AZ

Müasir televiziya yayımının sirləri – ölkə telekanallarına RƏQƏMSAL BAXIŞ

ae6f0285cf7b3bf5848dc81134eb949e.jpg
30.10.2019 17:13

Televizor müasir zamanəmizin ən önəmli məişət texnikasıdır. Elə bir mənzil tapılmaz ki, orada televizor olmasın. Hamı axşam işdən qayıtdıqdan sonra mütləq divanda əyləşib televizoru işə salır. Bəs hamı bilirmi ki, izlədiyimiz kanallar bizə hansı yollarla ötürülür. Çoxumuz “rəqəmsal video yayım” anlayışını eşitmişik. “Rəqəmsal yayım” anlayışı nə zaman və harada yaranıb? Azərbaycanda bu anlayış nə vaxt meydana gəlib?

 

Suallara aydınlıq gətirmək üçün TED.az kiçik bir araşdırma səyahətinə çıxıb. Rəqəmli TV – TV proqramların rəqəmli formatda hazırlanaraq yayımlanmasıdır. Rəqəmsal Video Yayım ingilis dilində “Digital Video Broadcasting-Terrestrial” adlanır. Qısaca bunu “DVB-T” adlandırırlar.

 

DVB-T ilk dəfə 1998-ci ildə Böyük Britaniyada yayımlanmışdır. Bu vaxta qədər bütün ölkələrdə yalnız  “analoq televiziya” anlayışı var idi. Ölkəmizdə isə analoq televiziyası 90-cı illərin sonuna kimi mövcud olub. Əgər analoq televiziyasında görünüş və səs zolağı elektrik analoq siqnalı vasitəsilə kodlaşdırılıbsa, rəqəmsal televiziyada təbii ki, rəqəmsal kodlaşdırma tətbiq olunur.

 

Rəqəmsal sistemin əsas üstünlüyü ondadır ki, kodlaşdırılmış siqnal müasir alqoritmlər, o cümlədən, MPEG vasitəsilə sıxışdırıla bilər. Bu sistem COFDM və ya OFDM modulyasiyasından istifadə edilərək sıxlaşdırlılmış rəqəmli audio, rəqəmli video və MPEG informasiya məlumat axınında olan digər məlumatları ötürür. Bu proses bütün dünya ölkələrində radioefirin optimallaşdırılması ilə paralel şəkildə aparılır. Sistemdə 2k rejimi və 8k rejimi kimi tanınan daşıyıcılarının bəziləri üçün iki seçim imkanı var. Bunlar 1,705 və ya 6,817 daşıyıcılarıdır. Həmçinin DVB-T müxtəlif modulyasiya sxemini təklif edir.

 

2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında rəqəmli televiziya yayımına keçidlə bağlı “GE06” adlanan regional saziş imzalanıb və 2015-ci ilədək keçid prosesinin başa çatdırılması barədə razılıq əldə olunub. “Cenevrə-2006” Regional Sazişinə əsasən Sazişə daxil olan ölkələr arasında DVB-T rəqəmli TV proqramların yayımı üçün VHF və UHF tezlik kanalları ayrılmışdı. Razılaşmaya görə 2015-ci ilə qədər Regional Radiorabitə Təşkilatına üzv olan ölkələr analoq TV yayımını dayandırmalı və rəqəmsal yayım tezliyinə keçməli idi.

 

Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayımına keçid

 

Respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən (10-12 proqram) ibarət DVB-T rəqəmli televiziya yayımının təşkilinə dair Tədbirlər Planı üzrə rəqəmli şəbəkə ölkə ərazisində 2011-ci ildə qurularaq istismara verilib.

 

Bununla bağlı TELERADİO İB tərəfindən aşağıdakı işlər görülüb:

 

  • Bakı–Lerik istiqamətində 140 Mbit/s-lik tutumlu rəqəmli RRX şəbəkəsi istismara verilib.

 

  • Şirvan–Sabirabad–Kürdəmir–Ağsu analoq magistral RRX xəttinin rekonstruksiyası həyata keçirilib.

 

  • Şirvan–Sabirabad–Kürdəmir–Ağsu istiqamətində 150 Mbit/s-lik rəqəmli RRX-ya keçid başa çatdırılıb.

 

  • DVB-T yayımı üçün ayrılmış kanallarda “Sosial açıq paketin (10) kanal yayımının təşkili üçün rəqəmli TV vericilərin və əlavə avadanlıqların quraşdırılmasına dair” iş qrafikinə uyğun olaraq nəzərdə tutulan bütün məntəqələrdə yeni vericilərin quraşdırılması təmin olunub. 

 

  • Bu günədək ölkə ərazisində sosial paketi yayımlayan 101 ədəd DVB-T vericisi quraşdırılıb istismara verilib.

 

 

Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1.7-ci bəndinə əsasən, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 01 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 01 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən 27 sentyabr 2016-cı il tarixli, 10 saylı qərar çıxarılıb və icra edilib. Bununla da, ölkə ərazisində analoq TV yayım dayandırılmaqla, DVB-T standartlı rəqəmli TV yayıma keçid tam başa çatdırılıb.

 

Hazırda, ölkə əhalisinin təxminən 99,7%-i açıq paketli 10–12 TV proqramdan ibarət (AzTV, İTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, Lider TV, ATV, Space TV, Xəzər TV, ARB TV, CBC sport TV və TRT) rəqəmli yayımla əhatə edilib.

 

Rəqəmli TV yayımın ölkə üzrə əhatə dairəsi

 

 

2014-cü ildən etibarən Quba rayonunda DVB-T2 standartı əsasında kommersiya yönümlü çoxkanallı rəqəmsal televiziya yayımına başlanıb. Hazırda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz, Şabran və digər qonşu rayonların sakinləri 60-dan çox yerli və xarici kanal qəbul edir. Bakı televiziya qülləsi kompleksindən isə Bakı və Abşeron yarımadası üçün DVB-T2 standartına əsaslanan kommersiya yayımını ATV+ kanalı həyata keçirir.

 

DVB-T-nin hazırda fəaliyyətdə olan DVB-H və DVB-T2 kimi daha yeni standartları da mövcuddur. Bu standartlar peyk, efir, kabel və mobil televiziyasını əhatə edir.

 

Onu da qeyd edək ki, DVB-T/T2 standartlı rəqəmli televiziya siqnallarının daha keyfiyyətli qəbulu üçün “Leninqrad” və “Euromed” tipli qəbuledici antenlərdən istifadə edilməsi tövsiyə olunur.

 

Günay ƏLİYEVA

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox