AZ

Onlayn ticarət necə tənzimlənir? – EKSPERT RƏYİ

7ebca5d61558eb104f2fe994bac50dfe.jpg
10.04.2020 19:59

Bu gün ərzaqdan tutmuş elektrik avadanlıqlara qədər müxtəlif növ məhsulları onlayn şəkildə almaq mümkündür. Əksər dünya ölkələrində olduğu kimi, artıq Azərbaycanda da elektron ticarətə olan tələbat hər gün artmaqdadır. Dünyada cərəyan edən "COVID-19" pandemiyası dövründə tətbiq edilən karantin rejimində insanlar, xüsusilə onlayn alış-verişə üstünlük verir. Lakin ölkəmizdə yeni-yeni inkişaf edən e-ticarət müştərilərdə bir sıra suallar doğurur. Məsələn, ənənəvi ticarət zamanı müştəri mağazadan aldığı məhsulu kassa çekini saxlamaqla 14 gün içərisində geri qaytara bilər. Bəs bu sistem onlayn platformalarda necə tənzimlənir? 


Diqqətinizə çatdıraq ki, onlayn mağaza müştəriyə aldığı əşyanı vermək üçün əlavə çatdırma xərci də çəkir.


Mövzu ilə bağlı TED.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bildirib ki, son günlər daha da aktuallaşan elektron ticarət və bu münasibətlərdən törəyən hüquqi mübahisələr zaman keçdikcə durmadan artmaqdadır: "ABŞ iqtisadiyyatında 75%, Qərbi Avropda həyata keçirilən ticarətin 60%-i məhz elektron qaydadadır. "Elektron ticarət haqqında" qanuna əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Yəni bu, hansısa xidmət və ya məhsulun satıcı ilə birbaşa ünsiyyətdə olmadan, internet vasitəsilə satın alınmasıdır. Bunun üçün müştəri satıcının veb-saytına daxil olaraq almaq istədiyi məhsul və ya xidməti seçməlidir. Ödəniş edildikdən, yəni məhsul və ya xidmətin haqqı müştərinin kart hesabından satıcının bank hesabına köçürüldükdən sonra satıcı alınmış məhsul və ya xidməti müştəriyə çatdırmalıdır, yaxud çatdırılma zamanı ödəniş həyata keçirilməlidir. Mövcud qanunvericilikdə tərəflərin – alıcı və satıcının hüquq və vəzifələri göstərilib". 


R.Qaraşov qeyd edib ki, ölkəmizdə elektron ticarətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) tələb olunmur: "Sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən vergi ödəyicisi elektron ticarətlə də məşğul ola bilər. Ənənəvi ticarətdə olduğu kimi, burada da müqavilə bağlamaq, qəbz almaq mümkündür. Bütün qaydalar eynidir. Sadəcə elektron vasitədən istifadə edilməklə həyata keçirilir. Alınan malın qaytarılması məsələsinə gəldikdə isə bunun üçün mülki qanunvericilikdə göstərilən əsaslar olmalıdır. İstifadə edilib yararsız vəziyyətə gətirilmiş mal təbii ki, geri qaytarıla bilməz. Alınan malda qüsur və ya saxtalaşdırma halları aşkarlanarsa, istehlakçı satıcıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

 

 


– qüsuru olan malı lazımi keyfiyyətli mala dəyişdirməyi;


– satış qiymətini uyğun məbləğdə azaltmağı;


– malın qüsurlarının icraçının, satıcının, istehsalçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;


– malın həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;


– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini".


"Alıcı tərəfindən əldə edilmiş lazımi keyfiyyəti olmayan malın dəyişdirilməsi zamanı mal yalnız istifadə olunmadığı, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal, yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıldığı halda dəyişdirilə bilər", – deyə vəkil əlavə edib.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, həm elektron ticarətdə, həm də ənənəvi ticarətdə alınan məhsul alıcının tələbatını ödəmirsə, kassa çeki qalmaqla və malın xüsusiyyətləri pozulmamaq şərtilə alıcının onu dəyişdirmə və qaytarma hüququ var: "Elektron ticarət haqqında" qanuna görə, alıcı 5 gün müddətində alınan əşyanı geri qaytara bilər. Qanunvericiliyə əsasən, bu çatdırılma xidməti də satıcının vəsaiti hesabına olmalıdır. Lakin qeyd edim ki, istehlakçıların hüquqlarının müdafiəsinə dair qanunlarda çoxlu sayda məntiqsiz nüanslar var. Bu qanunlar arasında bəzən qanuni olub məntiqli olmayan, bəzən isə əksinə məntiqli olub qanuni olmayan məqamlar var. Bu da Nazirlər Kabinetinin "Dəyişdirilməyən və qaytarılmayan" mallar siyahısında özünü daha ciddi göstərir. Məsələn, Nazirlər Kabinetinin qərarında yazılıb ki, ərzaq mallarının pulu ödənilibsə və dükandan çıxarılıbsa, o dəyişdirilə və ya qaytarıla bilməz. Belə çıxır ki, alıcı mağazaya qazan aparıb yağın keyfiyyətini və ya qoxusunu yoxlamalıdır? Bu qanunidir, lakin məntiqli deyil. Qaytarılan mallar siyahısında kitabların da yer alması, ümumiyyətlə, düzgün deyil. Kitab alınıbsa, gərək qaytarılmasın. Qızıl isə alınıbsa, vəllasam. Qızıl nə qaytarıla nə də dəyişdirilə bilər". 

 

 

 

 

Zeynəb ƏKBƏR

TED + bölməsindən digər xəbərlər

Daha çox