Klon telefonlar: Biri Bərdədə, digəri isə Londonda – Sizin telefonunuz KLON deyil ki?

Artıq 6 ildir ki, Azərbaycanda dövlət tərəfindən telefonların İMEİ kodu qeydiyyata alınır. Bəs İMEİ kod nədir? İMEİ kodu necə öyrənmək olar? Vətəndaş üçün bunun əhəmiyyəti nədir?
TED.az-ın bu istiqamətdə suallarını Nəqliyyat, Rabitə və Yüksək Tenologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Emin Novruzov cavablandırıb.
Emin müəllim, bəzən deyirlər ki, telefon qutusu üzərində olan İMEİ kodu yanlışdır. Bəs doğrusunu necə əldə etmək olar?
“Bu bizim böyük problemlərimizdən biridir. Hətta bununla bağlı vətəndaşlardan çoxlu şikayətlər alırıq. Məlumdur ki, telefonun İMEİ nömrəsi qutusunun üzərində, "batareya"nın arxasında yazılmış olur, həmçinin telefonun ekranına *#06# yazmaqla əldə etmək mümkündür. Telefonun ekranında *#06# şifrəsini yığarkən gələn kodla, qutu üzərində olan kod bəzən tamam fərqli olur. Odur ki, qutu üzərindəki koddan istifadə edib qeydiyyatdan keçmək məsləhət deyil. Buna görə də vətəndaşlar istənilən halda *#06# şifrəsi ilə İMEİ-ni yoxlasın. Bu yolla telefonun ən düzgün İMEİ nömrəsini əldə etmək olar. Cünki, bəzən olur ki, satış məntəqələrində telefonu qutusundan çıxarıb başqa qutuda alıcılara təqdim edirlər. Bəzən eyni anda bir neçə telefon satarkən, satıcılar telefonu yoxlayan zaman qutularını səhv sala bilirlər və beləliklə telefonun orijinal İMEİ kodu səhv düşür. Bu da ciddi problemlər yaradır.
Vətəndaşlara tövsiyyəmiz odur ki, birmənalı olaraq mobil çihazlarını qeydiyyatdan keçirmək üçün telefonun ekranından *#06# şifrəsini yığıb, orda görünən İMEİ kodu sistemə daxil etsinlər”.
Bəzən yüksək səviyyədə hazırlanmış saxta telefonlar bazara çıxarılır, belə telefonların İMEİ kodu olurmu?
“Qeydiyyatdan keçirilən telefonların İMEİ kodu Beynəlxalq CSM Assosasiyanın bizə verdiyi məlumatlar əsasında yoxlanılır. Hər bir telefon şirkəti beynəlxalq assosasiyadan toplu şəkildə İMEİ kod alır və bunları istehsal etdiyi telefona daxil edir. Çin istehsalı olan telefonların içərisində yalnız birlərdən ibarət İMEİ kod yazılmış olur. Əlbəttəki bu telefonların qeydiyyata alınması mümkün deyil. Buna klonlaşma deyilir. Bəzən isə bir telefonun İMEİ kodunu basqa bir telefona yazırlar. Belə olduqda bir İMEİ kod 2 fərqli telefonda aktiv olur. Bununla bağlı artıq tədbirlər görülməyə başlanılıb.”
Klon İMEİ-li telefonların aşkar edilməsi mümkündürmü?
“Bunun tapılması üçün müəyyən həllər var. Məsələn, aldığımız məlumatda görürük ki, 5 dəqiqə aralıqla bir İMEİ-dən 5 nömrə daxil olur. Bəzən bu normal ola bilir. Məsələn, mağazada bu müddət ərzində telefona 5 nömrə taxıb-çıxarıla bilər. Ancaq bunun müəyyən araşdırma müddəti var. Baxırıq ki, biri Bərdədən çıxır, biri Gəncədən, digəri Londondan və s. Aydındır ki, belə bir şeyın olması qeyri normaldır. Bu zaman əmin olmaq olur ki, bu klondur. Bunu bağlamaq üçün biz İMEİ ilə məhdudiyyət tətbiq edə bilərik. Lakin məhdudiyyət tətbiq etdiyimiz zaman bütün hamısı bağlanacaq. Çünki, operator İMEİ kodu əsasında telefonun qeydiyyatını edir və onu işlək vəziyyətə gətirir. Bəzən elə hallar olur ki, bizə oğurluqla bağlı müraciət edirlər. Bildirirlər ki, telefonum oğurlanıb istəyirəm ki, bağlayım. Bu zaman siyahıya baxırıq ki, görək həmin telefon klon olunanların siyahısındadı, ya yox. Əgər siyahıda olarsa biz onu bağlamırıq, çünki bu zaman həmin İMEİ kodla qeydiyyata alınan digər telefonlar da bağlanacaq. Bu zaman da vətəndaşlar bizə şikayət edəcəklər”.
Tutaq ki, telefonumu itirmişəm, İMEİ koda əsasən bağlatmaq istəyirəm, bunun üçün nə etməliyəm? Telefon tapıldıqdan sonra onu yenidən açdırmaq üçün hansı addımlar atmalıyam?
“Bunun üçün ilk öncə polisə yaxınlaşıb şikayət ərizəsi yazmaq lazımdır. Daha sonra polis bizə müraciət edir və biz həmin telefonu itirilmiş telefonlar siyahısına əlavə edirik. 24 saat ərzində telefon bağlanır, istifadəsi mümkün olmur. Bu vaxt kimsə telefona nömrə taxıb istifadə etmək istəsə, dərhal “Telefon itirilmiş kimi qeydiyyata alınmışdır. Zəhmət olmasa yaxınlıqdakı polis bölməsinə təqdim edəsiniz” mövzulu SMS daxil olur. İtirilmiş statusunun əhəmiyyəti elə bundan ibarətdir. İtmiş telefon tapıldıqdan sonra onu açdırmaq üçün həmin qaydada polisə müraciət olunur, polisin bizə müraciətindən sonra telefonu itirilmiş statusundan çıxarırıq. Bunan sonra vətəndaş öz telefonundan istifadə edə bilir”.
Qutusu olmayan və İMEİ-i unudulan, itmiş telefonların bağlanılması necə həyata keçirilir?
“Qutusu olmayan itirilmiş telefonlar üçün vətəndaş bizə (Məlumat Hesablama Mərkəzinə - red.) şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər. Bu vaxt biz onun adında qeydiyyatda olan İMEİ-lərin siyahısını veririk. Vətəndaş İMEİ siyahının içərisindən modelinə, alınma tarixinə və bu kimi digər xüsusiyyətlərə görə, itən telefonun İMEİ kodunu müəyyən edir və həmin İMEİ kodu polisə təqdim edir. Polis də öz növbəsində lazımı proseduru həyata keçirmək üçün bizə müraciət edir.
Vətəndaşların nəzərinə onu da çatdırmaq istəyirəm ki, İMEİ kodu öyrənmək üçün əlavə bu prosedurdan istifadə etməmələri üçün, istifadə etdikləri müddətdə aldıqları telefonun qutusunu atmasınlar, yaxud telefonun ekranında gördükləri İMEİ kodu bir yerdə qeyd etsinlər”.
Mobil telefonların qeydiyyatdan keçirilməsinin vətəndaş üçün əhəmiyyəti nədir?
“Mobil cihazların qeydiyyat sisteminin yaradılması vətəndaşların mobil cihazlardan tam rahatlıqla istifadə etməsinə şərait yaradır.
Oğurlanmış cihazlardan istifadəsinin qısa müddət ərzində dayandırılması, əhalinin vahid bir mərkəzə müraciət etmələri üçün mobil cihazların qeydiyyat sistemi çox əhəmiyyətlidir. Araşdırmalar zamanı məlum olub ki, dünyanın bir çox ölkələrində oğurlanmış mobil cihazlar müxtəlif yollarla Çin Xalq Respublikasına, Tailand, Malayziya, Birləşmiş Ərəb Əmirliklərinə və s. digər ölkələrə gətirilir və burada həmin cihazlar üzərində müxtəlif yenilənmə əməliyyatları aparıldıqdan sonra təkrar istismar üçün qeydiyyat sistemi olmayan ölkələrə, o cümlədən Azərbaycana da ixrac edilirdi. Bu tip mobil cihazların isə texniki parametrləri standartlara uyğun olmur, keyfiyyət əmsalları aşağı olur və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayırlar. Mobil cihazların qeydiyyat sistemi belə cihazların ölkəyə idxalının qarşısını alır. Artıq ölkə ərazisindəki mobil operatorlar öz şəbəkələrində həmin mobil cihazların istismarına məhdudiyyət tətbiq edir. İtirilən və ya oğurlanan mobil cihazlardan istifadə dayandırılır və oğurlanmış mobil cihaz qısa müddətdə lazımsız əşyaya çevrilir. Nəticədə mobil cihazların oğurluq halları aradan qalxır”.
Sona Nərmanqızı