AZ

e-MirHəsənSeyidov: “Daha çox güc smayliklərindən istifadə edirəm.”

a1d9fc2ccf2997ddfbb7ae51f8ab51f7.jpg
22.05.2019 12:40

“e-PERSON” rubrikasının budəfəki qonağı Azərbaycan Milli Karate Federasiyasının (AMKF) baş katibi, "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidovdur. Müsahibimiz robotuna həvalə edəcəyi işləri, sosial şəbəkələrdəki fəaliyyəti, texnoloji əşyaları və istifadə etdiyi elektron xidmətlər haqqında çox maraqlı fikirlərini bölüşüb.

 

 

Beləliklə, buyurun: "e-MirHəsənSeyidov”

 

 

Sizcə, dünyadakı prosesləri monitorinq etmək baxımından sosial şəbəkələrin rolu necədir?

 

Sosial şəbəkələr elə dünyadakı proseslərin monitorinqidir. Bu böyük platforma insanların, ələxsus da, gənclərin həyat tərzinin ayrılmaz tərkib hissəsidir. Sosial şəbəkələr medianı, xüsusilə də, bizim “newspaper” dediyimiz qəzetləri üstələyib. Qısa zaman ərzində smartfon telefonumuzda dünyada baş verən ictimai-siyasi proseslər haqqında milyonlarla informasiya alırıq. Buna görə də sosial şəbəkələr dünyada baş verə biləcək istənilən hadisəni, vətəndaş mövqeyini, sosial yanaşmanı analiz etmək üçün ən yaxşı alətlərdən biridir.

Elektron medialar oxunaqlı olmaq üçün öz hesablarını sosial şəbəkələrə daşıyırlar. Mən qəzet oxumağa da üstünlük verirəm və çalışıram ki, gün ərzində bir neçə xəbəri qəzetlərdən oxuyum. Amma etiraf etməliyik ki, sosial şəbəkədəki informasiyalar nəinki qəzetləri, hətta televiziya xəbərlərini də qabaqlayırlar. Gün ərzində bu platformadan aldığımız minlərlə informasiya artıq axşam xəbərlərinə baxmamağa sövq edir. Buradan operativ şəkildə oxuduğumuz bəzi məlumatları axşam xəbərlərində görürük və bu bizim üçün yenilik olmur.

 

“Emosiyasız bir cavabda bəlkə də dediklərinizi qarşı tərəf yanlış anlayar.”

 

 

Sosial şəbəkələr vasitəsilə “sual-cavab” praktikasına necə baxırsınız? Bu praktikadan istifadə edirsinizmi?

 

Əlbəttə, istifadə edirəm. Ümumiyyətlə, gənclərlə bağlı bütün suallar bizim üçün böyük əhəmiyyət kəsb edir. Mən bu məsələ üzərində çox ciddi dayanıram. Gün ərzində “İrəli” İctimai Birliyinə olan bütün müraciətlər mənə “forward” olunur. Təşkilatın sosial şəbəkələrdə olan hesablarına gələn vacib və əhəmiyyətli sualların hamısını cavablandırırıq. Mənim sosial şəbəkə hesablarıma gün ərzində müxtəlif mövzular ətrafında müraciətlər olur. Mən onların bütün suallarını cavablandırmağa maraqlıyam və maksimum dərəcədə çalışıram ki, cavablayım. Amma fikrimcə, sosial şəbəkələrdəki yazışma üzbəüz ünsiyyəti əvəz edə bilməz. Emosiyasız bir cavabda bəlkə də dediklərinizi qarşı tərəfə yanlış anlayar. Həmçinin “#Azərbaycan”, “#İrəli2019”, “#bizbeləyik”, müxtəlif tarixlərdə işğal olunmuş torpaqların adları olan həştaqlardan itifadə edirəm. Avropa Parlamenti və yaxud hansısa bir qurumların qərarları ilə bağlı yazı yazıb onları işarələyərək mesajımı çatdırıram. Təcrübəmdə belə bir hadisə də olub - “Twitter”i doğru istifadə etdiyiniz zaman dünya liderləri sizə cavab verir. Avropa Parlamentinin sədr müavini Avropa Oyunları keçirilən ərəfədə Azərbaycanla bağlı dinləmələr zamanı 3-4 “twitt”i  cavablandırmışdır. Həmin “twitt”lər sırasında Dağlıq Qarabağla əlaqədar yazdığım mesaj da var idi. Bu zaman mənə bir daha aydın oldu ki, sosial şəbəkələrdən doğru istifadə etdikdə mühüm məsələlərə fikir bildirib aidiyyatı strukturlardan cavab ala bilərik.

 

Onlayn ünsiyyət zamanı emosiyaları ifadə etmək üçün daha çox istifadə etdiyiniz smaylik hansıdır?

 

Daha çox güc smayliklərindən istifadə edirəm. Komanda ilə işləyən biri üçün məncə, güc smaylikindən istifadə önəmlidir. “İrəli” İctimai Birliyinin yetərincə yaxşı, sağlam, güclü və intelektual komandası var. Yəqin ki, komanda zəif olsa idi başqa smayliklərdən istifadə edərdim.

           

Sizcə, hansı postlar daha cəlbedicidir?

 

Qarşıma çıxan maraqlı postlar - yəni gündəmin əsas mövzusuna  yazılmış və maraqlı yanaşması olan, fərqli bir şəkildə analiz edilən postları bəyənirəm. Həmçinin “Facebook” dostlarımın doğum günüdürsə, hansısa bir müsabiqədə yer tutubsa, idmanda nailiyyət əldə edibsə çalışıram ki, onları gördükcə rəy yazım, bir-bir təbrik edim.

 

“Qardaş, özün yazdığın statusa niyə özün bəyənmisən ki?”

  

 

Sizcə, ictimai şəxslər sosial hesab yaradarkən SMM mütəxəsisləri ilə məsləhətləşməlidir? Siz belə bir addım atmısınız?

 

Mən şəxsən belə bir addım atmamışam, çünki şəbəkədən düzgün istifadə etməyi mənimsədiyimi düşünürəm. Əgər mən bilməsəydim çox rahat şəkildə yaxınlaşıb sosial media meneceri mütəxəssisindən şəbəkə alətlərinin sirlərini öyrənərdim. İctimai şəxslər əgər sosial şəbəkəni yaxşı bilmirlərsə, onu bacaran şəxsə həvalə etsələr və zamanla da özləri öyrənməyə çalışsalar daha məqsədəuyğundur. Çünki onlar istəmədən yanlış mövqe göstərib, yanlış addım ata bilərlər. Bəzən görürsünüz ki, bir şəxs özü yazdığı statusu özü də bəyənib. Qardaş, özün yazdığın statusa niyə özün bəyənmisən ki? Biz bu olayı onun naşılığı kimi qiymətləndiririk.

 

"Təəssüf ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri yetərincə aktiv olsalar da, qərəzlidirlər."

 

Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

 

Azərbaycanlı sosial şəbəkə istifadəçilərini yaxşı mənada kateqoriyalara və xüsusi qruplara bölə bilərik. Sosial şəbəkə alətləri dərindən bilən, düzgün istifadə edən insanları yaxşı qiymətləndirirəm. Bəzi insanlar isə şəbəkələrdən doğru istifadə edə bilmir. Öz yanaşmalarını və statuslarını informasiyanın dərinliyinə varmadan örtük şəkillərinə, bəzi başlıqlara inanaraq çox ciddi formada göstərirlər. Sosial şəbəkə hesablarında daha çox “məzələnmək” kimi bir istəyi olan insanlar “fake” profillə, hansısa fərqli adlardan istifadə edərək sizin gördüyünüz işə, uğura kölgə salmaq istəyirlər. Təəssüf ki, Azərbaycanda sosial şəbəkə istifadəçiləri yetərincə aktiv, amma qərəzlidirlər.

 

"“Facebook”da maksimum dərəcədə çalışıram ki, tanıdığım və birbaşa ünsiyyətdə olduğum insanlarla dostlaşım."

 

 

“Facebook”da dostluq təklifləri qəbul edərkən həmin şəxsin profilinə baxırsınız? Baxırsınızsa hansı məqamlara diqqət edirsiniz?

 

Mütləq baxıram. Mən bilirəm ki, mənimlə bağlı olan informasiyalar kənara çıxmasın deyə sosial şəbəkə hesablarında özümə konfidensial və bağlı hesab da yarada bilərəm. Gənclərə də onu tövsiyə edirəm ki, birincisi, sosial şəbəkələrdə özünü təqdim etmə vacibdir. Bəzən bizə belə bir e-mail ünvanından məsələn, arsenal93@box.az, müraciət daxil olur. O ünvana baxan kimi anlayırıq ki, gənc hələ e-mail mədəniyyətini mənimsəməyib. Eynilə də sosial şəbəkələrdə, Çalışaq ki, özümüzü olduğumuz kimi təqdim etməyi bacaraq. Ən azından sosial şəbəkələrə ad və soyadımızla daxil olaq.

Gün ərzində ən azı 5-6 sayda dostluq təklifləri qəbul edirəm. Maksimum dərəcədə çalışıram ki, “Facebook”da tanıdığım və birbaşa ünsiyyətdə olduğum insanlarla dostlaşım.  Baxmayaraq ki, artıq dostluq limitini keçmişəm, tez bir zamanda hesablarını deaktiv edən insanları dostluq şəbəkəmdən çıxaracam ki, digər dostluq təkliflərini qəbul edə bilim. “Facebook”da ən aktiv millət vəkillərindən olan Aydın Mirzəzadəni izləyirəm, onun tələbələrlə İçərişəhərdə açıq havada dərs keçməsi çox maraqlı idi.

 

"Mark Zukerberq və onun kimi sosial şəbəkə icad edən şəxslər maraqlıdılar ki, insanların şəxsi məlumatlarına sahiblənə bilsinlər."

 

Sosial şəbəkələrin təhlükəsizliyinə, məlumatların qorunmasına nə dərəcədə inanırsız?

 

Sosial şəbəkələrdən nə üçün istifadə etdiyimizi, bu şəbəkələrin bizə nə qazandıracağını özümüz üçün mütləq tapmalıyıq. Mən “Facebook”, “İnstagram”, “Linkedln”, “Twitter”də aktiv hesabı olan istifadəçiyəm. Gənclərə hər zaman tövsiyə edirəm ki, şəbəkələrdən dəb xatirinə hesab açmasınlar. Sosial şəbəkələrdə istifadəçilərin mütəmadi bir zamanda müxtəlif viruslara yaxalandığını görürük. Bizə gələn hansısa bir mesajda təhlükə olduğunu hiss ediriksə 1-ci burda emosiayadan öncə ağıl işlətmək vacibdir. Mark Zukerberq və onun kimi sosial şəbəkə icad edən şəxslər maraqlıdılar ki, insanların şəxsi məlumatlarına sahiblənə bilsinlər. Qeyd edim ki, artıq sosial şəbəkə ekspertlərinin apardığı təhlil onu göstərir ki, Avropa və bir çox dünya ölkələri “Facebook”dan kənarlaşıb, daha çox “Twitter” istifadəçilərinə çevrilirlər. Çünki “Twitter”də mesajlaşmırsan və məhdud sayda olan simvola uyğun status yaza bilirsən. İstənilən halda sosial şəbəkələrdə özünü qorumaqda fayda var. Son nəticədə, sosial şəbəkə yaradıcıları milliyyəti azərbaycanlı olmayan şəxslərdir və fikrimcə, onlar üçün bizim ölkədə baş verənlər maraqlıdır.

 

“Elektron hökumət” haqqında fikirlərinizi oxucularımızla paylaşa bilərsiniz?

 

5 ildən çoxdur ki, Azərbaycanda qurulan “Elektron hökumət” dünya standartlarına yaxınlaşmağa doğru gedir. Bu sistem bir çox insanların qısa bir zamanda kağızdan istifadə etməməsinə gətirib çıxarır və bilavasitə ekologiyanın qorunması, həm də insanların vaxtının daha səmərəli istifadəsi deməkdir. “Elektron hökümətin” yaranmasında məqsəd şəffaflığın qorunması, bəzi dövlət qurumlarında süni əngəl yaradan məmurlardan azad olma, eləcə də xidmətlərin təkmilləşməsinə gətirib çıxarır. Bu sistemin tətbiqi birbaşa dövlət qurumlarının da üzərinə çox böyük məsuliyyət qoyur. Fikrimcə,“Elektron hökümət” şəffaflıq yaratmaqla təkmil bir idarəetmə strukturuna çevrilə bilir. 

 

Sizə görə ən böyük texnoloji kəşf nədir?

 

İnternetdir. Düşünürəm ki, bugünədək olan texnoloji kəşflər arasında interneti üstələyə biləcək informativ bir sistem yoxdur. Bu gün internet elə bir mərhələyə gəlib çatıb ki, onu vacib kəşf kimi qəbul etməyən insan yoxdur. Məncə, internet bu gün üçün hər şeydir.

 

Maraqlıdır, hansı texnoloji əşyanın sizin həyatınıza ciddi təsiri olub?

 

Bu bir çox özəllikləri olan smartfon telefonumdur. İlk telefonum “Samsung” D500 olub, o telefonu mənə dərslərimi yaxşı oxuduğum üçün atam hədiyyə etmişdir. Hazırki telefonum isə “iPhone”dur. Qeyd edim ki, telefon və ya bilgisayar vasitəsilə heç bir oyun oynamıram. Mobil telefonumda bütün şəxslərin ad və soyadını, çalışdığı qurumun adını yazıram. Məsələn, “Əfsanə Şükürova İrəli PU Mətbuat Katibi”. Heç tanımadığım insanların isə adını və gördüyü işi əlavə edirəm, “Elnur usta” və s. Nömrələri yaxşı yadımda saxladığım üçün zəng gəldikdə nömrənin kimə məxsus olduğunu dərhal anlayıram. Telefonuma qarşı çox həssasam, onu səssiz və ya sönülü saxlamıram, tez-tez internet paketimin tarixini yoxlayıram. Həmçinin mobil telefonumun 24 saat açıq olmasının tərəfdarıyam. Çünki işlərimlə əlaqədar gələn zənglərə və mesajlara operativ cavab vermək kimi bir məsuliyyətim var.

 

Elektron kitabxanadan istifadə edirsiniz? Sonuncu oxuduğunuz elektron kitab hansıdır?

 

Əslində, elektron kitabxanadan istifadə etmirəm, bunu da açıq şəkildə etiraf edirəm. Çünki kitabların kağız variantını oxumağa üstünlük verirəm. Hazırda oxuduğum kitab isə Orxan Fikrətoğlunun “Tülü” kitabıdır.

           

“e-PERSON” rubrikasının ənənəvi sualını Sizə də ünvanlayıram. Elə bir işiniz var ki, onu heç sevmirsiniz və məmnuniyyətlə robotlara həvalə edərdiniz?

 

 

Bəli, var. Əgər robotum olsaydı, avtomobilimi sürməyi ona həvalə edərdim. Maşın sürməyi heç sevmirəm və park etmə ilə bağlı həmişə ciddi problemlər yaşayıram.

 

Belə anladım ki, avtomobil ilə heç aranız yoxdur...

 

Özümü avtomobil həvəskarı adlandırmazdım. Avtomobil seçimim çox çətin olur. Çalışıram ki, alacağım maşın mənim şərtlərimə cavab versin, yəni komfortlu, smart tələblərə cavab verən, ekonom rejimdə işləyən və yüksək tələbləri olmayan bir maşın olsun. Avtomobil alarkən də yaponlara inandığım üçün onların istehsalına üstünlük verirəm. İlk avtomobilim Koreya istehsalı olan Hunday Sanata olub, hazırda isə Hondo Akkord sürürəm.

 

"İnsanlar azad şəkildə internetdən istifadə edirsə, bunu peşəkar şəkildə etməlidir."

 

 Sizcə, internetdən istifadəyə hansı məhdudiyyətlər qoyulmalıdır?

 

Bu suala konkret olaraq cavab verim ki, bəli qoyulmalıdır. Məncə, 18+ standartları, bizim bildiyimiz əngəlləmələr, ələxsusda, təhlükəsizlik kodekslərinə. Bizim internetdən aldığımız məlumatlar daha çox neqativə yönəlik informasiyalardır. Pozitiv informasiyalar ala bilmək imkanımız olsa da, neqativ xəbərləri oxumağa maraqlıyıq. Bildiyiniz kimi saytlara da daxil olduğumuz zaman neqativ xəbərlərin oxunma sayı pozitiv məlumatlardan çoxdur.

 

XV əsrdə yaşamış məşhur səyyah Manuel Vasko da Qamaya GPS naviqator sistemini necə izah edərdiniz?

 

GPS naviqator sistemini mən özüm də çox istifadə edirəm . Vasko da Qamaya  bunu izah etmək çətin olardı, mən düşünmürəm ki, onu inandıra bilərdim. Amma onun əlindəki kağız xəritəni elektron xəritə ilə uzlaşdırsaydım bəlkə də, o nə demək istədiyimi anlayardı.

 

 

Xaricdə olarkən Azərbaycan operatorlarının xidmətlərindən istifadə edirsiniz?

 

Xaricdə olanda, “Azercell”in bu yaxınlarda istifadəyə verdiyi çox yaxşı bir rominq paketi var, daha çox ondan istifadə edirəm. İnternet olduğu halda zəngə də ehtiyac olmur, çünki onlayn zəng və yazışmalara üstünlük verirəm.

Azərbaycan mobil operatorların qiymət paketləri bəlkə də,digər ölkələrlə müqayisədə daha yaxşıdır. Amma verdikləri xidmətdən o qədər də razı deyiləm. Bəzi bölgələrimizdə sürətli internet və şəbəkə tapmaq mümkün olmur. 

 

Zeynəb Əkbər

TED + bölməsindən digər xəbərlər

Daha çox