AZ

Dünyada silahlanmaya xərclənən vəsaitin həcmi rekord həddə çatıb

 

a8a172cbbbeabd9ed12019e8f9089162.jpg
22.04.2024 14:57

Ötən il qlobal hərbi xərclərə 1,443 trilyon dollar vəsait sərf olunub ki, bu da 2022-ci illə müqayisədə 6,8 faiz çoxdur. 2009-cu ildən başlayaraq dünya dövlətləri silahlanmaya xərclədikləri vəsaitin həcmini artmaqda davam edirlər.

 

TED.az Niderlanda fəaliyyət göstərən Sülh Problemləri İnstitutunun (SIPRI) hesabatına istinadla xəbər verir ki, silahlanmaya daha çox Avropa, Asiya və Yaxın Şərq ölkələri vəsait sərf ediblər. Rusiya, ABŞ və Çin hərbi xərclərini rekord həddə artırıb. Rusiya hərbi xərclərini 24 faiz artıraraq 109 milyarda, ABŞ 2,3 faiz artıraraq 916 milyarda, Çin isə 6 faiz artıraraq 296 milyarda çatdırıb.

 

2023-cü ildə NATO-nun 31 dövlətinin hərbi xərclərinin həcmi 1,341 trilyon dollar təşkil edib ki, bu da dünya üzrə hərbi xərclərin 55 faizi deməkdir. Ukrayna hərbi xərclərini 51 faiz artıraraq 64,8 milyarda çatdırıb. Bununla yanaşı, Ukrayna ötən il ərzində 35 milyard Avropa İttifaqından və 25 milyard ABŞ-dan hərbi yardımlar alıb.

 

Avropa dövlətləri sırasında Polşa ötən il silahlanmaya ən çox vəsait xərcləyən dövlət olub. Ölkənin hərbi xərcləri 31,6 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 75 faiz çoxdur. Hesabatda nəzərə çatdırılıb ki, son 5 il ərzində Avropa dövlətləri silah idxalını 2 dəfə artırıblar. Bu isə Rusiya və Ukrayna arasında davam edən hərbi toqquşma ilə əlaqədardır.

 

Sülh Problemləri İnstitutunun hərbi xərclər və silah istehsalı proqramının elmi əməkdaşı Nan Tian bildirib ki, qlobal səviyyədə hərbi xərclərin kəskin şəkildə artması dünyada sülhə və təhlükəsizliyə təhdidlərin meydana çıxmasına cavabdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox