Akademik: Təhsildə və elmdə əməkdaşlıq türk dövlətlərinin qlobal gücünü artıracaq

Beynəlxalq Türk Akademiyası Türk dövlətləri başçılarının qərarı ilə yaradılmış Türk Əməkdaşlıq Təşkilatlarından biridir. Akademiyanın başlıca missiyası elm və təhsil sahəsində Türk dövlətlərinin inteqrasiyası prosesinə xidmət etmək, bu sahədə ortaq platformaların yaradılması və müxtəlif beynəlxalq, regional layihələrin həyata keçirilməsindən ibarətdir.
Öz fəaliyyətini türk dövlətlərinin başçılarının göstərişləri və təlimatları istiqamətində, “Türk Dünyası 2040 Vizyonu” adlı strateji sənədin ortaya qoyduğu hədəflər çərçivəsində quran Beynəlxalq Türk Akademiyası türk dövlətləri arasında elm və təhsil sahələrində əməkdaşlığın həyata keçirilməsi üçün öz səylərini əsirgəmir.
TED.az xəbər verir ki, bunu Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev “Türk barometri 2024 - türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış” adlı beynəlxalq konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, hazırda Akademiya tərəfindən qırxa yaxın iri və orta həcmli beynəlxalq layihələr həyata keçirir. Bunlar türk xalqlarının ortaq tarixini, mədəniyyətini və dillərini əhatə edir.
“Türk Akademiyasının həyata keçirdiyi “Türk Barometri” layihəsi sosioloji tədqiqat yolu ilə türk ölkələri arasında mövcud inteqrasiya prosesləri ilə bağlı cəmiyyətin rəylərinin və gözləntilərinin müəyyən edilməsi məqsədilə aparılır. Tədqiqatda anket sorğusu metodu ilə türk dövlətlərinin orta və ali təhsil müəssisələrində çalışan 4131 nəfər professorun, müəllimin və türk dövlətlərinin aparıcı universitetlərinin ümumi sayı 156 nəfər olan rektorlarının, nüfuzlu alimlərinin və təhsil ekspertlərinin rəyi öyrənilib. Əldə olunmuş sorğu məlumatları və ekspert rəyləri əsasında bir sıra təkliflər təqdim olunub.
Beləliklə, bu tədqiqatın nəticələri uzun illərdir türk dövlətləri arasında təhsil və elmi əməkdaşlıq sahəsində həyata keçirilən fəaliyyətin dolğun bir mənzərəsini müəyyən etməyə imkan yaradır. Araşdırmanın əsas nəticələri türk dövlətlərinin ortaq təhsil və elm siyasətini inkişaf etdirərək regional və qlobal miqyasda daha güclü olmanın zəruriliyini vurğulayır. Bu kontekstdə ən mühüm nəticələrdən biri respondentlərin türk dövlətlərinin ali təhsil müəssisələrində birgə təhsil proqramlarının hazırlanması, professor-müəllim və tələbə mübadiləsi proqramları, müştərək elmi tədqiqat layihələri kimi konkret əməkdaşlıq fəaliyyətlərinin sürətləndirilməsi ilə bağlı fikirləridir.
Azərbaycandan olan respondentlərin əhəmiyyətli bölümü pedaqoji və tibb elmləri sahəsində əməkdaşlığa önəm verməklə yanaşı, xüsusilə türk dili və mədəniyyəti, ortaq tarix və ədəbiyyat kimi mövzularda da işbirliyinin vacibliyini vurğulayıb. Qazaxıstanlı iştirakçılar isə daha çox turizm təhsili sahəsində əməkdaşlığın ön planda olması təklifini irəli sürürlər. Qırğızıstandan olan respondentlər təhsildə ortaq tarix və mədəniyyət araşdırmalarına böyük önəm verir və bu əməkdaşlığın mədəni birliyi gücləndirəcəyinə inamlarını vurğulayırlar. Həmçinin respondentlərimiz təhsil və elm sahəsində əməkdaşlığın sürətləndirilməsi məqsədilə ali təhsil diplomlarının və elmi adların qarşılıqlı tanıması və ekvivalentliyi ilə bağlı prosedur qaydalarının təkmilləşdirilməsini təklif edirlər ki, bu da, şübhəsiz, mühüm addım ola bilər”, - deyə Şahin Mustafayev vurğulayıb.
Akademik, eyni zamanda, tədqiqatın nəticələrinin elm və təhsil sahəsində türk dövlətləri arasında mövcud mübadilə proqramlarının tətbiqi ilə bağlı bəzi o qədər də ürək açmayan məqamları da ortaya çıxardığını bildirib. O qeyd edib ki, araşdırma nəticəsində türk dövlətlərində professor-müəllim heyəti və tələbələr arasında Orxun Mübadilə Proqramı haqqında son dərəcə az adamın xəbərdar olduğu ortaya çıxıb. Belə ki, bu proqramın istifadəçilərinin ən yüksək göstəricisinin Azərbaycanda olmasına baxmayaraq (9,49 faiz), respondentlərin əksəriyyəti (44,69 faiz) bu proqramdan, ümumiyyətlə, məlumatsızdır. Türkiyədə də Orxun Mübadilə Proqramından yararlananların nisbəti olduqca aşağıdır (1,87 faiz). Bundan əlavə, bütün ölkələrdən olan iştirakçıların böyük əksəriyyəti proqramdan yararlanmayıb. Rəyi soruşulanların 51,44 faizinin, yəni, yarıdan çoxunun proqram haqqında, ümumiyyətlə, məlumatının olmadığı üzə çıxıb.