AZ

Azərbaycanda illər üzrə avtomobil dəbi – SİYAHI  

7f533d6d3caf4ef32071f7c71e4e36cc.jpg
13.03.2020 16:56

Avtomobil gündəlik həyatımızda bizim ən yaxın köməkçimizə çevrilib. Bu proses hələ, 40-50 il bundan öncə başlayıb. Müasir avtomobillərlə eyni iş prinsipinə əsaslanan ilk avtomobillər XIX əsrdə yaradılsa da, bu texnikanın populyarlaşması və kütləvi istifadəsindən çox vaxt keçməyib – təxminən 40-50 il.

 

Məlum olduğu kimi benzinlə hərəkət edən ilk avtomobil Karl Benz tərəfindən 1886-cı ildə yaradılıb. Bu maşın müasir dövrümüzdə istifadə edilən avtomobillərdən fərqli olaraq, daha çox üçtəkərli velosipedə bənzəyirdi.

 

 

Azərbaycanda illərə görə hansı avtomobillər dəbdə olub?

 

Nəqliyyat eksperti Ərşad Hüseynov TED.az-a bildirib ki, Azərbaycanda avtomobil sənayesi İkinci Dünya Müharibəsindən əvvəl inkişaf etməyə başlayıb: “Müharibə vaxtı hər şey hərbə yönəldiyi üçün vəziyyət bir az dəyişdi. Amma 1950-ci illərdən başlayaraq yüngül sənaye, o cümlədən avtomobil sənayesi inkişaf etdirildi. SSRİ-nin özündə avtomobil istehsal olunurdu, amma xaricdən də maşınlar gətirildi. 1970-ci illərdə VAZ zavodu yaradılana qədər bir neçə firma dəbdə idi. Bunlara Volqa, QAZ,  Zil, Moskviç, Zaparoji-ni misal göstərə bilərəm. O vaxtlar biznesmen və milyarderlər yox idi, ən dəbdə olan avtomobillər məmurların olurdu. Həmin maşınlar daha çox Zil-in müxtəlif modelləri olurdu”.

 

Ə.Hüseynov 1970-ci illərdə VAZ zavodunun italiyanların köməyi ilə yaradıldığını qeyd edib: “Lada yaradıldıqdan sonra Sovet dövründə ən çox onun modelləri dəbdə oldu”.

 

1950-ci illərdə – QAZ 21 modeli ən məşhur maşınlardan idi. Daha sonra QAZ 24 bazara təqdim edildi. Hətta deyərdim ki, SSRİ dağılana qədər bu QAZ-ın modelləri dəbdən düşmədi”.

 

 

1970-1980-ci illər – “Daha çox VAZ 21011, 2101, 2103, 2105, 2106 modellər dəbdə idi. Bu avtomobillərin özəlliyi kütləvi sürətdə vətəndaşlara satılmasında idi. Paralel olaraq, həmin dövrdə ən prestejli avtomobillər QAZ modelləri idi. VAZ-dan əvvəl məşhur QAZ modelləri məşhur idi.

 

 

Bundan əlavə, hələ yolsuzluq avtomobilləri də Sovet dövründən istehsal olunmağa başladı. Onlardan ən məşhurları UAZ markalı avtomobillər idi. Bu avtomobillər indi də istehsal olunur”.

 

1970-ci illərin ortaları – “Bu illərdə məşhur Niva modeli dəbə düşdü. Niva da, həmçinin yolsuzluq avtomobili hesab olunur. Nivanın üstün cəhəti həm şəhərdə, həm də dağlarda sürülə bilməsində idi”.

 

 

1980-ci illər – “Populyar avtomobil isə Moskviç idi. Bu dönəmlərdə QAZ 21 modelinin avtomatötürücü modelləri də dəbə düşdü. Amma bu maşınlar kütləvi sürətdə istehsal olunmurdu. Tək-tük sayda istehsal olunan avtomatötürücü qutusu olan QAZ 21 modelini ölkədəki ən məşhur adamlar istifadə edirdi”.

 

 

Ə.Hüseynov müstəqillik illərindən də danışıb: “Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra, artıq xarici ölkələrdən də avtomobil gətirilməyə başlandı. Müstəqillik qazanmamışdan əvvəl, Azərbaycanda çox nadir hallarda qərbdən gətirilən maşınlar görmək olardı. 1990-cı illərdən sonra ABŞ, Yaponiya, Türkiyə və digər ölkələrdən Azərbaycana avtomobillər gətirildi. Bu dövrün ən məşhur avtomobillərində biri Mercedes modelləri idi. Daha çox ikinci əl Mercedes-lər ölkəyə gətirilirdi. Türkiyədən Azərbaycana gətirilən avtomobillər arasında 2 model çoxluq təşkil edirdi – Tofaş və Reno”.

 

 

2000-ci ildən sonra – “Artıq avtomobilləşmə dövrü başladı. 2010-cu ildən başlayaraq, elə vaxt olub ki, ildə Azərbaycana 100 mindən çox avtomobil gətirilib. Bu dönəmlərdə Toyota, Nissan markaları dəbə düşdü”.

 

Müasir dövr – “İndi daha populyar hibrid avtomobillər və elektromobillərdir. Hibrid avtomobillər daha çox 2018-ci ildən dəbə düşdü. Bu avtomobillərin mühərrik həcminin kiçikliyi yanacaq sərfiyyatını minuma endirir. Bu da istifadəçilər üçün olduqca əlverişlidir. Azərbaycanda daha çox Toyotanın hibrid modelləri dəbdədir”.

 

 

 

Nuranə DAXİLQIZI

TED + bölməsindən digər xəbərlər

Daha çox