AZ

Rəqəmsal Bankçılıq geniş tətbiq olunur

84d786b4c6ccb5843bba1633d04e3c30.png
27.02.2020 16:25

“Ənənəvi banklarla paralel rəqəmsal bankçılıq və elektron kredit platformaları da geniş tətbiq olunur. Xüsusilə Asiya və Latın Amerikası bazarında onların sayı sürətlə artmaqdadır. Ötən il Sinqapurda 26-dan çox şirkət rəqəmsal bankçılıq lisenziyası üçün müraciət edib. Bu müraciətlər arasında “ANT Financial”, “Razer” və “Xiaomi” kimi texnoloji şirkətlər də var. Bu platformalar bankların fəaliyyətindən kənarda qalan mikro və KOS subyektlərinin maliyyə əlçatanlılığının artırılmasına xidmət edir. ABŞ bazarında da alternativ kreditorların yaranması bank-kredit sahəsində rəqabəti artırmağa, xidmətin isə buna uyğun olaraq daha keyfiyyətli səviyyəyə yüksəlməsinə gətirib çıxarır”.

 

TED.az xəbər verir ki, bunu Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib. O bildirib ki, bank sektorunda süni intellektin tətbiqi qlobal trendlərdəndir:Risk menecmentini və anderraytinq əməliyyatlarını həyata keçirən analitik botlar, müştəri xidməti və kiçikhəcmli kredit əməliyyatlarını həyata keçirən çatbotlar prosedurların daha çevik və şəffaf həyata keçirilməsinə səbəb olur. Bu yolla müştəri məmnunluğunu artırır, riskləri daha obyektiv və dəqiq qiymətləndirməklə bankın fəaliyyətini genişləndirir. Üstəlik yeni bazarlara girişi təmin edir, insanları əvəzləməklə işçi qüvvəsinə ayrılan xərcləri azaldır. Bütün hallarda bankın səmərəliliyini və gəlirliliyini artırmağa xidmət edir”.

 

“KOS subyektlərinin maliyyə və mühasibat əməliyyatlarını idarə edən texnoloji həllər də geniş tətbiq olunmağa başlayıb. Dünya bazarında şirkətin xərclərini strateji əhəmiyyətinə və şirkətin prioritetlərinə uyğun optimallaşdıran, dövriyyəsini sürətləndirən, şirkətin cari vəziyyətini qiymətləndirən, müştəri ilə əlaqələri təmin edən, ödəniş və pul köçürmələrini sürətləndirən, hətta investisiya cəlbinə ixtisaslaşmış xüsusi proqram təminatları istifadə olunur”, – deyə Vüsal Qasımlı əlavə edib.

 

 

 

Mərkəz direktoru qeyd edib ki, real sektorda həm B2C (şirkət və müştərilər arasında əlaqələr), həm də B2B (şirkətin başqa şirkətlərlə əlaqələri) sahəsində ixtisaslaşmış texnoloji həllər tətbiq olunur: “B2C əməliyyatlarından müştəri xidmətləri demək olar ki, bütünlükdə yeni texnoloji yeniliklərlə əhatə olunaraq çatbotlar vasitəsilə yerinə yetirilir. B2B əməliyyatları arasında idxal-ixrac prosedurları zamanı sənəd dövriyyəsi, vergi ödənişlərinin hesablanması və elektron formada ödənilməsi, beynəlxalq səviyyədə maliyyə tranzaksiyaların həyata keçirilməsi kimi prosedurlar süni intellekt və blokçeyn texnologiyalarının tətbiqi ilə avtomatlaşdırılıb”.

 

Lamiyə SÜLEYMANLI

 

TED + bölməsindən digər xəbərlər

Daha çox