Azərbaycanda ən baxımlı 10 kanal hansıdır? – ARAŞDIRMA

Televizorlar həyatımızın ayrılmaz hissəsidir. Uşaqdan böyüyə kimi hər kəs günün müəyyən saatlarını televizorun qarşısında keçirir. Əvvəllər baxacağımız kanallar arasında seçim etmək imkanımız demək olar ki, yox idi. Sadəcə bir və ya iki kanal izləməklə kifayətlənməli olurduq. İstədiyimiz verilişləri izləmək üçün isə müəyyən saatları gözləməli olurduq. İndi isə bu belə deyil. Artıq hər birimizin maraq dairəsinə uyğun olan onlarla televiziya kanalları yayımlanır. Bizə maraqlı olan hər bir şeyi istədiyimiz vaxt televiziyada tapa bilirk. Uşaq kanalları, əyləncəli kanllar, informasiya, idman, musiqi kanalları günün 24 saatı tamaşaçılara xidmət göstərir. Bu da kanallar arasında rəqabətə səbəb olur. Bəs ölkəmizdə yayımlanan kanallar arasında ən baxımlı olan hansıdır?
TED.az “İPTV” xidməti abunəçiləri arasında TV kanallarının izlənmə saatlarını analiz etdi və ölkədə ən çox izlənən kanalların siyahısını tərtib etdi. Siyahını sizə təqdim etməzdən öncə “IPTV”nin nə olduğunu açıqlayaq. “IPTV” (İnternet Protokol Televiziyası) – internet şəbəkə üzərindən televiziya siqnalını effektiv ötürməyə imkan verən texnologiyadır. Hazırkı dövrdə “IPTV” abunəçilərə televiziya kanallarının ötürülməsini təmin edən ən qabaqcıl texnologiyadır. Ölkədə “IPTV” xidmətində 200 kanal yayımlanır. Bunlara həm yerli kanallarımız, həm də türk, rus və digər xarici kanallar daxildir. Bu kanalların arasında ən çox izlənənlər isə bunlardır:
Beləliklə, 10-cu yerdə “ARB” kanalı dayanır. Bu kanal 2014-cü ildən fəaliyyətə başlasa da ən baxımlı kanalların ilk onluğuna daxil olub.
9-cu yerdə 1956-cı ildə yaranmış Azərbaycanın ilk milli televiziya kanalı olan “Aztv” dayanır.
8-ci ən baxmlı kanal “Rossiya 1”dir. İlk dəfə 1991-ci ilin may ayında yayımlanan bu kanal Rusiyanın dövlət kanalıdır.
7-ci yerdə yenə bir rus kanalı dayanır. Bu 1993-cü ildən fəaliyyət göstərən “NTV” kanalıdır. Kanal verilişlərinin müxtəlifliyi və baxımlılığı ilə tamaşaçıların rəğbətini qazanıb.
6-cı pillədə bir türk kanalı dayanır. Əyləncəli proqramları ilə hamının sevimlisi olan “atv” kanalı 1993-cü ildə yayımlanmağa başlayıb. 2011-ci ildə isə HD yayım formatına keçib.
Ölkəmizdə ən baxımlı 5-ci kanal “TV8”dir. 1999-cu ildə “MNG Medya” qrupunda yayıma başlayan kanal 2013-cü ildə “Acun Medya” tərəfindən satın alınıb və hazırda həmin şirkət tərəfindən yayımlanmağa davam edir.
Türk kanallarının ardınca ölkənin 4-cü ən baxımlı kanalı “Xəzər”dir. Bu kanal ilk dəfə 2007-ci ildə “Samanyolu Yayım Qrupu” tətəfindən yayımlanıb.
Və ilk üçlük – onu qeyd edim ki, ilk üçlükdə müxtəlif dildə yayımlanan kanallar yer alıb. 3 ən baxımlı kanalın adını açıqlayırıq:
3-cü pillənin sahibi “1-ci kanal”dır (Первый канал). “Rusiyanın əsas kanalı” pozisiyasında dayanan bu kanal 1995-ci iln aprel ayında yayıma başlayıb.
2-ci ən baxımlı kanal “Azad Azərbaycan” kanalıdır. İlk dəfə 2000-ci ildə yayıma başlamağına baxmayaraq, Azərbaycan əhalisi arasında ən çox izlənən 2-ci kanaldır.
Nəhayət , 1-ci pillə. Bu pillədə “Star” kanalı yer alıb. Türkiyənin ilk müstəqil telekanalı olan “Star TV” 2011-ci ildə yayıma başlayıb.
Adıçəkilən kanalların hamısının müxtəlif yaş kateqorisından olan izləyiciləri var. Bəs saatlarla cizgi filmi izləməkdən doymayan kiçik izləyicilərimiz? Onların seçimi hansı kanallardır? Axı gecə-gendüz dayanmadan uşaqlar üçün əyləncəli proqramlar yayımlayan kanallarımız da az deyil. Baxış sayına görə, önə çıxan 3 uşaq kanalının siyahısını da sizə təqdim edirik:
3-cü yerdə “Nick JR” kanalı dayanır. İlk dəfə 1999-cu ildə ABŞ-da efirə başlayan kanal ölkəmizdə rus dilində yayımlanır. Öyrədici uşaq verilişləri ilə rəğbət qazanmış bu kanal demək olar ki, bütün uşaqların sevimlisidir.
“TRT Çocuk” kanalı cizgi filmi türk dilində izləməyə üstünlük verən uşaqların seçimidir və siyahının 2-ci pilləsində yer alır.
1-ci yerdə “Nickelodeon” kanalı dayanır. Doğrusu, bu kanalın adını birinci pillədə görəndə heç də təəccüblənmədim. Uşaqların sevimlisi olan kanal əslində kifayət qədər şiddət və senzuradan kənar ifadələrlə doludur. Buna baxmayaraq kiçik yaşlı izləyicilərimiz bu kanaldan gözlərini ayırmırlar. Uşaqların “Tıq-Tıq xanım”, “Tom və Cerri”, “Buz kraliça” kimi əfsanə cizgi filmləri “Süngər Bob”, “Sehrli valideynlər” və digərləri ilə əvəzləməsini anlamaq çətindir. Lakin bizim anlayışımızdan aslı olmayaraq, uşaqların zövqü hər gün dəyişir, onlar marifləndirici cizgi filimlərini deyil, texnologi görüntülərin yer aldığı, qorxunun, şiddətin əks olunduğu cizgi filmlərini xoşlayırlar.
Günay ƏLİYEVA