrində “Huawei” şirkətinin tədris və təcrübə laboratoriyalarının yaradılması nəzərdə tutulub. Qeyd edək ki, artıq Bakı Mühəndislik Universiteti, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Huawei” Akademiyaları yaradılıb. Bu akademiyaların əsas məqsədi İKT infrastrukturunun inkişafı sahəsində qlobal sənaye ehtiyaclarına hazır olan peşəkar kadrların hazırlanmasıdır. Eyni zamanda, hazırda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinin resursları hesabına GEANT şəbəkəsinə çıxış əldə etməsi üçün şərait yaradılıb. GEANT – Avropa ali təhsil, elm və tədqiqat müəssisələrini informasiya texnologiyaları (IT) şəbəkələri səviyyəsində özündə birləşdirən ümumavropa elektron elm və təhsil şəbəkəsidir. Şəbəkə bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır. Nəticədə müəllim və tələbələrin geniş rəqəmsal tədris materiallarına əlçatanlığı təmin olunub”.
Zeynəb ƏKBƏR