AZ

Sınız, yoxsa sız – o, dilimizin könüllü əsgəri, səhv edənlər üçünsə əsl FAŞİSTdir

1f9d3a9f2d2219092335624b236b58d6.jpg
19.12.2019 10:30

Sosial şəbəkələr, xüsusən Feysbuk artıq illərdir həyatımızın bir hissəsinə çevrilib. Evdə, işdə, gəzintidə, tətildə sözügedən platformanın imkanlarından yararlanır, müxtəlif məqsədlərlə istifadə edirik. Etdiyimiz paylaşımlarda bilərək və bilmədən müəyyən səhvlər, orfoqrafik yanlışlıqlara da yol verdiyimiz olur. Dünya praktikasında Feysbukda bu cür səhvlərə qarşı ciddi mübarizə aparan səhifələr var. Bu tip səhifələrdən biri də Feysbuk Azərbaycan seqmentində fəaliyyət göstərən “Grammar Azi” səhifəsidir.

 

Səhifəni idarə edən ixtisasca iqtisadçı olan Murad Hüseynov TED.az-a danışıb:

 

Bu tip səhifə yaratmaq ideyası necə yarandı?

 

Müxtəlif yazılarda buraxılmış səhvləri tapmaq cəhəti məndə çoxdan var. Bir dəfə orta məktəbdə Azərbaycan dili müəllimimiz bizə ictimai yazılarda, elanlarda, televiziyada buraxılan yazı səhvləri haqqında narazılıqla danışmışdı. Demişdi ki, hətta bir gün tənbəllik etməyib divardakı elanlardan birində mətndə buraxılmış səhvləri öz qırmızı qələmi ilə düzəldərək altında yağlı “2” yazıb. Bu əhvalat mənim yaddaşımda həmişəlik qaldı. 3 il bundan öncə isə Feysbukda dostlarımdan biri ən çox səhv yazılan sözlərin düzgün yazılış forması haqqında bir yazı paylaşmışdı, mən isə zarafatla şərhdə “Nə vaxtsa “Grammar Nazi” adlı səhifə yaratsan, məni də administrator kimi dəvət edərsən” yazdım. Həmin paylaşımın şərhlər bölməsində müzakirə zamanı bir nəfər yazmışdı ki, o bu mövzuda səhifə açıb, amma uğurlu olmayıb. Çünki səhifədəki izləyicilərin sayı 5000-i keçsə də, səhifədə fəallıq aşağı olub və səhvlər olan səhifələrin çoxu müvafiq paylaşımlara mənfi reaksiya göstəriblər. Mən isə bildirdim ki, gərək bu cür məzmunlu şərhləri və ya mesajları da səhifədə paylaşaydı. Bir müddət sonra Azərbaycan dili müəllimimin əhvalatı, həmin şəxsə verdiyim məsləhət məni bu səhifəni yaratmağa sövq etdi. Bundan öncə, 90000 nəfərlik başqa bir səhifəni idarə etdiyimə görə, yeni yaranmış səhifəni idarə etmək təcrübəsi məndə artıq var idi. Yalan deməyəcəyəm, ilk günlərdə səhifənin fəallığı çox aşağı idi. Bu, səhifədə paylaşımların aşağı intensivliyi və izləyicilərin sayının az olması ilə bağlı idi. İzləyicilərin sayı isə müxtəlif səhifələrdə yazdığım şərhlərin hesabına artdı. İlk olaraq yazıda səhv buraxmış səhifənin özünə bu barədə şərhlər bölməsində yazıram, müəyyən müddət ərzində səhv düzəldilməsə, həmin səhvi bu səhifədə yerləşdirirəm. Bu, səhifənin əsas iş prinsipidir. Ən çətin məsələ səhifəyə ad vermək oldu. Öncəki səhifə internet folkloru, “mem”lərlə əlaqəli olduğundan indiki səhifəyə də məhz həmin mövzuda ad verdim. Bu gün də səhifənin adı izləyicilər tərəfindən birmənalı qarşılanmır.

 

Səhifənin idarəçiləri arasında bu sahənin peşəkarları – dilçilər varmı?

 

Xeyr, yoxdur. Dövlət dilimiz Azərbaycan dilidir və bu dil bizə orta məktəbdə tədris olunur. Bir şagirdin orta məktəbdə aldığı təhsil onun üçün bu dildə səlis, səhvsiz yazmaq bacarığına yiyələnmək imkanı yaradır. Ona görə də səhifədə paylaşılan səhvləri görmək üçün, fikrimcə, dilçi olmaq labüd deyil. Məsələn, radioda, televiziyada müxtəlif mövzularda verilişlərin aparıcıları həmin mövzu üzrə ixtisaslaşmış mütəxəssis və ya elmi işçi olmaya bilər, amma verilmiş mövzu haqqında danışmaq, izləyicilərə düzgün məlumat vermək üçün kifayət qədər geniş biliyə sahib olmalıdırlar. Mənim mövzum da texnika, tibb, yol hərəkəti qaydaları deyil, Azərbaycan dilidir. Məktəbdə bizim sinif dil təmayüllü idi. Yəni həftə ərzində Azərbaycan dili, ingilis dili, rus dili bizim sinfə digər siniflərə nisbətən daha çox keçilirdi. Azərbaycan dili müəllimimiz öz işinə böyük məsuliyyətlə yanaşırdı. Bu üsuldan indi istifadə olunur, yoxsa yox, bilmirəm, amma bizdə Azərbaycan dili üzrə “Qayda” dəftəri vardı. Sözügedən dəftərə 5-ci sinifdən 11-ci sinfədək bizə keçilən bütün qaydalar yazılırdı. Həmin qaydaları əzbərləməli idik. Çoxunu indiyədək xatırlayıram. Tez-tez Azərbaycan dili dərsində müəllimimiz bizə sərbəst iş yazdırırdı. Özü də bir gün öncə bu barədə xəbərdarlıq etmədən.

 

 

Komandanızda neçə nəfər var?

 

Bir nəfər var, o da mənəm. Bəlkə də, səhifə haqqında yazarkən “bizim səhifə” və ya “izləyicimiz” sözündən istifadə etməyim elə bir fikir yaradır ki, səhifəni bir neçə nəfər idarə edir, amma bu, belə deyil. “Bizim səhifə” dedikdə özümü və səhifənin bütün izləyicilərini nəzərdə tuturam. Çünki səhifədə izləyicilərlə interaktivliyi həmişə yüksək səviyyədə saxlamağa çalışıram. Səhifənin effektivliyi izləyicilərin fəallığından birbaşa asılıdır və onunla düz mütənasibdir. Əslində, səhifənin fəallığı izləyicilərin sayından daha artıqdır. Hələlik müxtəlif materialları paylaşmaq, izləyicilərin müraciətlərinə, suallarına cavab vermək alınır, amma səhifə böyüdükcə müraciətlərin sayı da artır. Gələcəkdə səhifənin idarə olunmasında əlavə köməyə ehtiyac olsa, uyğun bir şəxs axtarmalı olacağam.

 

Hansısa qurumdan maliyyə dəstəyi alırsınızmı? Bəs bu kimi müraciətlər etmisinizmi?

 

Xeyr. Hələlik buna ciddi ehtiyac olmayıb. Müvafiq təklif də almamışam.

 

Səhifələrdə ən çox hansı qrammatik səhvlərə yol verilir?

 

Əlbəttə, orfoqrafik səhvlər və punktuasiya səhvləri olur. Orfoqrafik səhvlərdən ən çox “da” və “də”nin şəkilçi kimi bitişik və ya bağlayıcı, ədat kimi ayrı yazılması səhvini düzəltməli oluram. Bundan başqa, səhv yazılış forması yayılmış müəyyən sözlər də çoxluq təşkil edir. Punktuasiya səhvləri isə çox rəngarəng olur. Bu səhvlərdən ən çox rastıma çıxan cümlənin sonunda durğu işarəsi əvəzinə “smayl”ların qoyulmasıdır. Yazıda səhv buraxmaq problem deyil. Problem yazı müəllifinin səhvi bilərək buraxmasıdır. Məsələn, “bugün” formasında yazılış, “-sınız4” şəkilçisi əvəzinə “-sız4” işlənməsi və ya yazımızdan çoxdan çıxarılmış apostrofu xatırladan birli dırnaqdan istifadə olunması dediyimə misal ola bilər. Yəni bu hallarda müəllif müvafiq səhvi buraxmaqda israrlıdır, çünki onun fikrincə, əslində, belə yazılmalıdır. “Grammar Azi” səhifəsinin üslubu isə “əslində, belə yazılmalıdır” deyil, “belə yazılır” ideyasından ibarətdir. Çünki bu ideya izləyiciyə daha faydalıdır. Bu gün “bu gün” yazılır və “bugün” formasında yazılış səhvdir. Sabah qərar qəbul olunsa ki, “bugün” yazılır, mən də artıq belə yazılışı səhv kimi göstərməyəcəyəm. Hər şey bu qədər sadədir.

 

İrad bildirdiyiniz səhifələr əsasən hansı reaksiyanı verirlər?

 

Reaksiyalar çox müxtəlifdir. Əlbəttə, səhifəni yaradarkən bunun belə olacağını bilirdim və hazır idim. Səhifə kiçik olan dövrdə səhvləri göstərilən səhifələr buna heç bir reaksiya vermirdilər. İndi isə hər şey dəyişib. Paylaşım etməzdən öncə, həmin səhv haqqında şərhlər bölməsində yazıram və son zamanlar onlar qısa müddət ərzində düzəldilir, həmin yazını paylaşmağa ehtiyac qalmır. Paylaşılsa da, bir çoxu müsbət reaksiya verir, təşəkkür edərək səhvi düzəldir. Hətta elə səhifə idarəçiləri olur ki, özləri səhifələrinin yazılarına göz gəzdirməyimi xahiş edirlər.

 

Bəli, mənfi reaksiya verənlər də olur, amma heç vaxt səhv buraxılmış yazıya hər hansı əlavə münasibət bildirmirəm. Hamı səhv buraxa bilər. Səhv buraxılmış yazı da səhifədə ona görə paylaşılır ki, bizim səhifənin də izləyiciləri həmin səhvləri görərək məlumatlansınlar. Şəxsən mənim Azərbaycan dilinin qrammatikası üzrə ən yaxşı yadımda qalan qaydaların bir hissəsi nə vaxtsa buraxdığım səhvlərin sayəsində olub.

 

İzləyicilər bu sahədə sizə dəstək olurlarmı?

 

Bəli, buna görə onlara hədsiz dərəcədə minnətdaram. İzləyicilərin artması göstərilmiş yazı səhvlərinin düzəldilməsinə müsbət təsir edir. Məsələn, hansısa səhifənin və ya internet saytının yazısını paylaşdıqda, izləyicilərdən biri şərhlər bölməsində həmin səhifəyə, şirkətə aid olan bir tanışının adını qeyd edir ki, bu barədə müvafiq tədbir görsün. Elə izləyicilər də olur ki, yazını öz hesabında paylaşaraq dostlarına müraciət edir.

 

Gün ərzində izləyicilərdən səhifənin mesaj bölməsinə 10-dan çox yazı səhvi gəlir. İstəyirəm ki, Azərbaycan dilində səhvsiz yazı yazmaq və yazıları yoxlamaq adəti artıq bir dəbə, trendə çevrilsin. Ümid edirəm, bu trendin yavaş-yavaş yaranmasının şahidi olacağıq.

 

Bəs səhifənizə hansı iradlar tutulur?

 

“Azərbaycan dili haqqında səhifənin adı niyə ingilis dilindədir?” ən çox bu və buna oxşar cümlələrlə irad tuturlar. Səhifənin adı “Grammar Nazi” ifadəsindən götürülüb. İnternet folklorunda qrammatik səhvlərə çox həssas yanaşan insanlara deyirlər. İzləyicinin bunu anlaması üçün adı ingilis dilində saxlamışam.

 

Bəzən göstərdiyim səhvlərdə çox kiçik, önəmsiz məqamlara toxunduğumu da deyirlər, amma səhv səhvdir. Məsələn, “i” hərfini nöqtəsiz yazsaq, “ı” hərfinə çevriləcək. Mən özüm də səhifədə yazı yazarkən belə məqamlara fikir verirəm.

 

Sosial şəbəkələrdə monitorinq apararkən hansı qanunauyğunluq izlənilir?

 

Daha çox böyük və kifayət qədər tanınmış səhifələrin yazılarını yoxlayıram, amma bu, yeganə göstərici deyil. Yoxlanılan səhifənin mövzusu da önəmlidir. Müxtəlif şirkətlərin, təhsil mərkəzlərinin, televiziya kanallarının, tanınmış şəxslərin rəsmi səhifələri, elm, təhsil, idman, mütaliə xarakteri daşıyan səhifələr buna misal ola bilər. Səhifələri mövzu baxımından göstərilmiş qruplara bölsək, deyə bilərəm ki, rast gəldiyim səhifələr arasında ən çox yazı səhvi buraxan futbolla bağlı olanlardır.

 

Şəxsi hesablarda, qruplarda, şərhlərdə olan yazılar yoxlanılmır. Çünki hər bir insanın öz şəxsi hesabında və ya şərhində hansısa mövzu haqqında öz fikrini bildirmək hüququ var və bunun üçün dil üzrə mükəmməl qrammatik savada malik olmaq vacib deyil. Söhbət səhifədən gedirsə, məncə, paylaşım edən şəxs anlamalıdır ki, onun yazdığı yazını yüzlərlə, minlərlə izləyici görür. Həmin izləyicilərin içində bu yazını özünə nümunə, istinad yeri kimi götürənlər olur. Çünki səhifə böyükdür, ciddidir və izləyicilər həmin səhifəyə bir növ etibar edirlər. Səhifənin idarəçisi də, məsələn, inadkarcasına “bugün” yazdıqda düzgün yazılışdan xəbəri olmayan izləyici məhz həmin yazılışın doğru olduğunu düşünəcək və özü də elə yazmağa başlayacaq. Nəticədə səhv virus kimi yayılır. Ona görə də fikrimcə, səhifədə yazı paylaşan müəllif bu məsuliyyəti başa düşməlidir. İzləyici də öz növbəsində bunu müəllifdən tələb etməlidir.

 

Böyük, amma qeyri-ciddi səhifələrin də yazılarına nəzər yetirmirəm. Bundan öncəki cavablarımda bildirdiyim kimi, əvvəlcə səhvləri şərhdə qeyd edirəm, bir müddət sonra səhv düzəldilməsə, həmin yazını öz səhifəmdə yerləşdirirəm.

 

Monitorinqin nəticəsinə baxarkən hansı aylarda daha çox səhv qeydə alınır?

 

Bu fəaliyyət növü mövsümi xarakter daşımır. Yəni səhifələrin hansısa aylarda daha çox və ya az yazı paylaşmaları kimi bir amil yoxdur, amma xüsusi günlərdə, bayramlarda səhifələr bir-birinə oxşar yazılar paylaşır və bu da bəzən eyni səhvə yol verilməsinə gətirib çıxarır. Məsələn, Beynəlxalq Uşaqları Müdafiə Günündə bir çox səhifə həmin günün adını “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” kimi yazmışdı. Ona görə də yazıları yoxlayarkən ilk baxışdan o qədər də önəmli görünməyən məqamlara diqqət yetirmək lazımdır.

 

Azərbaycanda “Media Consulting and Services” analitik qrupu fəaliyyət göstərir. Onlarla əməkdaşlıq edirsinizmi?

 

Xeyr, onlarla əməkdaşlıq etmirəm.

 

Dilçilik İnstitutunun fəaliyyətindən razısınızmı? Bu qurumla hansı səviyyədəsə əməkdaşlıq edirsinizmi?

 

Dil canlı orqanizm kimidir – böyüyür, dəyişir, inkişaf edir. Onun necə, hansı istiqamətdə böyüməsinə isə dilin daşıyıcıları təsir edir. O da bizik. Yanıla bilərəm, amma, fikrimcə, Dilçilik İnstitutu dilimizin inkişaf perspektivlərini tədqiq edir. Yəni onların istinad nöqtəsi bizim dildən istifadə tərzimiz və müasir dövrdə dildən gözləntilərimizdir. Ona görə də bu məsələdə biz özümüzü bir kənara çəkib onlardan nəsə gözləməməliyik. Əlbəttə, Azərbaycan dilində hərə bir cür yazsa, dilin hansı istiqamətdə inkişaf edəcəyini də müəyyən etmək çətin olacaq. Dilimizdəki alınma sözlər tarix boyu bizim dilin hansı inkişaf yolunu keçdiyini göstərir. Bizim vəzifəmiz də Azərbaycan dilini gələcək nəsillərə dünənkindən daha gözəl və təmiz formada ötürməkdir. Biz isə bu gün Azərbaycan dilindən istifadə edərkən nədənsə xarici dillərdə istifadə olunan üsullara can atırıq. Rəsmi qəbul olunmuş qaydaları israrla pozuruq. Sözügedən problemi, əfsus ki, tam olaraq aradan qaldırmaq çətin işdir, amma əgər dilin daşıyıcıları dildən bu cür istifadə edirsə, bu amili nəzərə almadan Dilçilik İnstitutunun fəaliyyətini qiymətləndirmək, məncə, doğru deyil.

 

Hələlik Dilçilik İnstitutu ilə heç bir əməkdaşlığım olmayıb. Oradakı yoldaşların da bu səhifədən xəbəri var, ya yox, onu da bilmirəm. Amma bu yaxınlarda xəbər saytlarının birində Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın bu səhifəyə münasibəti haqqında yazı oxudum. Doğrudur, onun bildirdiyi fikrin bu səhifəyə nə dərəcədə aidiyyəti olduğunu anlamadım, amma səhifənin adının artıq digər saytlarda da yer almağına sevindim. Çünki o, internetdə müəyyən şəxslərin Azərbaycan dilində rəsmi qəbul olunmuş qaydaları dəyişməyi və onlara əlavələr etməyi haqqında danışmışdı, bizim səhifədə isə belə bir hal yoxdur. Yəni mən hansısa qaydaya özümdən əlavələr etsəm, izləyicilər bunu yerindəcə görəcək, etirazlarını bildirəcəklər. Hər bir izləyicinin internetə çıxışı var və doğruluğundan şübhələndiyi məlumatı yoxlaya bilər.

 

Yeni orfoqrafiya lüğəti hazırlanır. Bununla bağlı nə deyə bilərsiniz? Hansı irad və təklifləriniz var?

 

Bu tədbiri, əlbəttə, müsbət qarşılayıram, amma suallarım var. Həmin suallara cavabı isə yalnız lüğətin nəşrindən sonra ala biləcəyəm. Məsələn, yeni qaydaların birində qeyd olunub ki, mənbə dildə tərkibində “qq”, “ll”, “mm”, “pp”, “tt” samitləri olan Avropa mənşəli alınma sözlər bir samitlə yazılacaq: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s. Bəs “qrammatika” sözü necə yazılmalıdır? İş orasındadır ki, Azərbaycan dilinin Orfoqrafiya Normalarında alınma sözlərdə saitlərin yazılışı haqqında hissənin 2.4.2-ci bəndində "qrammatika" yazılıb. Əgər bu söz istisna xarakteri daşıyırsa, nəyə görə bu, sözügedən qaydada göstərilməyib? Yox, əgər həmin qayda yalnız sadalanan sözlərə aiddirsə, onda nəyə görə sadalanan misalların sonunda “və sair” yazılıb? Eyni sual “hippodrom” sözünə də aiddir.

 

Yaxşı tərəfi odur ki, artıq xüsusi isim kimi böyük hərflə və ya dırnaqda yazdığımız, transliterasiya forması üzrə mübahisələr apardığımız internet terminləri və sayt adları ümumi isim kimi verilib (məsələn: yutub, instaqram, bloger). Misal göstərilən sözlərə baxaraq belə qənaətə gəlmək olar ki, dilimiz müasir zamanın tələblərinə cavab verməyə doğru irəliləyir. Bundan öncə bildirdiyim kimi, dilin daşıyıcıları dildən necə istifadə edirsə, dil də həmin istiqamətdə inkişaf edir. Mən həm də məhz bizim dildə yeni sözlərin yaranmasını da istərdim. Bir dilə aid olan sözlər həmin dilin daşıyıcısı olan xalqın həyatı, mədəniyyəti haqqında məlumat verir. Məsələn, eskimoslarda, isveçlilərdə və digər şimal xalqlarında qar, maral mənalarını verən yüzlərlə söz var. Bu onların həyat tərzi, tarixi, mədəniyyətinə işarədir.

 

Sizə monitorinq üçün müraciət edənlər olurmu?

 

Bəli, özü də belə müraciətlərin sayı az deyil. Bu, çox müsbət haldır. Səhifədə paylaşılan yazıların düzgünlüyü səhifənin ən vacib keyfiyyət göstəricilərindən biridir, amma həm də anlamaq lazımdır ki, belə yazılarda səhv buraxmaq da qəbahət deyil. Bizim səhifənin yuxarısındakı örtük şəklində ata Senekanın “Səhv etmək insana xasdır” aforizmi də buna işarədir. Qeyd olunan səhvi sadəcə düzəltmək lazımdır. Özüm də bir neçə dəfə izləyicilərə bununla bağlı müraciət etmişəm ki, əgər yazımda səhv görsələr, mütləq bildirsinlər. Çünki mən səhifənin ideyasını təbliğ edən şəxsəm və buna riayət etməliyəm.

 

Monitorinq zamanı maraqlı, yaddaqalan, gülməli situasiyalarla rastlaşırsınızmı?

 

Səhifənin adıyla bağlı mənə ünvanlanan iradlar arasında ən yaddaqalanları “Grammar Azi” yox, “Qrammatik Azərbaycan türkü” və “Grammar Azi” yox, “Grammar ADNSU” olub.

 

Bir dəfə səhifələrdən biri “Sizcə bu fotoda nə çatmır?” başlığı ilə kənd evində soba şəkli paylaşmışdı. Mən isə şərhdə “Sizcə”dən sonra vergül çatmır” yazmışdım. Bu şərhi izləyicilərin çoxu gülüşlə qarşılamışdı.

 

Bu yaxınlarda tanışlarımdan biri bu səhifəni təkidlə məsləhət görmüşdü. Mən də dedim ki, səhifənin loqosu nasistlərin gerbinə oxşayır, adı ingiliscədir, bəyənmirəm.

 

Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox