Formula 1 maşınları - 8 pilləli ötürmə qutusu, 910 at gücü, ERS sistemi və daha nələr...

Bu günlərdə - 26-28 aprel 2019-cu ildə bütün dünyanın gözü Bakıda idi. Belə ki, ölkəmiz mötəbər bir yarışmaya – “Formula 1”ə ev sahibliyi etdi. Açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatı olan bu yarışlardakı maşınlar təkcə avtomobil həvəskarları üçün yox, hər kəsin böyük marağına səbəb olur. Həmin avtomobillərin texniki göstəricisi hamıya maraqlıdır. İzləyənlər bir-birinə belə suallar ünvanlayır: “Görəsən Hamiltonun idarə etdiyi maşının matoru neçə at gücündədir? Görəsən qarşıdakı döngə nə üçün bu qədər sərtdi? və s.”.
Biz də TED.az saytı olaraq Azərbaycan Texniki Universitetinin (AzTU) Avtomobil texnikası kafedrasının baş müəllimi Məsud Rüstəmbəyov ilə görüşdük və bu barədə söhbət apardıq.
Məsud müəllim, “Formula 1” maşınlarının texniki göstərciləri haqqında bir mühəndis kimi nə deyə bilərsiniz?
Bu avtomobillər 80.000 detalın birləşməsindən yaradılır. “Formula 1” avtomobillərinə 1,6 litrlik V6 turbo mühərriki, ERS (Energy Recovery Systems) sistemi quraşdırılıb. Bu sistem avtomobillərə əlavə 160 at gücü verir ki, bu da daha sürətlə hərəkət etmək və qələbə baxımından önəmlidir. Nəqliyyat vasitəsində 8 pilləli ötürmə qutusundan istifadə edilir.
Bəs nəyə görə məhz 8 pilləli ötürmə qutusundan istifadə edilir?
Yarışın yalnız gərgin və maraqlı deyil, eyni zamanda təhlükəsiz və ümumi normalara uyğun bir şəkildə təşkilini təmin etmək lazımdır. Bu səbəbdən məhz bu tipli ötürmə qutusundan istifadə edilir. 8 pilləli ötürmə qutusu sərt döngələri dönməyə, daha artıq sürət yığmağa və qalib olmağa əlavə şans yaradır.
Formula 1 avtomillərinin Mühərrik sistemi haqqında daha ətraflı məlumat verə bilərsiniz?
Nəzəriyyədən bildiyimiz kimi, 3 formalı mühərriklər var: Uzun formalı, qısa formalı və kvadrat formalı mühərriklər. Bu avtomobillərdə uzun formalı mühərriklərdən istifadə edilir. Mühərrikin çəkisi 145 kq-dır. Sürətinin 0-dan saatda 100 km-ə qədər olması təxminən 3 saniyə çəkir. Yeri gəlmişkən deyim ki, Bakı Şəhər Halqasında maksimal sürət saatda 366 kilometr olub.
Nəyə görə məhz uzun formalı mühərriklərdən istifadə olunur ?
Çünki, bu tipli mühərriklərin dirsəkli valı digər tiplərdən fərqli olaraq dəqiqədə 15.000 dövr edir. Adi avtomobillər mühərriklərində isə bu 10.000 hətta, 8.000-dir. Bu mühərriklərdə yağ çəni yoxdur. Quru karterdir, bu da ağırlıq mərkəzinin aşağıda olmasına səbəb olur.
Bildiyimiz kimi bu avtomobillərə ERS sistemi quraşdırılıb. Bu sistemin özəllikləri nədən ibarətdir?
ERS sisteminin 2 növ mühərrik generator vahidi var. Motor Generator Unit-K (MGU-K) və Motor Generator Unit-H (MGU-H). Hər ikisində elekrik mühərriki var. Motor generator mexaniki və istilik enerjisini elektrik enerjiyə çevirir. ERS sistemi istilik enerjisini həm işlənmiş, həm də əyləclərdən istifadə edir və enerji blokunun səmərəliyini kəskin şəkildə artırır. Bu da avtomobilin daha sürətlə hərəkət etməsini təmin edir. ERS sistemi, əvvəldə qeyd etdiyim kimi, həm də mühərrikə əlavə 160 at gücü verir. Bu da toplam 910 at gücü edir. (750+160)
Bu avtomobillərin təkərləri haqqında nə deyə bilərsiniz?
Təkərlər metallardan hazırlanır. Ön təkərlərin eni 35.5 sm-dən çox olmamalıdır. Minimum 30.5 sm, arxa təkərlərin eni isə minimum 36.5 sm və 38 sm-dən çox olmur.
Qeyd edək ki, Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisinin qalibi 1:44.757 nəticə ilə “Merdeces” komandasının pilotu Valteri Bottas olub. Yarışı ikinci yerdə daha bir “Mercedes” pilotu Luis Hamilton bitirib. 3-cü yerin qalibi isə “Ferrari” Komandasının pilotu Sebastyan Fettel olub.
Yarışda 10 komandanın heyətində 20 pilot yarışıb. "Formula-1" yarışları Azərbaycanda 2016-cı ildən keçirilir.
Aida Şirəliyeva