Mobil telefondan asılılıq xoşbəxtliyimizə mane olur

Nomofobiya – cib telefonundan asılılıq xəstəliyidir.
Nomofobiya telefondan uzaq qala bilməmək xəstəliyidir. Bir insanın daim telefona baxmağı, yaxud evin içindən belə ailə üzvlərinə mesaj göndərməsi nomofobiyanın əlamətidir.
Mütəxəssislərin fikrincə, özgüvəni aşağı olan insanlar nomofobiyaya daha tez yoluxurlar. Həmçinin tənhalıq da nomofobiyaya yol açır.
Əsas əlamətləri:
- sevdiyi insanın yanında belə tez-tez telefona baxır;
- telefonunun daim gözləri qarşısında olmasını istəyir;
- internet bağlantısının itəcəyindən və ya internet paketinin bitəcəyindən qorxur;
- liftə minəndə tez-tez telefonuna baxır;
- telefonun batareyası 100/30-a düşəndə həyacanlanır;
- həkim qəbulunda belə telefonunun enerji ilə təmin etmək istəyir.
Tənhalıq artdıqca nomofobiyaya tutulmaq riski artır
Bu xəstəliyin artmasına səbəb olan amillərdən biri də dövrümüzün gətirdiyi tənhalıq və yadlaşma hissidir.
Biz artıq real deyil, virtual mühitin vətəndaşlarıyıq. Bu, həqiqətən, çox ciddi məsələdir. Bir-birimizə çox bağlı da deyilik, ünsiyyətə az giririk, sosiallaşmaq istəmirik və nəticədə özümüzü xoşbəxt hiss etmirik. Bütün bunlar nomofobiyaya yol açır.
Tənhalıq artdıqca, nomofobiya ehtimalı da artır. Araşdırmalara görə insanın özünə inamı nə qədər aşağıdırsa nomofobiyaya tutulma riski bir o qədər çoxdur. Real mühitdə özünü ifadə edə bilməmək, çəkingənlik nomofobiyaya səbəb olur. Təbii ki, telefonun bizə verdiyi rahatlıqlar çoxdur. Məsələn, telefon üzərindən əlimiz hər yerə çatır və bütün problemlərimizi həll edə bilirik. Telefonla danışırıq, telefonla paylaşımlar edirik, kiminsə ad gününü təbrik edirik, xəbərləri izliyirik, bir sözlə bütün məlumatları ordan əldə edirik və telefonumuzun içində bizə faydalı olan məlumatlar artdıqca, ona bağlılığımız da artır.
“Pendir tələdə pulsuz olar”, yaxud da bir şey pulsuz satılırsa, deməli, orda satılan sizsiniz!
Bütün sosial media kanalları pulsuzdur və əslində orada biz satılırıq. Bunu bəzən hamımız hiss edirik. İnternetdə bir şey axtardıqdan sonra daim bu məhsul qarşımızda dayanır. Əslində orda məhsul bizik.
Telefonun digər cihazlarla müqayisədə kiçik olması asılılığı artırır
Telefon televizor və noutbukla müqayisədə kiçik olduğu üçün asılılıq yaradır. Əslində televizor asılılığı, kompüter asılılığı kimi problemlər də var, sadəcə telefon daha kiçik olduğundan ona qarşı olan asılılıq daha rahatdı və daha çoxdu. Telefonumuz həmişə yanımızdadı. Səyahət edərkən, televizora baxarkən. Ona görə də kompüter asılılığını çox görmürük, ancaq telefon asılılığını görürük. Niyə, çünki telefon daim insanın əlindədir.
Heç bir səbəb olmadan tez tez telefonu ələ almaq nomofobiyanın əlamətidir.
Siz nomofobilsinizmi? Səhər yuxudan durar durmaz telefonunuza baxırsınızmı? Gecə yatarkən telefonunuz yanınızda, yastığın və ya döşəyin altında, bir sözlə əl çatan yerdədirmi?
Bu, adətən belə əsaslandırılır – “Səhər siqnal səsinə oyanıram deyə telefonu yanıma qoyuram”. Amma əslində siqnal səsi üçün telefonu yastığımızın altına qoymaq vacib deyil. Bir zəngli saatla da bu problemi həll edə bilərik.
Bundan başqa daim, adapter axtarmaq, yaxud “power bank”ı özü ilə gəzdirmək də nomofobiyanın əlamətidir.
Səbəbsiz yerə tez-tez telefonu ələ almaq, mesajları yoxlamaq, sosial media hesablarına baxmaq, yeni bir bildiriş və ya yeni nəsə olub-olmadığını araşdırmaq da nomofobilyadan xəbər verir.
Hamama və tualetə telefonla getmək də nomofobiyanın əlamətidir
Sosial mediada bəyənilmə səviyyəsinə görə özünü yaxşı və pis hiss etmə də nomofobiyanın əlamətlərindən biridir.
Bəs hamama gedəndə necə, telefonu özünüzlə aparırsınız? Orda telefondan istifadə edirsinizmi? Gecə yatanda telefonunuzda internet açıq qalır? Bunlar da önəmlidir. Çünki normalda yatarkən internet bizə lazım deyil, amma əksəriyyətimiz açıq qoyuruq. Bir sözlə, telefon gözümüzdən uzaq olanda həyacanlanırıq.
Onu da qeyd edək ki, telefon asılılığını heç kim qəbul etmək istəmir. Ətrafdakı insanlarda bunu müşahidə etsək də, özümüzdə qətiyyən qəbul etmirik və bu bağlılığın işimizlə, uşaqlarımızla, sevgilimizlə bağlı olduğu kimi bəhanələr gətirməyə çalışırıq. Əslində isə istənilən problemi özün qəbul etməyənədək, heç bir nəticə gözləmək mümkün deyil.
SARA