AZ

12 illik təhsilə keçilə bilərmi? 
 

138e0c536f608a17296de779eb775ed8.jpg
01.05.2020 16:57

Pandemiyaya görə, tədrisin dayandırılmasından sonra sosial şəbəkələrdə buraxılan dərslərin kompensasiyası ilə bağlı müxtəlif təkliflər verilir. Maraqlıdır, yaranan vəziyyətlə əlaqədar əksər ölkələrdəki kimi 12 illik təhsil sisteminə keçilə bilərmi?

 

TED.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib ki, məktəbəhazırlıq ümumtəhsilin bir səviyyəsi kimi qəbul edilirsə, artıq 12 illik təhsilə keçmiş sayılırıq.


O qeyd edib ki, əvvəl ümumi təhsil sisteminin mərhələləri kimi ibtidai, orta və tam təhsil olmaqla 11 il nəzərdə tutulurdusa, artıq məktəbəhazırlıq müddəti olan bir il də bu sistemə əlavə olunub: "12 illik təhsilə keçidlə bağlı müxtəlif yanaşmalar bu günün məsələsi deyil. Son illərdə ən çox gündəmə gələn, ekspertlər və ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayan məsələlərdəndir. Digər məqam isə məsələyə rəsmi yanaşmalarla əlaqədardır. Artıq məktəbəhazırlığa da təhsilin bir səviyyəsi kimi baxa bilərik. Bu, qanunda öz əksini tapıb. Bəs bu, 12 illik təhsil sisteminə keçiddir? Düşünürəm ki, boloniya prosesinə qoşulmuşuq, dünya təhsil sisteminə inteqrasiya edirik, uşaqların inkişaf sürətini də nəzərə alırıqsa, təhsilin fasiləsizliyi prinsipindən çıxış edərək gec-tez bu məsələni həll etməliyik. Buna hansı formada keçəcəyik? Bax, bu hələ konkretləşməyib". 

 

N.İsrafilov qeyd edib ki, 5 yaşlıların da təhsilə bu şəkildə cəlbi şərti olaraq 12 illik təhsilə keçidin başlanğıcı hesab edilə bilər: "Ancaq başqa bir təşəbbüs də var: təmayül siniflərini 11-12-ci siniflərdə davam etdirmək olar. Məsələ burasındadır ki, ümumi orta təhsildə ümumi bütün biliklər verilir. Tam orta təhsildə ixtisaslaşma özünü göstərməlidir. Yəni bu sistem Avropa standartlarına uyğun olsa da, çoxları hələ də onun əlavə bir il vaxt itkisi olduğunu düşünürlər. Bununla belə, hələ “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək 12 illik təhsil sisteminə keçid nəzərdə tutulub. Ölkə başçısının 2013-cü il oktyabrın 24-də imzaladığı “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”na əsasən isə Azərbaycanda onillik ümumi orta təhsil və iki illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə 12 illik ümumi təhsil sistemi yaradılması xüsusi vurğulanıb".

 

O həmçinin bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, ölkədə 12 illik ümumi təhsilə mərhələli keçidə başlanıb: "Bu barədə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir. Qeyd olunur ki, 12 illik təhsil ümumi təhsilin son iki ilində təmayülləşməni nəzərdə tutur".

 

 

N.İsrafilovun sözlərinə görə, 12 illik təhsilə keçidin zəruriliyi  hər şeydən əvvəl Dünya Təhsil Forumunda 12 illik təhsilin minimum standart kimi tətbiq olunması barədə deklorasiya layihəsində bu məsələnin öz əksini tapması ilə şərtlənir: "Hazırda bu sistemi tətbiq edən ölkələrin dünya üzrə çoxluq təşkil etməsi də beynəlxalq təhsil sisteminə inteqrasiya baxımından bu keçidi zəruri edir. Digər tərəfdən, 12 illik təhsilə keçid tədris, eləcə də fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edəcək. Bundan əlavə, Strategiyanın müəyyən etdiyi istiqamətlərə əsasən, təhsilin məzmunca yeniləşməsi, təmayülləşmə və ixtisaslaşmanın həyata keçirilməsi, təhsil proqramlarının artıq yükləmələrdən azad olunması kimi  məsələlərin həlli də qaçılmazdır. Uzun müddətdir, ölkəmizin 11 illik ümumi təhsilində 4+5+2 modeli tətbiq edilir. "Təhsil haqqında" Qanuna görə, 9 illik ümumi orta təhsil icbari elan olunduğundan 12 illik təhsilə keçid zamanı məhz ümumi orta təhsil səviyyəsinin müddətinin 1 il artırılaraq 10 il müəyyən edilməsi və beləliklə də 12 illik ümumi təhsilin 4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğun hesab edilib. Bu, yalnız icbari ümumi orta təhsillə kifayətlənən şagirdlərin fənlər üzrə bilik və bacarıqlara  yiyələnməsinin səmərəliliyini xeyli artıra bilər".

 

O bu məsələdə dünya təcrübəsindən də bir neçə nümunə gətirib: "Kanada, Fransa, Hollandiya və Çexiyada ümumi təhsilin 14, Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13, ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə 12 illik modeli, Almaniya, Fransa və s. kimi ölkələrdə ibtidai təhsilin 6, bizdə isə 4 illik sxemi tədbiq olunur. Deməli, əlavə bir ilin ibtidai təhsil pilləsinə əlavə olunması təqdirəlayiq hal sayıla bilər.

 

Bir halda ki, 9-cuları buraxılış sinfi etmişik, məktəbə hazırlığı əsasən məktəblərdə həyata keçiririk, belə çıxır ki, biz məktəbə hazırlığı da ibtidai təhsil pilləsinə əlavə etməklə, 12 illik təhsilin 5+4+3 sxeminə keçmişik. Halbuki, 5+5+2 modeli daha səmərəli effekt verə bilərdi. İstənilən halda düşündürücü məsələdir. Bununla belə, 12 illik təhsil sisteminə keçidə mexaniki dəyişiklik kimi baxılmamalıdır. Bu çox mühümdür. 12 illik təhsilə keçidə sadəcə məktəb illərinin artırılması kimi, mexaniki keçid xətrinə deyil, seçilən yolun təhsil sisteminin keyfiyyətinin yüksəldilməsində düzgün yol olduğuna inam vasitəsi kimi baxmaq lazımdır..."

 

Lamiyə SÜLEYMANLI

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox